13 noyabr 2024 16:18
255

Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

“İki sahil” xəbər verir ki, COP29-un yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevi təbrik edən Deni Sassu-Nqesso ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.

Ali qonaq Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın müxtəlif nazirliklərinin ekspertlərindən ibarət nümayəndə heyətinin tezliklə Konqoya səfərinin təşkil edilməsi, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarına baxılması məsələsi qeyd olundu. Konqodan olan tələbələrin ölkəmizdə təhsil almalarına yaradılan şəraitə görə minnətdarlıq ifadə edildi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Dövlətimizin başçısı COP29-da substantiv məsələlər üzrə də yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Bununla belə, prosesin bundan sonra da, yəni, tədbirin sonuna qədər davam etdiriləcəyi vurğulandı. Bu xüsusda, Paris Sazişinin 6-cı bəndi üzrə əldə edilmiş ilkin razılaşmalar müsbət qiymətləndirildi. Həmçinin İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması və ona əlavə maliyyə töhfələrinin verilməsi məsələsinə toxunuldu. Görüşdə beynəlxalq maliyyə və bank təsisatları tərəfindən yeni maliyyə hədəfi ilə əlaqədar bəyan edilən mövqenin bu istiqamətdə müsbət addım olduğu qeyd edildi.