Keratopiqmentasiyanı – gözümüzə qədər gəlib çatan “tatuaj” hesab etmək olar.
Buynuz qişa döyməsi hesab edilən keratopiqmentasiya haqqında ilk qeydlərə qədim tibbi mətnlərdə rast gəlmək olar. Həkimlər buynuz qişada çapıqlar nəticəsində yaranan ağ ləkə olan leykomanı maskalamaq üçün buynuz qişaya piqment yeritmək kimi primitiv üsullardan istifadə edirdilər. 19-cu əsrdə buynuz qişaya döymə üsulu daha populyarlaşdı və müxtəlif buynuz qişa qüsurları olan xəstələrin gözlərinin görünüşünü yaxşılaşdırmaq üçün istifadə edildi. Həkimlər istənilən effekti əldə etmək üçün müxtəlif bitki və mineral piqmentlərdən istifadə edirdilər.
Düzdür, keratopiqmentasiya əməliyyatı qüzehli qişanın lazerlə rəng dəyişimi ilə müqayisədə az travmatikdir, ağrısızdır, əməliyyat gözlərin təbii rəngini tamamilə dəyişdirə bilər və geniş rəng seçiminə malikdir.
AMMA, rəngli buynuz qişa ilə göz qeyri-təbii görünür və protezə bənzəyir. Boyanın zamanla yuyula biləcəyini də nəzərə almağa dəyər, buna görə əlavə korreksiya tələb oluna bilər. Əməliyyatdan sonra əvvəlki göz rənginə qayıtmağınız qeyri – mümkündür.
Eyni zamanda aşağıda göstərilən müxtəlif növ ağırlaşmalar rast gələ bilər:
• Fotofobiya
• Buynuz qişanın deformasiyası
• Buynuz qişada yeni damarların əmələ gəlməsi
• Quru göz sindromu
• Gözdə yad cisim hissiyatı
• Buynuz qişanın infeksiyaları (baktaerial, virus, göbələk)
• Boyanın qeyri-bərabər paylanması
• Korluq
Uğurlu əməliyyat görmə itiliyinə və rəng qavrayışına pis təsir göstərməsə də, qaranlıqda bəbək genişləndikdə rənglənmiş buynuz qişa sahəsi optik sahəyə daxil olur və görmənin keyfiyyəti aşağı düşür. Bundan başqa keratopiqmentasiya bəbək genişlənərək göz dibinə baxılmasını çətinləşdirir.
Müxtəlif ölkələrdə edilən araşdırmalara görə, göz rəngini dəyişənlər arasında fotohəssaslıq ən çox görülən simptomdur. Bəzi rənglər isə tamamilə təhrif oluna bilər.
Bu ilin yanvar ayında Amerika Oftalmologiya Akademiyası göz rənginin dəyişdirilməsi əməliyyatı ilə bağlı risklər barədə xəbərdarlıq edib. Mümkün fəsadlar arasında buynuz qişanın zədələnməsi, bulanıqlıq və ya görmə itkisi, işığa qarşı həssaslığın artması, allergik reaksiyalar, bakterial infeksiyalar, piqmentin qeyri-bərabər paylanması və gözə piqment sızması daxildir. Prosedur nisbətən yeni olduğundan və yaxşı tədqiq edilmədiyindən, gələcək təsirləri barədə məlumat yoxdur.
Bu risklərə görə, Fransa, İngiltərə, Kanada və ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələrdə keratopiqmentasiya qadağandır. Bu ölkələrdə əməliyyatın risklərinin mümkün estetik faydalardan çox üstün olduğuna inanırlar.
Sosial şəbəkələrdə geniş vüsətdə keratopiqmentasiya barədə yayılan video çarxlardan ilham almış, tibbi təsəvvürü məhdud olan vətəndaşlarımızın qeyri-normal istəklərini həyata keçirən, maddi marağını vətəndaşın rifahından üstün tutan həkimlərə mürciətdən əvvəl bir qədər düşünürək, maariflənərək, sözün əsl mənasında mütəxəssis məsləhəti alaraq qərar verməyə çağırırıq sizləri!
Bu cür əməliyyatlar yalnız ekstremal hallarda istifadə edilməlidir!
Rəng dəyişimi üçün rəngli kontakt linzalar ən asan və təhlükəsiz yoldur. İstənilən rəngi əldə etməyə imkan verir. Linzaların istifadə rejiminə və qaydalarına əməl etsəniz, ağırlaşmalar və görmə itkisi riski olmayacaqdır. Bundan əlavə, istənilən vaxt təbii göz rənginizə qayıda bilərsiniz.
Gözləri mədh edən şeir də gerçək,
Gözün öz dilində yazılsın gərək,
Bu dil müəmmadır, bu dil çətindir,
Bu dillə dinəni bu dillə dindir.
Bəxtiyar Vahabzadə.
Yazgül Abdıyeva,
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, tibb elmləri doktoru