13 noyabr 2024 11:07
186

ABŞ-da dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyini indidən demək çətindir - Ayxan Hacızadə

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-də yeni prezident seçimindən sonra Azərbaycanla bu ölkənin gələcək əlaqələrinin necə olacağına münasibət bildirib.

“İki sahil” xəbər verir ki, XİN rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ-də keçirilən yeni prezident seçkilərini nəzərə alaraq dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir.

A.Hacızadə qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, uzunmüddətli perspektivdə "yaşıl enerji"yə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur.

O vurğulayıb ki, Azərbaycan "yaşıl enerji"yə keçid istiqamətində hazırda müvafiq böyük layihələr həyata keçirir:

"Bu layihələr Azərbaycanda enerji infrastrukturunun şaxələndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir".