25 oktyabr 2024 11:14
220

İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Sizin qardaş Qazaxıstanın hərtərəfli inkişafına yönəlmiş qətiyyətli siyasətiniz və həyata keçirdiyiniz islahatlar nəticəsində ölkəniz mühüm nailiyyətlər və uğurlar əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Qazaxıstana hər səfərimdə çiçəklənən və müasir bir diyara çevrilmiş ölkənizi görməkdən böyük qürur duyuram.

Xalqlarımızın ortaq tarixi-mədəni köklərindən güc alan, qarşılıqlı inam və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələrinin və əməkdaşlığının gündən-günə genişlənərək yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Qarşılıqlı ali və yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynayır. Bu mənada cari ilin martında Azərbaycana dövlət səfərinizi xüsusi qeyd etmək istərdim.

Azərbaycan qardaş Qazaxıstanla iqtisadiyyat, nəqliyyat-logistika, rəqəmsallaşma, infrastruktur, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə səmərəli tərəfdaşlığın inkişaf etdirilməsində və birgə layihələrin reallaşdırılmasında maraqlıdır.

Əminəm ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi, xalqlarımızın firavanlığı, ölkələrimizin və regionumuzun rifahı naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm".