14 noyabr 2024 14:36
235

Azərbaycanın haqlı tələbləri qəbul edilməsə...- Sahil Kərimlidən AÇIQLAMA

Danışıqların istənilən platformada aparılmasından asılı olmayaraq, Ermənistan yenə də qeyri-konstruktiv mövqeyindən əl çəkmir və Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır. Qərb və Avropa dairələrninin diktəsi ilə hərəkət edən Ermənistan rəhbərliyi Azərbaycanın haqlı tələblərini qəbul etmədikcə, bölgədə dayanıqlı, ədalətli və uzunmüddətli sülhdən danışmaq çox çətindir.

“İki sahil” xəbər verir ki, bu fikirləri ARB24 kanalına müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O qeyd edib ki, ilk növbədə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və bununla bağlı konstitusiyada dəyişiklik etməlidir:

"Amma təəssüf ki, biz bunun şahidi olmuruq. Ermənistan xarici havadarlarından güc alaraq, bölgəmizdə yeni gərginlik yaradır və sülhə gəlmək istəmir. Paralel olaraq, COP29 tədbirində iştirak etməməklə böyük şans qaçıran rəsmi İrəvan yenə öz siyasi mahiyyətini bütün dünyaya nümayiş etdirir.

Ermənistan uzun illər Azərbaycan ərazilərini işğalda saxlamaqla yanaşı, ekoloji terror həyata keçirib. Meşələrimiz məhv edilib, çaylarımız ağır zəhərli maddələrlə çirkləndirilib.

Ermənistan bununla ekoloji fəlakətlərə yol açıb. Belə bir ölkənin iqlim problemlərinə həsr olunan beynəlxalq tədbirdə iştirak etməməsi, əslində, başadüşüləndir. Çünki real mənzərə ortadadır".