13 noyabr 2024 21:29
188

BMT TŞ Yəmənə qarşı sanksiyaları bir il müddətinə uzadıb

BMT Təhlükəsizlik Şurası (TŞ) Yəmənə qarşı sanksiyalar rejiminin bir il müddətinə uzadılmasını nəzərdə tutan qətnamə layihəsini təsdiqləyib.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, Böyük Britaniyanın hazırladığı sənəd yekdilliklə qəbul edilib.

Qətnamə 34 bənddən ibarətdir. Sənədə əsasən, onun qəbul edildiyi tarixdən ilkin olaraq bir illik dövr ərzində bütün üzv dövlətlər onların ərazisində yerləşən və sanksiya komitəsi tərəfindən müəyyən edilmiş fiziki və ya hüquqi şəxslərin birbaşa və ya dolayısı ilə mülkiyyətində və ya nəzarətində olan bütün vəsaitləri, digər maliyyə aktivlərini və iqtisadi resursları dərhal dondurmalıdırlar.

Qətnamədə həmçinin Yəməndəki münaqişənin bütün tərəfləri beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərinə əməl etməyə çağırılır.

Xatırladaq ki, Yada 2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatının tərəfdarları arasında qarşıdurma davam edir. Qarşıdurma 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə özünün ən aktiv mərhələsinə qədəm qoyub. Yəməndəki vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətlə nəticələnib. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli və ya ölkə əhalisinin təxminən 80 %-nin humanitar yardıma ehtiyacı var, məcburi köçkünlərin sayı isə 4 milyonu ötüb.