Azərbaycan bu sosial kabusdan qoruna biləcəkmi?
«Su həyatdır» deyiminin məna tutumu elə həyatın özü qədər böyük və dəyərlidir. Su həm də təmizlikdir, saflıqdır. Su muraddır uzaq səfərə çıxanın arxasınca atırlar ki, yol gedənin arxaısından atırlar ki, niyyətinə sağ və salamat qovuşsun. Həm də deyirlər ki, su qədər ömrün olsun- yəni uzun və əbədi. Ancaq son zamanlar ekoloji problemləri o qədər çoxalıb ki, dünyada bir su qıtlığı kabusu dolaşır. Ondan xilas olmaq üçün dünyanın hər yerində həyəcan təbili çalınır. Ekoloqların qəti fikirlərinə görə, yaranmış su böhranını aradan qaldırmağın yolları qısa müddətdə tapılmasa bəşəriyyət ciddi fəlakətlərə məruz qalacaq.
Beynəlxalq təşkilatların su ehtiyatlarının vəziyyətinə dair 2024-cü ildəki hesabatlarnda bildirilir ki, dünyada su çatışmazlığı hər gün artır. BMT-nin məlumatına görə, dünyada, təxminən, 2,2 milyard nəfər insanın təmiz içməli suya, 3,5 milyard nəfərin isə sanitariya xidmətlərinə çıxışı yoxdur. 2050-ci ilədək suya tələbatın, təxminən, 40 faizdən çox artacağı gözlənilir ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər. Hazırda iqlim dəyişikliyi nəticəsində quraqlığın artdığı və 1,4 milyarddan çox insanın bu fəsaddan əziyyət çəkdiyi bildirilir.
Təbii ki, həmin bəla Azərbaycandan da yan keçmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və regiondakı su ehtiyatının yalnız 15 faizi qədərdir. Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları, əsasən, çaylarda cəmlənib. Həmin su ehtiyatlarının 67-70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə ölkəmizin daxili çaylarında formalaşır. Hesablamalara görə, təxminən 50-55 il sonra Azərbaycanda su ehtiyatlarının 35 faizinin azalması gözlənilir. Belə bir zamanda mövcud ehtiyatlardan səmərəli istifadə suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, son 5 il ərzində Mingəçevir su anbarının ehtiyatları 50 faiz azalıb. 7-8 ildir ölkə ərazisində daha çox quraqlıq müşahidə edilir. Bu, yağıntının miqdarının az olması, həmçinin ölkəyə daxil olan transsərhəd çaylarında suların az olmas ılə əlaqədardır.
Vəziyyətin gələcəkdə daha təhlükəli həddə çatmaması üçün Prezident İlham Əliyev önəmli addımlar atıb. Belə ki, ölkə başçısı cari ilin 10 oktyabr tarixində «Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya»nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə (2024−2027-ci illər) su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmə təkmilləşdiriləcək. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması gerçəkləşdiriləcək.
Milli Strategiyada bildirilir ki, ölkəmizin bərpaolunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan formalaşır. Bərpaolunan şirin su ehtiyatının 17,8 milyard kubmetri (67,9 faizi) isə yerüstü şirin su ehtiyatları hesabına yaranır. Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının, təxminən, 15 faizini təşkil edir. Eyni zamanda, respublikamızda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. Qiymətləndirmələrə görə, su itkilərinin yaranmasına səbəb əksər suvarma kanallarının 75 faizinin torpaq məcralı olması və suvarma sistemlərinin köhnəlməsidir.
Bu gün Azərbaycanda 140-dan çox su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 15,7 milyard kubmetr), Şəmkir (həcmi 2,7 milyard kubmetr), Araz çayı üzərindəki Xudafərin (həcmi 1,6 milyard kubmetr) və Araz (həcmi 1,3 milyard kubmetr), habelə Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,56 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi həcmi isə 24 milyard kubmetrə yaxındır. Ölkə ərazisində mövcud 700-ə yaxın gölün əksəriyyəti də yay aylarında quruyur. Qurumayan təbii göllərin sayı, təxminən, 250-dir. Sahəsi 1 kvadratkilometrdən çox olan və böyük təsərrüfat əhəmiyyəti daşıyan göllərin sayı 25-dir. Göllərin ümumi su ehtiyatı 0,9 milyard kubmetrə, şirinsulu göllərin ehtiyatı isə 0,03–0,05 milyard kubmetrə yaxındır.
Azərbaycanda qrunt (yeraltı) suları yüksək keyfiyyəti ilə seçilir. Çaylara axan suyun 16−17 faizi yeraltı suların payına düşür. Yeraltı suların hər il 2 milyard kubmetrdən artığı əkin sahələrinin suvarılmasına və yaşayış yerlərinin su təchizatına sərf edilir. İstismara yararlı qrunt sularının ümumu tutumu bir il üçün 8−9 milyard kubmetr arasında hesablanır. Ən çox ehtiyata malik yeraltı sular Qusar maili düzənliyindədir və ehtiyatı 1,3 milyard kubmetr təşkil edir. Yeraltı sularla ən az təmin olunan ərazi Abşeron yarımadasıdır.
Milli Strategiyada ölkədə su itkilərinin yaranma səbəblərinin aradan qaldırılması istiqamətində son illər ərzində bir sıra layihələrin həyata keçirilməsi də vurğulanıb. Eyni zamanda, perspektivdə də görüləcək işlər diqqətə çatdırılıb. Məsələn, suyun dövlət uçotu sisteminin təkmilləşdirilməsi və qanunsuz müdaxilələrin qarşısının alınması, müasir suvarma üsullarının tətbiqinin genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 faizə çatdırılması, şirin su ehtiyatlarının artırılması məqsədilə 4 yeni su anbarının yaradılması, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatının 85 faizə, suvarma suyu təminatının isə 90 faizə çatdırılması, alternativ su mənbələrindən istifadənin təşviq edilməsi, sayğaclaşma səviyyəsinin 100 faizə qaldırılması, içməli su təchizatı üzrə itkilərin 33 faizə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 faizə qədər azaldılması qarşıya mühüm vəzifə kimi qoyulub.
Elçin Zaman, «İki sahil»