17 noyabr 2024 14:41
225

COP29-da yaşıl enerjidən bəhs edən tamaşa nümayiş olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində keçirilən tədbirlərə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Energetika Xidməti də öz töhfəsini verib.

Energetika Xidmətinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, teatrın təqdim etdiyi yeni tamaşa, mövzusunun aktuallığı ilə diqqət çəkib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin və Naxçıvan Dövlət Milli Dram Teatrının birgə layihəsi olaraq hazırlanan bu səhnə əsəri tamaşaçılar tərəfindən maraqla izlənilib. Tamaşanın əsas leytmotivini yaşıl enerjiyə keçid, təbiətin mühafizəsi və ekoloji təmizliyə çağırış təşkil edir. Məqsəd, yaşıl enerji mənbələrinin genişləndirilməsi, ətraf mühitin qorunması və karbon qazı emissiyalarının azaldılmasına diqqət çəkmək, həmçinin Azərbaycanın iqlim təşəbbüslərində təbliğatını gücləndirməkdir.

Yazıçı Eluca Atalının "Odunçunun nağılı" folklor nümunəsindən ilhamlanaraq qələmə aldığı eyniadlı səhnə əsərində qalaktikada yaşıl ada olan planetimizdə ekologiyanın qorunması, günəş işığının, suyun və küləyin önəmi vurğulanır. Bu amil, rejissorun yaratdığı incə ştrixlər və mühüm detallarla səhnədə öz əksini tapıb.

Əsərdə hadisələr xala obrazının Atanura nağıl danışması ilə başlayır. Xala nağıl danışdıqca, tamaşaçılar sehrli bir aləmə daxil olurlar. Bu aləmdə ağaclar rəqs edir və təbiət sanki dil açaraq danışır. Təbiətə ziyan vurmağa çalışan odunçunun məqsədi, meşədə ağacları doğrayıb və onları bazarda satmaqdır. Lakin Xala və Atanur ona mane olaraq, hər ağacın nə qədər faydalı olduğunu izah edir və onu məqsədindən çəkindirirlər.

Tamaşada həmçinin "Yaşıl enerji"yə keçiddən, "Yaşıl enerji"nin faydalarından bəhs edilib.