19 oktyabr 2024 02:26
371

Böyük Britaniya alimləri 6G sürətini rekord həddə çatdırıblar

Britaniya alimləri 6G test standartında mobil internetin sürətini saniyədə 1 terabayt rekord həddə çatdıra biliblər ki, bu da orta 5G-nin təqdim etdiyindən 9 min dəfə yüksəkdir.

Tədqiqat London Universitet Kollecinin alimləri tərəfindən aparılıb və tədqiqatçılar onun nəticələrini “Journal of Lightwave Technology” elmi jurnalında paylaşıblar.

Məlumat ötürülməsini sürətləndirmək üçün elm adamları spektrin aşağı diapazonunda lazerlərdən istifadə ediblər.

Məqalənin müəlliflərindən biri Zixin Liunun qeyd etdiyi kimi, laboratoriya şəraitində 6G standartında məlumatların ötürülməsinin orta sürəti saniyədə 938 qiqabit, bəzi hallarda isə 1 terabiti ötüb.

Alimin fikrincə, məlumatların ötürülməsinin sürətlənməsini 10 zolağa qədər genişləndirilmiş “bir zolaqlı yol”la müqayisə etmək olar. Hazırda smartfonlara yeni texnologiyanın tətbiqi ilə bağlı danışıqlar aparılır.

Xatırladaq ki, Rusiya Rəqəmsal İnkişaf Naziriyinin rəhbəri Maksut Şadayev sentyabr ayında bildirmişdi ki, Rusiya Federasiyasında 6G standartlarının inkişafı ilə bağlı elmi tədqiqatlar 2025-ci ildə başlayacaq.

Nubar Süleymanova, “İki sahil”