15 noyabr 2024 01:57
270

COP29 və rəsmi İrəvanın bəhanələri

Yürütdüyü destruktiv siyasəti ilə Cənubi Qafqazda davamlı sülhün, əmin-amanlığın və təhlükəsizlik mühitinin yaranmasına imkan verməyən Ermənistan bölgədə ekoloji tarazlığın təmin olunmasına da mənfi təsir göstərir

Məlum olduğu kimi, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Azərbaycan ev sahibi olaraq, COP29-a Ermənistanı dəvət etsə də, qarşı tərəfin tədbirdə iştirakı gözlənilmir. Prezident İlham Əliyev vurğulayıb ki, COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır. Bəs görəsən, Ermənistanın COP29-a gəlməməsinin səbəbləri nədir? Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın COP 29-da iştirak etməməsinə münasibət bildirərkən qeyd edib ki, Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib: "Hər bir halda Ermənistanın öz qərarıdır. Təkrar qeyd etmək istərdim ki, Azərbaycan konvensiyanın üzvü olaraq öz üzərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirib və bütün dövlətlərin lazımi, zəruri və nəticəyönümlü müzakirələr aparması üçün tam şərait yaradıb. Lakin Azərbaycana qarşı əks təbliğat kampaniyasında Ermənistan və onunla əlaqəli dairələr yaxından iştirak edirlər".

İstənilən halda itirən Ermənistandır. Amma Ermənistanın itkiləri ondan maşa kimi istifadə edənləri qəti maraqlandırmır, əksinə, sevinirlər. Ermənistan itirdikcə onlar bu oyuncaq ölkəyə daha çox sahiblənirlər, daha çox qazanırlar.  Ermənistan rəhbərliyi nə qədər “realist” olmağa çalışsa da, reallığı düzgün dərk edə, doğru qərar verə bilmir. COP29-a münasibətdə olduğu kimi... Bəli, Ermənistanın COP29-da iştirak etməməsi onun, necə deyərlər, köhnə dəftəri qapatmaq istəmədiyinə işarədir. Köhnə dəftərə gəlincə, hesab edirik ki, bu mənada Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə bağlı xalqa müraciətindəki bir məqamın üzərində xüsusi dayanmağa ehtiyac var. Zəfərimizin təkcə Ermənistanın deyil, onun arxasında duranların acı və alçaldıcı məğlubiyyəti olduğunu dilə gətirən Prezident İlham Əlyev həmin qüvvələrin Qələbəmizə görə bizi bağışlaya bilmədiklərini açıqladı: “Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o, özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni?”

Göründüyü kimi, Prezident İlham Əliyev onlara əsl düşmənlərinin kimliyini anladır. Hesab edirik ki, dövlətimizin başçısının bu fikri ermənilərin diqqətini çəkməlidir. Onlar tarixə nəzər salıb düşünməlidirlər. İradə nümayiş etdirib düşmənçilik səhifəsini bağlamalıdırlar. Bağlayırlarmı? Əlbəttə ki, yox! Beyinlərinə yeritdikləri xəstə təxəyyülün təsirindən uzaq dayana bilmirlər. Qərb dairələri də bunu çox yaxşı anlayırlar. 200 illik erməni planının pozulması onlara möhkəm yer etdiyindən əllərinə düşən hər imkandaca avantürizmi körükləməyə qalxırlar. Bunun nəticəsidir ki, hazırda Ermənistan Azərbaycanla sülhdən uzaqdır. Ölkə reallıq hissini itirib, dövlətimizin başçısının dili ilə desək, arxasında dovşan və siçan kimi dayanmış siyasətçilərə ümid bəsləyəcək qədər rəzil və miskin duruma düşüb. Həqiqətən ortada Ermənistan və erməni dövlətçiliyi adına son dərəcə acınacaqlı vəziyyət var. Tam əminliklə deyə bilərik ki, Ermənistanın nümayəndə heyətinin COP29-da iştirak etməməsi ölkənin düşdüyü həmin rəzil və miskin durumun nəticəsidir. Görünür, ölkə dovşan və siçan xislətli siyasətçilərin təsirindən qurtula bilmir.

Digər tərəfdən, Ermənistan hansı üzlə COP29-a qatılsın? Otuz ilə yaxın müddətdə işğal gerçəkləşdirən ölkə həm də qəsb etdiyi ərazilərdəki ekosistemi məhvə məruz qoyub. Onun iqlimdən, iqlim təhlükəsizliyindən danışmağa, yumşaq desək, heç bir haqqı yoxdur. Ermənistanın dağ-mədən sənayesi müəssisələrində işlərin qeyri-şəffaf həyata keçirildiyi hamıya məlumdur. Ölkəmiz bu qeyri-şəffaf işlərin dayandırılması və orada çalışan yerli və xarici şirkətlərin məsuliyyətə cəlb olunması, beynəlxalq ətraf mühitin qorunması üzrə norma və standartların gözlənilməsinə dəfələrlə çağırış edib. Ancaq rəsmi İrəvan bu çağırışlara əhəmiyyət verməyib. Hər kəsə məlumdur ki, bu cinayətlərə mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması (urbisid), mədəni irsin dağıdılması, saxtalaşdırılması və talan edilməsi (kultursid), ətraf mühitə və biomüxtəlifliyə zərər vurulması (ekosid), mülki əhalimizə, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə törədilən əməllər (soyqırımı) kimi ağır cinayətlər daxildir. Təəssüf ki, İrəvan 44 günlük Vətən müharibəsinin başa çatmasından ötən 4 ildə də oxşar hərəkətlərini başqa formada davam etdirir. Necə deyərlər, forma dəyişsə də, məzmun dəyişməyib. Ermənistan indi də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir. Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olur. Böyük şirin su ehtiyatına malik, bu gün Ermənistan ərazisində yerləşən və Cənubi Qafqazın ən böyük gölü olan Göyçə gölündə suyun səviyyəsi 1940-cı illərdən bu yana təxminən 20 metr aşağı düşüb. Buna Sevan–Razdan Su Elektrik Stansiyasının intensiv işləməsi və göl sularının suvarma üçün aktiv sərf edilməsi səbəb olub. Nəticədə Göyçə “təmiz” su hövzəsindən “orta dərəcədə çirklənmiş” gölə çevrilib. Son 30 ildə ölkədə eroziya və sürüşmə nəticəsində 140 min hektar əkin sahəsi, 300 min hektar biçənək və otlaq sahələri kənd təsərrüfatının istifadəsindən çıxarılıb. Meliorasiyaya cəlb olunan eroziyaya uğramış 114 min hektar torpaq sahəsinin cəmi 3,5 faizini bərpa etmək mümkün olub. Meşələrlə örtülü ərazinin payı 11,2 faizdən 8-9 faizə qədər azalıb. Havanın vəziyyəti də qeyri-qənaətbəxşdir. İrəvan, Alaverdi, Vanadzor və Razdanda hava şəraiti xüsusilə pisləşib. Bütün bunlar az imiş kimi ölkədə dağ-mədən sənayesinin yüksək keyfiyyətli texnologiyalardan istifadə edilmədən davam edən həddən artıq istismarı bütün regiona, o cümlədən Azərbaycana da mənfi təsir göstərməkdədir. Bu mənfi təsirdən daha çox ölkəmizin Ermənistanla sərhəddə yerləşən bölgələri – Naxçıvan Muxtar Respublikası, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları daha çox ziyan görür. Qafan və Qacaran dağ-mədən kombinatının tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi normadan dəfələrlə çox olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alaraq deməliyik ki, onun çirklənməsi Arazın su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərir. Bir sözlə, Ermənistanın bu əməlləri təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun ekologiyasına ziyan vurur.

Sevinc Azadi, “İki sahil”