07 noyabr 2024 08:58
187

Bu gün Macarıstanda Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək

Bu gün Macarıstanın paytaxtı Budapeştdə Avropanın üzləşdiyi təhlükəsizlik çağırışları, qeyri-qanuni miqrasiya ilə mübarizə və iqtisadi təhlükəsizlim məsələlərinin müzakirə edildiyi Avropa İttifaqı ölkələrindən ibarət Avropa Siyasi Birliyinin 5-ci sammiti keçiriləcək.

“İki sahil” xəbər verir ki, ildə iki dəfə keçirilən və əvvəlki iclası Böyük Britaniyanın ev sahibliyi etdiyi zirvəni bu dəfə iyul ayından bəri müxtəlif gərginliklərin kölgəsində Aİ-yə sədrlik edən Macarıstan təşkil edəcək.

40-dan çox hökumət və dövlət başçısının qatılacağı sammitin gündəliyi əsasən “Avropanın üzləşdiyi təhlükəsizlik çağırışları” olacaq.

Birinci iclasda ümumi vəziyyət müzakirə edildikdən sonra ikinci sessiya “qanunsuz miqrasiyaya qarşı mübarizə”, üçüncü iclas isə “iqtisadi təhlükəsizlik” başlığı altında keçiriləcək.

Miqrasiya üzrə sessiya bütün aspektləri, xüsusilə repatriasiya və Şengen sərhədlərinin möhkəmləndirilməsini əhatə etsə də, iqtisadi təhlükəsizlik üzrə sessiyada enerji, nəqliyyat və “qlobal ticarət baxımından əlaqə” mövzuları müzakirə olunacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”