31 oktyabr 2024 00:28
213

Ölkəmiz COP29-a qalib və bütövləşən yeni Azərbaycan kimi ev sahibliyi edəcək

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz buna layiqik, apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq

Ötən ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səsləndirilən bu əminliyi bugünümüzün reallıqları fonunda bir daha yada salmaq istərdik: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.”

Dövlətimizin başçısının bu fikirlərində müasir müstəqil, qalib, bütövləşən Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri və onların yol açdığı uğurlar özünü aydın şəkildə nümayiş etdirir. Bugünümüzün uğurları, zəfərləri, eyni zamanda, cənab İlham Əliyevin 2021-ci ildə Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında keçirilən VII qurultayında böyük inamla qeyd etdiyi “Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik” fikirlərinin təsdiqidir.

Artıq o zamandan bizləri ayıran üç ildə Azərbaycanın qazandığı uğurlara, zəfərlərə diqqət yetirsək möhkəm təməlin davamlı uğurlara geniş imkanlar, üfüqlər açdığını aydın şəkildə görərik. Tarixi Zəfərimizdən üç il sonra 2023-cü ildə suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Dövlət başçısı İlham Əliyevin sərəncamları əsasında 20 sentyabr Dövlət Suverenliyi Günü, həmçinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü kimi təsis edildi. 2023-cü il dekabrın 11-də COP28-in Dubayda keçirilən plenar iclasında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların yüksək səviyyədə təşkili beynəlxalq səviyyədə təqdir edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı iki həftə dünyanın mərkəzi olacaq.

Ötən bir ildən az vaxtda Azərbaycanın bu mötəbər tədbirə hazırlıq istiqamətində atdığı addımlara diqqət yetirməklə ölkəmizin tarixinə daha bir uğur səhifəsinin yazılacağını əminliklə qeyd edə bilərik. Cənab İlham Əliyev yuxarıda qeyd etdiyimiz müşavirədəki çıxışında da bu əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir. Dünyada hər kəs bir daha görəcək ki, gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

Bu gün ölkəmizdəki ab-hava tədbirə hazırlıq prosesinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin bu ilin yanvarında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı imzaladığı Sərəncam özündə bütün məqamları ehtiva etdi.

Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qeyd olunan 5 hədəfdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı yeni çağırışlara əsas verir. Bu sənədin qəbuluna qədər Azərbaycanın bərpaolunan enerji sahəsində əməkdaşlığın qurulması istiqamətində atdığı addımların xronologiyası bunu bir daha sübut edir. Belə ki, 2020-ci ildə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilə əsasında 2022-ci il yanvarında “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi. 2022-ci ilin martında isə Bakıda “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalandı. Həmçinin həmin ilin dekabrında Azərbaycanın Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” (FFI) şirkəti arasında ölkəmizdə bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalandı. Müqavilə Azərbaycanda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 qiqavatadək layihələrin araşdırılmasını və reallaşdırılmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası təsdiqlənib.

Qısa təhlil əsasında Azərbaycanın COP29-a ev sahibliyini şərtləndirən mühüm amillərdən biri kimi dayanıqlı iqtisadi inkişafa nəzər saldıq. Ölkəmizin hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi uğurlarımızın açarı kimi dəyərləndirilir. Neft ölkəsi kimi tanınan Azərbaycan bu gün bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə bağlı çağırışları qüksək səviyyədə cavablandırır, COP29-a ev sahibliyi ilə gündəliyimizin yaşıl enerjiyə keçidlə bağlı olduğunu nümayiş etdirir.

Bu fakt inkaredilməzdir ki, Azərbaycan dövlətinin daxili siyasətində ekoloji təhlükəsizliyin təmin edilməsi, Xəzər dənizinin və havanın çirklənməsinin qarşısının alınması prioritet məsələlərdəndir. Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikada ekoloji problemlərin həlli istiqamətində və bu sahə ilə bağlı müntəzəm olaraq müvafiq işlər həyata keçirilib. Ulu Öndərin ekoloji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 21 ildə Azərbaycanda ekoloji problemlərin həlli, əlverişli ekoloji mühitin yaradılması istiqamətində mühüm işlər görülüb. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” həyata keçirildi. 2010-cu il cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Ekologiya İli” elan edildi.

30 illik işğal dövründə Qarabağ ekoloji terrora məruz qalıb. İşğaldan azad edilmiş ərazilərdə bu gün bərpa-quruculuq işləri aparılır. Qarabağ, Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilib. Qarabağda təkcə su elektrik stansiyalarından deyil, habelə külək, günəş elektrik stansiyaları kimi alternativ və bərpaoluna bilən enerji növlərindən də istifadə ediləcək. “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Sərəncamda da qeyd edildiyi ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2010-cu il “Ekologiya ili” elan ediləndə bu çağırış xüsusi qeyd edildi ki, ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi ilə bağlı tədbirlər yalnız bu il ilə məhdudlaşmamalıdır. Görülən işlər davamlı olmalı, Azərbaycan yaşıllıqlar ölkəsi kimi nüfuzunu daha da artırmalıdır. Cənab İlham Əliyevin “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışının reallıqda öz əksini tapmasını təmin edən regional inkişaf proqramlarının, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının əsas tərkib hissələrindən biri paytaxtda və bölgələrdə yaşıllıqların genişləndirilməsi, ətraf mühitinin qorunmasına böyük töhfələr verən parkların salınması oldu. Dörd Dövlət Proqramının icrasının davamı olaraq tarixi Zəfərimizin reallıqları əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi hədəfində qeyd edilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. O da bildirilir ki, iqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.

Son illərdə, xüsusilə “Yaşıl dünya naminə həmrəylik ili”ndə görülən yaşıllaşdırma işlərinin miqyası gələcəyə nikbinliklə baxmağa əsas verir. Paytaxt Bakıda və regionlarda yaşıl dünyanın təmin edilməsinə dəstək adı altında keçirilən tədbirlər davamlılığı ilə diqqətdədir. Hazırda hara baxsaq “yaşıl dünya”nın özəlliklərini görürük. Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artmaqdadır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə də yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.

Dövlət başçısı İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış oldu. Nəsimi rayonu ərazisində yeni salınan park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından əhəmiyyətlidir. Yeni parkın salınması gələn ay COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır. Ölkə Prezidentinə burada həyata keçirilən abadlıq və yenidənqurma işləri, yeni salınan parkda yaradılan şərait barədə məlumat verildi. Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin göstərişinə əsasən Nəsimi rayonu ərazisində salınan yeni parkdır. Bildirildi ki, yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Ərazidə asfalt örtüyü ləğv edilərək müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb.

Bu mühüm məqamı da qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyeva tərəfindən də məhəllələrarası parkların yaradılması formatı tətbiq olunur. “Bizim həyət” layihəsi çərçivəsində ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunur, bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxt keçirmək üçün şərait yaradılır.

Ümumilikdə “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Bakı parklar şəhəridir. Son illərin statistikasına əsasən, paytaxt Bakıda 400-ə yaxın park salınıb. Hazırda bu proses uğurla davam etdirilir.

İqlim dəyişikliyinin yaratdığı fəsadların qarşısının alınması, təsirlərinin azaldılması üçün yaşıllaşdırma istiqamətində işlərin görülməsi böyük əhəmiyyətə malikdir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində də həmin bölgələrdə parkların salınmasına xüsusi diqqət göstərilir. Hər bir ərazinin malik olduğu imkanlar bu istiqamətdə görülən işlərdə əhəmiyyətli rol oynayır.

Qeyd etdiklərimiz COP29-a gedən yolda iqtisadi və ekoloji sahədə atılan addımların uğurlu nəticələridir. Azərbaycan ümumilikdə hər bir sahədə zəngin təcrübəsi ilə dünyanın diqqətindədir. Hazırda işğaldan azad edilmiş ərazilərimiz şəhərsalmanın müasir təcrübəsini təqdim edir. Ağdam və Zəngilanda keçirilən Azərbaycan Milli Şəhərsalma forumları bütün imkanlarımızın təqdimatına geniş imkanlar yaratdı.

COP29, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatıdır. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi ilə özünə müsbət imic qazanıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etdi. Cənab İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürdü. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etdi və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etdi. Beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir: “Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.”

Əvvəldə də qeyd etdiyimiz kimi, dünyanın diqqətini bir ilə yaxındır ki, Azərbaycana yönəldən COP29 tariximizin uğurlu səhifələri sırasında özünəməxsus yer tutacaq. Hər bir tədbirin əhəmiyyətini müəyyənləşdirən faktorlardan biri keçirildiyi məkan olur. Azərbaycan COP29-a qalib, bütövləşən, yeni Azərbaycan kimi ev sahibliyi edir. Bundan böyük qürur, xoşbəxtlik ola bilməz. Bu tədbir yeni Azərbaycana 100 minə yaxın qonağa həqiqətlərini, yeni reallıqları çatdırmaq imkanı qazandıracaq. İşğaldan azad edilmiş ərazilərimiz 30 illik işğal, eyni zamanda, şanlı Zəfərimizdən sonrakı dövrün reallıqları barədə qonaqların dolğun məlumatlar əldə etmələrinə yardımçı olacaq.

Yeganə Əliyeva, “İki sahil”