25 oktyabr 2024 12:33
333

Mədəniyyət Nazirliyinin təqaüd proqramının seçim mərhələsi başa çatıb

Mədəniyyət Nazirliyi Kollegiyasının Müvafiq Qərarı ilə təsdiq edilmiş “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"nın seçim mərhələsinin başa çatıb. Ssözügedən təqaüd proqramının təqdimatı və namizədlərin elan olunması ilə bağlı Milli İncəsənət Muzeyində mətbuat konfransı təşkil olunub.

Əvvəlcə, “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na müraciət edən tələbələrin məqsəd və hədəflərini əks etdirən videorolik təqdim edilib.

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova təqaüd proqramının əhəmiyyəti barədə fikirlərini bölüşdükdən sonra çıxışçıları təqdim edib.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov mədəniyyət sahəsində təhsillə bağlı islahatlar haqqında söhbət açıb. O bildirib ki, bu il “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində digər ixtisaslarla yanaşı, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə azərbaycanlı tələbələr mədəniyyət sahəsi üzrə təhsil almaq şansı qazanıblar. C.Valehov mədəni yaradıcılıq sənayesinin müasir iqtisadi anlayışın mühüm tərkib hissəsi olduğunu bildirib və dünyanın müxtəlif yerlərində bu istiqamət üzrə təhsil alan azərbaycanlı tələbələrə dəstək göstərilməsinin sevindirici hal olduğunu vurğulayıb.

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov təqaüd proqramı barədə geniş məlumat verib. O bildirib ki, azərbaycanlı tələbələr dövlət dəstəyi ilə mədəniyyət sahəsi üzrə 15 əsas ixtisas üzrə xaricdə təhsil alacaqlar. R.Əzizov qeyd edib ki, ilkin mərhələdə 18 nəfərin — Türkay Qasımzadə, Nigar Askarova, Elmira Əzizxanlı, Aynur Abdullayeva, Nilufər Ələkbərova, Şahin Əlibəyli, Nəzrin Məmmədova, Məryəm Abdulla, Cəmilə Gül, Nuray İbrahimli, Nuray Həsənova, Cahid Cavadov, Əsli Səmədova, Lalə Sultanlı, Məmməd Mahmudzadə, Ülviyyə Fərəcova, Bilal Paşayev, Fərhad Fərzəliyev mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüdə layiq görülüb. R.Əzizov, həmçinin təqaüdə layiq görülən tələbələrin Almaniya, İtaliya, Türkiyə, Avstriya, Fransa, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müxtəlif nüfuzlu universitetlərində təhsil aldıqlarını konfrans iştirakçılarının nəzərinə çatdırıb. R.Əzizov bildirib ki, bu istiqamətdə dövlət büdcəsindən 1 milyon manata yaxın pul ayrılıb və növbəti illər təqaüdçülərin sayının artırılması nəzərdə tutulub.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov təqaüd qazanan tələbələrin təhsil prosesini və fəaliyyətlərini daim diqqət mərkəzində saxlamağın zəruriliyini qeyd edib.

Sonda çıxışçılar media nümayəndələrinin suallarını cavablandırıblar.

Yaqut Ağaşahqızı, "İki sahil"