18 noyabr 2024 13:13
180

Bakıda iqlim dəyişmələri mövzusunda müsabiqənin açılış mərasimi olub FOTO

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 18-də Sumqayıt Dövlət Universitetinin və Oksford Universitetinin (Said Business School) təşkilatçılığı ilə “İqlim dəyişikliyi çağırışı” mövzusunda müsabiqənin açılışı olub.

“İki sahil” xəbər verir ki, tədbirin moderatoru, Oksford Universitetinin əməkdaşı Cozefin Faukes çıxış edərək müsabiqə haqqında ətraflı məlumat verib.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə vurğulayıb ki, hamımızın həyatına təsir edən iqlim dəyişikliyi probleminin həlli cəsarətli ideyalar, güclü maliyyə dəstəyi, tərəfdaşlıq və qətiyyətli fəaliyyət tələb edir. “İnanıram ki, bu ruhlandırıcı təşəbbüs təhsil və innovasiyanın müasir dövrdə üzləşdiyimiz ən aktual problemlərdən biri olan iqlim dəyişikliyi problemini necə həll edə biləcəyini vurğulayacaq. Bu gün biz daha yaxşı və davamlı gələcək qurmaqda gənclərin yaradıcılıq əzmini görürük. Həm ekoloji fayda, həm də iqtisadi gəlir əldə etmək məqsədlərinə nail olmaqda güclü maliyyə dəstəyi vacibdir. Bu sərmayələr enerji keçidinin təkcə iqtisadi və siyasi layihələrlə bağlı deyil, həm də uzunmüddətli rifahımız üçün əsas olduğuna dair dərin inamı əks etdirir”, - deyə Kənan Kərimzadə bildirib.

Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov müsabiqənin iqlim dəyişmələri mövzusunun təhsilin prioritet hədəfləri sırasında yer almasına dair çağırış olduğunu diqqətə çatdırıb. Müsabiqəyə Azərbaycan məktəblərindən 130-dək müraciətin daxil olduğunu diqqətə çatdıran rektor deyib: “Finala qalan beş parlaq komandanın heyətində tələbələr və dünyanın müxtəlif ölkələrindən gələn beş müstəsna müəllim var. Bu, fədakarlıq və davamlı inkişaf üçün yüksək göstəricidir. Fəxr edirəm ki, cari ildə təmsilçilərimiz Azərbaycanı müsabiqədə uğurla təmsil edirlər”.

Sonra Kənan Kərimzadə və Rüfət Əzizov Oksford Universiteti (Said Business School) tərəfindən mükafata layiq görülüblər.

Tədbir “İqlim dəyişikliyi çağırışı”nın finalçısı olan müəllimlərin təqdimatları ilə davam edib.