29 oktyabr 2024 20:20
127

COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” elm və sənaye dairələrinin nümayəndələri ilə müzakirəyə qatılıb - FOTO

COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Balakhani Operating Company” və “Surakhani Oil” şirkətlərinin  dəstəyi ilə təşkil edilən iqlim dəyişikliyi ilə bağlı maarifləndirici seminara qatılıb.

“İki sahil” xəbər verir ki, seminar gündəmdə duran mövzu ilə bağlı çağırışları və imkanları nəzərdən keçirib, iqlim dəyişikliyinə dair qlobal siyasətin formalaşmasında Azərbaycanın bu il ev sahibliyi edəcəyi beynəlxalq konfransın rolunu vurğulayıb. 

Leyla Həsənova bildirib ki, COP29 konfransından əvvəl Bakıda baş tutacaq COY19 (Gənclər Konfransı) ölkəmizə dünyanın müxtəlif ölkələrindən 400-dən çox gənc cəlb edəcək və beləliklə, onlar iqlim dəyişikliyi ilə bağlı vahid səs formalaşdıracaqlar. 

Seminarda geniş məruzə ilə çıxış edən BMTİP-in Ətraf Mühit Layihələrinin sabiq rəhbəri, hazırda  “Balakhani Operating Company” və “Surakhani Oil” şirkətlərinin müşaviri Çingiz Məmmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədləri və bu Konvensiyaya qoşulmuş dövlətlərin öhdəliklərini izah edib. Xüsusilə, Azərbaycanın hədəfləri üzərində dayanan ekspert neft hasilatı ilə məşğul olan əməliyyat şirkətlərinin istixana qazlarının azaldılmasına yönəlmiş səmərəli tədbirləri, o cümlədən torpaqların yaşıllaşdırması, tullantılardan təmizlənməsi, rekultivasiyası, çirklənmiş gölməçələrin qurudulması və lay suların zərərsizləşdirilməsinin verdiyi müsbət töhvələrdən danışıb.

Digər əsas məruzəçi, AzMİU-nun mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov isə “Müasir binalarda enerji resursları” mövzusunda çıxış edərək, müasir tikililərdə enerjinin səmərəli idarə edilməsinin iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım olduğunu vurğulayıb. O, qeyd edib ki, Bakıda enerji idarəetmə qaydalarına tam uyğun binalar tikildikdə, şəhərin enerji təchizatı sistemi daha az yüklənər. Professor Məmmədov əlavə edib ki, enerji səmərəliliyi yalnız inşaatçılar, kommunikasiya mühəndisləri deyil, şəhərsalma mütəxəssisləri, memarlar  qarşısında da ciddi tələbələr qoyur. 

Açıq və interaktiv müzakirə formatında keçirilən seminarda AzMİU tələbələr və müəllim heyəti üzvləri iqlim dəyişikliyi mövzusunda elm və sənaye dairələrinin nümayəndələrinə, o cümlədən praktiki suallarını  ünvanlayıb, mövzu ilə bağlı  ətraflı cavablar alıblar.