31 oktyabr 2024 21:20
85

Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların Bakı Stadionuna məlumat səfəri təşkil olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili istiqamətində fəaliyyət göstərən COP29 Azərbaycan Əməliyyat Şirkəti oktyabr 28-dən etibarən Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycana səfər edəcək nümayəndə heyətlərinin öncül işçi qrupları üçün konfransa hazırlıq prosesləri ilə tanışlıq məqsədilə məlumat səfərləri təşkil edir.

“İki sahil” xəbər verir ki, məlumat səfərlərində ümumilikdə 50-yə yaxın ölkənin 100-ə yaxın diplomatik missiya nümayəndəsi, eləcə də öncül işçi qruplarının 100-dən çox nümayəndə və əlaqələndirici şəxsi iştirak edib, tədbir məkanı Bakı Stadionu və Heydər Əliyev adına Beynəlxalq Aeroporta baş çəkiblər.

İştirakçılara tədbir məkanının Mavi və Yaşıl zonaları barədə məlumat verilib, yüksək səviyyəli rəsmilər və qonaqlar üçün yaradılan şərait, müzakirələrin baş tutacağı plenar zallar, media nümayəndələrinin rahat fəaliyyətinin təmin edilməsi üçün qurulan Media Mərkəzi, danışıqlar üçün görüş otaqları və ölkə pavilyonları, eləcə də Akkreditasiya Mərkəzi kimi müxtəlif ərazilərə baxış keçirilib. Diplomatlar COP29 zamanı hava limanında əməliyyatların idarə edilməsi və burada görülən müvafiq tədbirlərlə yaxından tanış olublar.

Məlumat səfərlərində iştirak edən qonaqlar COP29-un təşkil edilməsi istiqamətində qısa zaman ərzində görülmüş genişmiqyaslı işlərə görə rəğbət bildirib, dünyanın iqlim dəyişmələrinə həsr olunmuş ən böyük tədbiri sayılan COP29-un uğurlu təşkilində müvəffəqiyyətlər arzulayıblar.