Azərbaycan, Rusiya və İran prezidentlərinin ötən gün Tehranda keçirilən görüşü bir daha göstərdi ki, ölkəmizin təşəbbüsü və öndərliyində reallaşan transmilli layihələr heç də digər region ölkələrinin maraqlarına toxunmur. Əksinə, bütün region ölkələri üçün əlavə imkanlar açır.
Tehranda keçirilən zirvə görüşünün nəticələrini "Xəzər Xəbər"ə şərh edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə deyib.
Dövlət rəsmisi görüşün həm də böyük siyasi əhəmiyyət daşıdığını vurğulayıb.
Xezerxeber.az-ın məlumatına görə, Bakı-Tbilisi-Qars layihəsinin açılışının ardından Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitinin keçirilməsi və burada dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə və səsləndirdikləri bəyanatlar Cənubi Qafqaz Dəhlizi ilə bağlı müəyyən dairələrin spekulyativ bədbin proqnozlarının üstündən xətt çəkdi. Azərbaycanın təşəbbüsü və öndərliyində bir-birinin ardınca reallaşan meqa layihələrin bir sıra qüvvələri ciddi narahat etməsi sirr deyil. Erməni lobbisi və Ermənistanın havadarlarının bu layihələrin regionun güclü dövlətlərindən olan İran və Rusiyanın maraqlarına uyğun olmadığını irəli sürərək layihənin perspektivini şübhə altına almaq cəhdləri Tehran görüşü ilə tam iflasa uğradı.
Səfərin nəticələrini şərh Əli Həsənov bildirib ki, prezident İlham Əliyevin yeritdiyi siyasətin ən üstün cəhətlərindən biri də odur ki, milli maraqları dost və tərəfdaş ölkələrin maraqları ilə uzlaşdırır.
Görüşün əsas əhəmiyyətindən biri də odur ki, regionda nəinki ikitərəfli münasibətlər, üçtərəfli formatda da bütün tərəfləri qane edən əməkdaşlıq platforması yaranıb və bu, konkret nəticələrini verir.
Elektrik enerjisi, neft və qaz sahəsində əməkdaşlıq, enerji daşıyıcılarının qarşılıqlı nəqli ilə bağlı əldə olunan razılaşma bunun bariz nümunəsidir. Şimal-Cənub Dəhlizi ilə bağlı ortaya qoyulan fikir birliyi və bunun Şərq- Qərb Dəhlizi ilə qovuşmasının hər üç ölkənin maraqlarına xidmət etməsinin açıq şəkildə bəyan edilməsi isə bir daha göstərir ki, həyata keçirilən layihələr bütün region ölkələri üçün daha böyük faydalar gətirəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: