Öncə onu bildirək ki, partiyaların sayı ilə bağlı olan peşəkar polemika politologiya elminin açıq qalmış mövzularından biridir. Konkret ölkə üçün partiyalarının ideal sayını müəyyən edə biləcək düstur yoxdur. Məhz buna görə də “partiyaların sayı” mövzusu çox zaman ucuz demaqogiyaların predmetinə çevrilir. Çirkli siyasət yürüdənlərin qərəzli niyyətləri ifşa olunduqca onların manipulyasiya alətləri tükənir. Mövcud kontekstdə siyasi maarifçiliyin ictimai əhəmiyyəti son dərəcə aktuallaşır. Dünya ölkələrinin təcrübəsinə diqqət yetirsək açıq şəkildə görə bilərik ki, məhz islahatlar və regional münaqişələr olan dövrdə qərəzli ritorika, habelə siyasətdə radikal meyillər xüsusi olaraq artır. Mövcud təsbit obyektiv siyasi qanunauyğunluq kimi qəbul olunmalıdır. Odur ki, çalışaq populyar şəkildə siyasi partiyaların sayı ilə bağlı olan qərəzli demaqogiyanın təbiətini və səbəblərini müəyyən edək.
Qeyd olunanları nəzərə alaraq, siyasi şivənlərin daha bir manipulyasiya alətlərini tərk-silah edək ki, onların demaqoji manevr imkanları bir qədər də məhdudlaşdırılsın. Dönüb geriyə baxan zaman artıq bizdən çox uzaq görünən 1997-ci ildə tələbə ikən iki siyasi partiyanın proqramlarının müqayisəli təhlilinə həsr olunmuş referatı yazmış bir şəxs kimi, tam məsuliyyətlə deyə bilərəm ki, siyasi partiyalar təqribən son 3-4 il ərzində olduğu kimi heç zaman ölkənin siyasi ritorikasında bu qədər yer tutmamışdır.
Bu fikirlər politoloq Asif Adilin “Çoxpartiyalı sistem ətrafında aparılan polemika” sərlövhəli məqaləsində yer alıb.
“İki sahil” məqaləni təqdim edir.
Birmənalı deyə bilərik ki, bu gün “siyasi partiyalar” və “siyasi dialoq” ölkənin siyasi ritorikasının ən populyar mövzularıdır. Əlbəttə ki, mövcud vəziyyət uzun illər ərzində ölkəmizdə müxalifətçiliyi inhisarçılığa almış radikallara sərf edə bilməz. Partiya sisteminin inkişaf olunması və siyasi münasibətlərinin sağlamlaşdırılmasına xidmət edən tədbirlər onların marağında ola bilməzlər. Axı siyasi partiyalarının pas bağlamış keçmiş vəziyyəti təxribatlar üçün daha əlverişli mühitdir.
Heç çəkinmədən deyə bilərik ki, bu gün siyasi partiyalar sahəsində aparılan islahatlar ölkənin siyasi sistemini xarakterizə edən əsas keyfiyyət göstəricilərindəndir. Sözügedən obyektiv həqiqətin demaqoqlar tərəfindən görməzdən gəlməyinin tək səbəbi onların qərəz dolu xain xislətidir. Ola bilsin ki, “xain xislət” ifadəsi kimlər üçünsə sərt söz birləşməsi kimi səslənsin, ancaq dövlət və cəmiyyətin inkişafına qarşı olan mövqeyin xainlikdən başqa adı ola bilməz. Yeri gəlmişkən, onu da vurğulayaq ki, tarixdə heç zaman olmadığı qədər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin artırılmasına səbəb ola biləcək COP29-a qarşı bəzilərinin çıxış etməsinə vadar edən əsas səbəb onların xain xislətidir. Əslində təəccüblənməyə dəyməz, tarixi Qələbəmiz ətrafında belə çirkin manipulyasiya aparanlardan başqa nə gözləmək olar ki? Onların hədəfi inkişaf və birlik deyil, tam əksinə, tənəzzül və cəmiyyətin parçalanmasıdır.
Qayıdaq bilavasitə mövzumuza: körpə uşaq şirin deserti sevdiyi kimi, populistlərin də son dövrlər ən sevdikləri demaqogiya mövzusu ölkədə mövcud siyasi partiyaların sayı ilə bağlıdır. Bir gün gördükləri yuxuda onlara vəhy gəlir ki, ölkədə siyasi partiyaların sayı çoxdur. Başqa bir gün isə yataqlarından sol ayaqla duranda, tam əksinə, hesab edirlər ki, demə, partiyalarının sayı faciəvi şəkildə azdır. Qeyd olunanlar, əsla zarafat və ya istehza deyil. Ucuz populistlərin siyasi partiyalar ilə əlaqədar ritorikalarına diqqət yetirən zaman hər kəs siyasətpərəstlərin bu cür fikir dəyişkənliyinə şahidlik edə bilər. Əslində prinsipsizlik də bilavasitə radikal təfəkkürün məhsuludur.
Sadəlövh tələbəlik illərimdə müqayisə təyinatlı bəsit bir referatı yazmaq üçün siyasi partiyalara onların proqramlarını əldə etmək xahişi ilə müraciət edən zaman “yox, təqdim edə bilmərik” cavabını eşidəndə təəccüblənirdim. İbtidai kargüzarlıq işlərindən xəbəri olmayan, habelə digər partiyalardan nə ilə fərqləndiyini müəyyən edən proqrama sahib olmayan siyasi təşkilat necə fəaliyyət göstərir və ya onun fəaliyyətinin həqiqi təyinatı nədir? Əlbəttə ki, ikinci kursun tələbəsi bunları anlaya bilməz. Tələbə haradan bilsin ki, partiyaların əksəriyyəti adi köşk kimi, sadəcə siyasi alver üçün istifadə olunurmuş?
İndi isə siz də təəccüblənməyə hazırlaşın. Yalnız illər sonra mənə aydın oldu ki, o zaman referat üçün istədiyim açıq xarakterli sənədlər partiyalarda sadəcə yox imiş. Faciə isə ondan ibarətdir ki, mahiyyət etibarilə təqribən eyni vəziyyət “Partiyalar haqqında” yeni Qanun qəbul olunana qədər, yəni, 2022-ci ilə qədər mövcud idi. Heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” yeni Qanun qüvvəyə minən gün ölkənin siyasi partiyalar tarixinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsinin başlanğıcıdır. Qanun siyasi münasibətlərin keyfiyyətinin artmasına xidmət edən müasir siyasi fəaliyyətin qayda və meyarlarını müəyyən edir. Təsadüfi deyil ki, ölkəmizdə partiya işinin təkmilləşməsini tələb edən və partiya fəaliyyətinin müasir meyarlarını özündə əks etdirən yeni Qanun təxribatçı qüvvələri çox narahat etmişdir.
“Çoxpartiyalı sistem” ifadəsinin ən mübahisəli hissəsi “çox” sözüdür. Burada əsas fəlsəfi sual: “çox nə deməkdir və partiyaların sayı nə qədər olmalıdır ki, bu rəqəm çox sayılsın?” Fəlsəfi diskurs kontekstində başqa bir sual da verilə bilər: partiyaların sayının çox olması yaxşı və ya pis haldır? Ona görə də məsələ ilə bağlı ucuz və peşəkarlıqdan uzaq olan demaqogiyanın inkişafı yolverilməzdir. Mövcud məsələdə mütləq prioritet milli maraqlarımız olmalıdır.
Çoxpartiyalı sistem mükəmməldirsə və bu sistem demokratik münasibətlərin göstəricisidirsə niyə ABŞ-da Prezident seçkilərində rəqabət əsasən iki partiya nümayəndəsinin arasında aparılır? Razılaşın ki, düşündürücü sualdır. Məsələyə sırf nəzəri kontekstdə də yanaşmaq olar. Politoloji nəzəriyyədə neçə siyasi ideologiya mövcuddur ki, bir ölkədə 60-70 siyasi partiya fəaliyyət göstərsin? Azərbaycanda siyasi partiyaların sayı ilə bağlı olan polemikada daha bir prinsipial amil xüsusilə nəzərə alınmalıdır: Ulu Öndər Heydər Əliyev kimi dahi siyasətçi və ölkənin inkişafını tarixi Qələbəyə qədər çatdırmış Müzəffər Prezident İlham Əliyev kimi şəxslərin 700 mindən çox üzvü olan partiyaya rəhbərlik etdiyi bir ölkədə 60-70 siyasi partiyanın mövcudluğu demokratiyanın inkişafına, yoxsa partiyaların bir siyasi təsisat kimi ucuzlaşdırılmasına xidmət edir? Cavab son dərəcədə bəllidir. Odur ki, bu gün siyasi partiyalar müstəvisində atılan bütün təşəbbüslər demokratik münasibətlərin və dayanıqlı demokratik ənənələrin formalaşdırılmasına, habelə siyasi partiyaların ölkənin həyatında oynadıqları rolunun artırılmasına xidmət edir.
Prezident İlham Əliyevin növbəti sözləri yuxarıda qeyd olunan mülahizələri əminliklə səsləndirməyimizə səbəbdir: “Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi... Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır...” 01.05.2020).