21 oktyabr 2024 23:44
243

Yarımçıq qalmış “daş yuxu”lar...

Yaxud Mustafa Hacıbəylinin “oktyabr inqilabı” xəyalı

Oktyabrın 26-da qonşu və dost ölkə olan Gürcüstanda parlament seçkiləri keçiriləcək. Budəfəki seçkilər yalnız proporsional sistem üzrə, yəni partiya siyahıları əsasında və geniş miqyasda elektron texnologiyalardan - səslərin yoxlanılması və hesablanması aparatlarından istifadə edilməklə keçiriləcək. 

Müşahidələr göstərir ki, parlament seçkiləri yaxınlaşdıqca siyasi partiyalar arasında rəqabət getdikcə qızışır. Siyai partiyalar parlamentdə hər bir yer uğrunda gərgin mübarizə aparırlar. Obrazlı desək, “oyun” gərgin mübarizə şəraitində keçir. Keçirilən rəy sorğularına görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası böyük fərqlə liderliyini qoruyub saxlayır. GORBI Beynəlxalq İctimai Rəyi Araşdırma Mərkəzinin keçirdiyi sonuncu rəy sorğularının nəticələri də müxalifətin gerilədiyini göstərir. Mərkəz “Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hansı partiyaya səs verəcəksiniz?” sualı əsasında rəy sorğusu keçirib. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasına respondentlərin 59,5 faizi səs verib.

Qərbin dəstəklədiyi Gürcüstan müxalifəti isə ölkədə saxta inqilab cəhdinə hazırlaşır. Bunun üçün ssenari də hazırlanıb. Oktyabrın 20-də parlament seçkilərinə bir həftə qalmış müxalifət Avropa İttifaqına inteqrasiya tələbi ilə Tbilisidə yürüş keçiriblər. Maraqlıdır ki, Qərbin Gürcüstandakı emissarı, Prezident Salome Zurabişvili parlament seçkiləri günü, yəni oktyabrın 26-da Prezident Administrasiyasının binasında həmin gün baş verəcəkləri izləmək üçün koordinasiya platforması yaradılacağını bəyan edib. Zurabişvili, eyni zamanda, əlavə edib: “O zaman biz qələbəni birlikdə qeyd edəcəyik”.

Tbilisi şəhərinin meri Kaxa Kaladze bu məsələyə münasibət bildirib: “Gürcüstan prezidentinin müxalifətlə əməkdaşlığının heç bir əhəmiyyəti yoxdur. Bu müxalifətin, istər birləşmiş, istərsə də parçalanmış, istər Salome ilə, istərsə də onsuz, istər Şalikonun çardağı ilə, istərsə də onsuz sıfıra bərabər şansı var. Onların heç bir imkanları yoxdur, reallıq budur. Bu reallığı təhrif etmək, cəmiyyətə başqa cür təqdim etmək istəyirsinizsə, bu sizin işinizdir. Davam edə bilərsiniz, amma bugünkü reallıqda “Gürcü Arzusu”nun konstitusiya çoxluğu ilə qalib gəlmək imkanı var. Salome Zurabişvili qərargah qurduğunu dedi. Mən bunu təqdir edirəm, çünki o insanlar “Gürcü Arzusu”nun qələbəsini və konstitusiya çoxluğu ilə hakimiyyətə gəlməsini bizimlə birlikdə qeyd edəcəklər. Bugünkü şəraitdə radikalizmin, şərin nəsə bir uğur əldə etməsi imkansızdır”.

Şübhəsiz, biz palament seçkiləri ərəfəsində qonşu və dost ölkədə baş verənləri geniş şərh etmək fikrində deyilik. Amma Müsavat Partiyasının sədr müavini Mustafa Hacıbəylinin bir neçə gündən sonra Gürcüstanda baş tutacaq parlament seçkilərinə Azərbaycan rəsmilərinin  müdaxiləsinə dair absurd, əsassız, gülünc və ikrahdoğurucu iddialar irəli sürməsi bizi bir az fikrə saldı ki, məsələyə bir-iki kəlmə ilə öz münasibətimizi bildirək.

Bəsit dünyagörüşünə, qeyri-sağlam təfəkkürə malik olan təcrübəsiz və naşı siyasətbaz M.Hacıbəyli sosial şəbəkə seqmentlərində görün nə yazır: “Tbilisidə millət dörd tərəfdən meydana axışdı. Bu dəqiqələrdə Gürcüstanda möhtəşəm mitinq keçirilir. 26 oktyabr seçkilərində Gürcüstanın taleyi həll olunacaq. Qonşu dövlət ya Rusiyanın qucağına qayıdacaq, hətta  öz ərazi bütövlüyünü bərpa etməyə cəhd göstərdiyi üçün, B.İvanişvilinin vəd etdiyi kimi, separatçılardan üzr istəyəcək,  ya da müstəqil siyasət yürüdərək mütərəqqi dünyanın bir parçasına çevriləcək... Son günlər Azərbaycan rəsmiləri Kremlin tapşırığı ilə Gürcüstandakı seçkilərə qanunsuz müdaxilə edir, Borçalıdakı soydaşlarımızı “Rusiya arzusu”na səs verməyə təşviq edirlər. Amma əbəs cəhdlərdir, sorğuların nəticələri və obyektiv təhlillər onu göstərir ki, rüsvay olacaqlar.

Tamamilə absurd, mənasız və gülünc fikirlərdir. Daha doğrusu, əsassız və mənəviyyatsız ittihamlardır. Açıq-aşkar görünür ki, peşəkar  manipulyasiyaçı M.Hacıbəyli eynilə siyasi kələkbaz, gah “jurnalist”, gah “ideoloq”, gah nə bilim “nə zibilski” olan Daşqın Gülməmmədovun izi ilə gedərək Qərbdəki məlum dairələrin qərəzli sifarişlərini yerinə yetirərək ölkəmizə qara yaxmaq üçün ən çirkin vasitələrə əl atır. M.Hacıbəyli kimi qeyri-sabit, qeyri-ciddi fikirləri ilə gündəmdə qalmağa çalışan nimdaş siyasətbazlar unudurlar ki, Azərbaycan heç bir dövlərin daxili işlərinə qarşımır, özünün də daxili işlərinə qarşımağa heç bir qüvvəyə imkan vermir. Bu mənada Gürcüstan vətəndaşlarının seçimi də ölkəmizin daxili işi deyil.

Əminliklə demək olar ki, Gürcüstan vətəndaşları oktyabrın 26-da düzgün seçimini edərək sabitliyə, təhlükəsizliyə, rifaha, nəinki öz ölkələrinin, bütövlükdə Cənubi Qafqazın işıqlı gələcəyinə  səs verəcəklər. M.Hacıbəyli kimi siyasi fırıldaqçı və avantüristlərin nəinki Gürcüstanı, ümumiyyətlə, bütöv bir regionu xaosa, anarxiyaya, siyasi və iqtisadi  böhran girdabına sürükləyən “oktyabr inqilabı” arzuları gözlərində qalacaq...

Zahid Rza, “İki sahil”