15 noyabr 2024 00:58
298

Biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik - XXI əsrin çağırışı

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycanın bu mötəbər sammitə ev sahibliyinin dəstəklənməsini ölkəmizə hörmətin , beynəlxalq arenada möhkəmlənən mövqeyinin, siyasi müstəvidə artan rolunun ifadəsi kimi dəyərləndirdi

«Yaşıl artım» ölkəsinə çevrilməyi qarşısına məqsəd qoyan və hədəfə çatmaq üçün mühüm islahatlar həyata keçirən Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin dünyanın 200-ə yaxın dövləti tərəfindən dəstəklənməsi təsadüfi deyil. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili» elan olunması, bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracının artması ölkəmizin enerji diplomatiyasının coğrafiyasını daha da genişləndirir. Yaranan quraqlıqlar, müharibələr və milli münaqişələr səbəbindən dağıdılmış şəhərlər, kəndlər təbii olaraq miqrantların sayını artırır. Subasmalar, evləri xaraba qoyan sellər, meşə yanğınları, torpaq sürüşmələri, iqlim dəyişmələrinin yaratdığı fəsadlardan əziyyət çəkənlər isə sadə insanlardır. İqlim dəyişmələrinə qarşı birgə mübarizənin planlı idarə edilməsinin zamanıdır.

Bu baxımdan bərpaolunan enerjilərdən istifadəyə investisiyalar ayrılmalı, ilk növbədə hələ də artmaqda davam edən emissiyaların, qlobal temperaturun azaldılmasına, qlobal ehtiyaclar nəzərə alınmaqla enerji səmərəliliyinin ikiqat artırılmasına, səhralaşmanın qarşısının alınmasına diqqət artırılmalıdır. Yaşıl enerjiyə yönələn investisiyalar daim diqqətdə saxlanılmalıdır. «COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Əminəm ki, buna birlikdə nail olacağıq» sözləyən BMT-nin Baş katibi Antonio Quterreşin vurğuladığ kimi, iqlim dəyişikliyi ilə bağlı birgə mübarizədə şəffaflıq, hesabatlılıq ilkin şərtlərdəndir.

Çünki böyük nəticələr böyük dəyişikliklər tələb edir. Dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə məqsədilə vəsait ayırmasalar bəşəri fəlakətlərlə üzləşməli olacağıq. Reallıq budur ki, iqlim maliyyələşməsi xeyirxah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır.

Göründüyü kimi, iqlim dəyişikliyi ilə mübarizədə ilkin şərt kimi bərpaolunan enerji ilə bağlı təbii ehtiyatlardan səmərəli istifadə hər zaman aktualdır. COP29-a ev sahbliyi edən Azərbaycan qonaqlarını əliboş qarşılamır. Bərpaolunan enerji potensialı zəngin olan ölkəmizdə 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücünün artırılması sayəsində alternativ enerjinin payının 30 faizə çatdırılması başlıca hədəfdir. Statistik göstəricilərə görə, görə respublikamızda bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Alternativ enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

İkinci Qarabağ müharibəsindən sonra dövlət başçımız İlham Əliyevin Sərəncamı ilə Qarabağın və Şərqi Zəngəzurun, Naxçıvan Muxtar Respublikasının «yaşıl enerji zonası» elan olunub. İşğaldan azad edilən ərazilərimizdə inşa və bərpaolunan yarımstansiya və su elektrik stansiyalarının sayı artırılır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 12 ekoloji cəhətdən təmiz yaşıl enerji» istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir. Digər məqamları da xatırlatmaqla tam əminliklə demək olar ki, dövlətimizin milli hədəflərindən olan Azərbaycanı təmiz ətraf mühit və «yaşıl artım» ölkəsinə çevirmək məqsədilə həyata keçirilən islahatlar bəhrəsini verir. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

Artıq bütün dünyanın gözü COP29-a ev sahibliyi edən Azərbaycana yönəlib. 80 dövlət başçısının, eləcə də hökumət rəhbərlərinin və vitse-prezidentlərin iştirak etdikləri Sammitin məqsədi dünya birliyini planetimizin gələcəyi üçün təhlükə olan ekosistemin qorunması naminə birləşdirmək, konsensus yaratmaqdır. Bütün maraqlı tərəflərin siyasi iradəsini nümayiş etdirəcək platforma formalaşdırmaq, iqlim dəyişməsinin kənd təsərrüfatına, eləcə də qida və su təhlükəsizliyinə təsirlərinin həlli yollarında səyləri birləşdirməkdir.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycanın COP29-a ev sahibliyinin dəstəklənməsini ölkəmizə hörmətin , beynəlxalq arenada möhkəmlənən mövqeyinin, siyasi müstəvidə artan rolunun ifadəsi kimi dəyərləndirdi. Avrasiyanın enerji və daşımalar yollarını dəyişən, çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarı kimi tanınan, BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq torpaqlarını 44 gündə Ermənistanın işğalından azad edən suveren Azərbaycanın son dörd ildə əldə etdiyi uğurları diqqətə çatdırdı. Vurğuladı ki, 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən , 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü, Cənubi Qafqazın lider ölkəsi adını bölgədə yaratdığı reallıqlarla doğruldan Azərbaycan COP29-un sədri kimi inkişaf etmiş və inkişaf edən, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün siyasi, iqtisadi, humanitar platformalarda əlindən gələni edəcək.

«Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq» sözləri ilə planetimizin gələcəyi üçün təhlükələr yaradan iqlim dəyişikliyinin yaratdığı fəsadlarla üzləşdiyimiz indiki məqamda Azərbaycanın etimadı doğruldacağını əminliklə bildirən Prezident İlham Əliyev Azərbaycanın yaşıl gündəliyi haqqında ətraflı məlumat verdi. Bildirildi ki, bərpaolunan enerji ilə bağlı görülən işlər davam etdirilir. Ötən il BƏƏ-nin Masdar şirkətinin ölkəmizdə inşa etdiyi 230 meqavatlıq Günəş enerji stansiyasının istifadəyə verilməsi, Səudiyyə Ərəbistanının «Acwa Power» şirkətinin inşasını davam etdirdiyi 240 meqavatlıq külək enerjisi stansiyası ekoloji tərazlığın qorunmasına ən layiqli töhfədir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı imzalanacaq saziş nəticəsində dünyanın ən iri neft və qaz terminallarından olan Səngəçalda dekarbonlaşma təmin ediləcəkdir.

«Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb» sözləri ilə ölkəmizin enerji ixracatçısı kimi öhdəliyinə əməl etdiyini diqqətə çatdıran cənab İlham Əliyevin vurğuladığı kimi, Xəzər dənizindən Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi ilə bağlı layihə də enerji təhlükəsizliyinin təminatına xeyli səmərə verəcək.

COP 29-a hazırlıq işlərini başlandığı ilk gündən ölkəmizin təbii sərvəti olan neft-qazı bəhanə gətirərək Azərbaycana qarşı təxribatlarını bu istiqmətdə də intensivləşdirən ABŞ-ın, Qərbin, ermənipərəst beynəlxalq təşkilatların ittihamlarının heç bir əsasının olmadığını bildirən dövlət başçımız İlham Əliyev bu məsələyə də aydınlıq gətirdi. Dünyada sənaye üsulu ilə ilk neftin hasil olunduğu ölkəmizə qarşı qarayaxma kampaniyasını məqsədli şəkildə, eyni mənbədən qaynaqlanan təxribat adlandırıb qara qüvvələrə ədalət meyarını, prinsipiallıqlarını unutmamalarını tövsiyə etdi: «Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir.»

Azərbaycanda işsizliyin səviyyəsinin 5,4, yoxsulluğun 5,2 faiz təşkil etdiyini, ölkə üzrə xarici borcun ÜDM-in cəmi 7,5 faizini təşkil etdiyi kimi uğurlu nəticələri «unudaraq» ölkəmizə kütləvi qarayaxma kampaniyası aparan Qərbin, ABŞ-ın ikili standartlardan qaynaqlanan təxribatlarının heç bir nəticə verməyəcəyini iki il bundan əvvəl Avropa Komissiyasının sədri ilə imzalanan və qitə dövlətlərinini enerji təhlükəsizlinin təminatına töhfə olan Memorandumu xatırlatdı: «Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.»

Halbuki neft, qaz, qızıl, külək, günəş, mis … digər təbii sərvətlər Tanrının xalqımıza bəxş etdiyi hədiyyədir. «İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, COP29-un Azərbaycanda keçirilməsini özlərinin Cənubi Qafqaza sahiblənmək məkrli niyyətlərinin iflasa uğradığını başa düşərək ölkəmizə qarşı boykot çağırışından yararlanmağa çalışan ABŞ-ın, Qərbin bədnam niyyətləri baş tutmayacaq: «Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var.»

Sivilizasiyalararası körpü rolunu uğurla davam etdirən Azərbaycanın COP29-un bələdçiliyi ilə daha böyük uğurlara imza atacağına əminlik elə konfransın ilk günündən, müxtəlif qlobal məsələlərə həsr olunmuş panellərdə aparılan müzakirələrdən də bəlli oldu.

Xuraman İsmayılqızı, «İki sahil»