Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata götə, görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlıq məsələləri, həmçinin COP29 çərçivəsində aparılan müzakirələr barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova iqlim dəyişikliyi ilə bağlı məsələlərin bütün dövlətləri narahat etdiyini qeyd edərək, Azərbaycanın COP29-a uğurla Sədrlik və ev sahibliyi etdiyi xatırladaraq, bu mühüm qlobal tədbirdə bütün maraqlı tərəflərin iştirakı ilə məhsuldar müzakirələr təşkil olunduğunu, artıq bəzi mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. O, Rusiya tərəfinin həm COP29, həm də Parlament Görüşündə iştirakına görə təşəkkürünü bildirib.
Andrey Yatskin isə öz növbəsində COP29-un uğurlu təşkili münasibətilə təbriklərini çatdıraraq, bütün dünyanın Bakıda keçirilən bu qlobal tədbirə böyük maraq göstərdiyini söyləyib.
Söhbət zamanı qeyd edilib ki, iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlər də mühüm rol oynayır. Bu baxımdan Parlament Görüşünün təşkili xüsusi məna ifadə edir və parlamentlərin bu prosesdə iştirakının gücləndirilməsi, qarşılıqlı müzakirələr və diskussiyalar nəticəsində ortaq mövqeyin ifadə olunması üçün yaxşı platforma rolunu oynayır.
Görüşdə, həmçinin ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunaraq, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində mühüm rolu qeyd edilib. Ölkələrimizin digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da əlaqələrin inkişaf etdiyi bildirilərək, parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığı təqdir edilib.