17 noyabr 2024 09:27
168

Ukrayna və NATO JATEC-in yaradılması üzrə yekun addımlar barədə razılığa gəliblər

Ukrayna və NATO Birgə Təhlil Təlim və Təhsil Mərkəzinin (JATEC) yaradılmasının yekun mərhələsi üçün fəaliyyət kursu barədə razılığa gəliblər.

“İki sahil”in “Ukrinform”a istinadən verdiyi məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna müdafiə nazirinin müavini briqada generalı Anatoli Kloçkonun rəhbərlik etdiyi Ukrayna Müdafiə Nazirliyinin nümayəndə heyəti Polşanın Bıdqoş şəhərində keçirilən JATEC-in yerləşdirilməsini müzakirə etmək üçün iclasda iştirak edib.

Tədbirdə NATO-nun nümayəndə heyətinə baş katibin əməliyyatlar üzrə köməkçisi Tomas Qoffus, NATO-nun Müttəfiq Qüvvələrin Transformasiya üzrə Ali Baş Komandanı admiral Pyer Vandier, NATO-nun Rabitə və İnformasiya Agentliyinin baş meneceri Lüdviq Dekamps və NATO-nun Ukraynadakı baş nümayəndəsi Patrik Törner iştirak ediblər.

Kloçko vurğulayıb ki, JATEC Ukraynanın NATO strukturlarına inteqrasiyasına kömək edəcək, iki tərəf arasında təcrübə mübadiləsini asanlaşdıracaq və həm Ukraynanın, həm də NATO-nun müdafiə qabiliyyətini artırmaq üçün həll yollarının tapılmasına töhfə verəcək.

İclas zamanı iştirakçılar Mərkəzin yaradılması üçün zəruri tədbirlərin həyata keçirilməsini, o cümlədən Ukraynanın yeni təsisat çərçivəsində idarəetmə və qərar qəbuletmə proseslərində iştirakını təmin etmək üçün hüquqi prosedurların təsdiqini müzakirə ediblər. Onlar Mərkəzi 2025-ci ilin əvvəlinə qədər fəaliyyətə keçirmək niyyətlərini təsdiqləyiblər.

Gündəliyə həmçinin Ukrayna və NATO arasında təhlükəsiz məlumat mübadiləsini və əməkdaşlığı təmin edəcək informasiya və kommunikasiya sisteminin yaradılması da daxil edilib. Müdafiə Nazirliyi qeyd edib ki, Ukrayna NATO ilə belə təhlükəsiz sistem quracaq ilk tərəfdaş ölkə olacaq.

Tərəflər Mərkəzin işə başlayacağı təxirəsalınmaz ilkin layihələrin siyahısını razılaşdırıblar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”