18 oktyabr 2024 16:21
335

Yeni dövrün çağırışları və başlıca strateji hədəflər fonunda qarşıda mühüm vəzifələr durur

Müsahibimiz YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov

-    Elman müəllim, Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında Azərbaycanın qarşısında duran mühüm vəzifələr, o cümlədən xarici siyasətin prioritetlərindən  geniş bəhs etdi, təhlükəsizlik çağırışları ilə əlaqədar vacib məqam və məsələləri diqqətə çatdırdı. Postmüharibə dövrünün reallıqları fonunda bu barədə nə deyə bilərsiz?

-    Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazaraq ərazi bütövlüyü və suverenliyimizi tam təmin edən güclü ordusunda öz təsdiqini tapır. Məhz həmin siyasətin nəticəsi olaraq 2024-cü ildə həm prezident, həm də parlament seçkiləri suveren ölkəmizin bütün ərazilərində keçirilmişdir. Miqyas və əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bu reallığı tarixi hadisə kimi xarakterizə etmişdir. Həmin iclasda dövlətimizn başçısı proqram xarakterli nitq söyləyərək, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından sonra yaranan yeni reallıqda qarşıda duran strateji əhəmiyyətli vəzifələri müəyyən etmiş, mövcüd təhlükə, təhdid və çağırışların mahiyyətini açmış və onların aradan qaldırılması düsturunu göstərmiş, xarici siyasət kursunun çevikliyi və dəyişən dünya reallıqlarına adekvat reaksiya qabiliyyəti ilə bağlı stratejiyönümlü baxışlarını ifadə etmişdir. Bəs konkret olaraq dövlətimizin başçısı hansı strateji vəzifələri ön plana çəkmişdir?

Birincisi, hərbi gücümüz artırılmalıdır. Bu məsələni prioritet istiqamət kimi irəli sürən cənab İlham Əliyev vurğulamışdır ki, işğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci hərbi xərclərdir. Bu gün də belə olmalıdır.

Həqiqətən də, Ali Baş Komandan İlham Əliyev prezidentliyinin ilk ilindən başlayaraq müəyən etdiyi strateji niyyətin - torpaqlarımızın işğaldan azad olunması vəzifəsinin icrası naminə ölkəmizin hərbi və təhlükəsizlik potensialının artırılmasına xüsusi diqqət ayırdı. Əgər 2003-cü ildə dövlətimizin müdafiə və təhlükəsizlik büdcəsi 135 milyon dollar təşkil edirdisə, yenilməz ordumuzun tarixi Zəfərə imza atdığı 2020-ci ildə bu göstərici 1.9 milyard dollara, 2021-ci ildə isə 2.7 milyard dollara yüksəlmişdir. Cari ildə - 2024-cü ilin may ayında büdcənin dürüstləşmədən sonra isə müvafiq xərcləri 414 milyon dollar artırılmaqla 3,8 milyard dollardan 4,2 milyard dollara qaldırılmışdır. Müqayisə üçün qeyd edək ki, revanşizmin tüğyan etdiyi məğlub Ermənistanda müvafiq göstərici hazırda 1,4 milyard dollara bərabərdir. “İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”. Dövlətimizin başçısının səsləndirdiyi bu acı reallıq fonunda hərbi güc və təhlükəsizlik məsələlərinin hələ uzun müddət beynəlxalq gündəliyin əsas prioritetlərdən biri olacağı şübhə doğurmur.

Beynəlxalq gündəliyin bu reallığı fonunda qətiyyən arxayınlaşmaq olmaz. Qeyd edilən istiqamət üzrə ardıcıl və sistemli adımlar atılmaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, İkinci Qarabağ müharibəsindən ötən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı: “Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.

İkinci strateji vəzifə ölkəmizin hərbi-sənaye kompleksinin daha da möhkəmləndirilməsi və sürətli inkişafı məqsədini özündə ehtiva edir. Bu, ilk növbədə, yerli hərbi təyinatlı məhsulların istehsalı, xarici tərəfdaşlarla yeni istehsalat sahələrinin yaradılması, istehlakı və ixracı ilə bağlı məsələlərdir. Bu sahəyə böyük həcmdə maliyyə vasaitlərinin qoyulması və real nəticələrin hasil olunması əsas hədəflərdəndir. Bəs məqsəd nədir? Prezident İlham Əliyev bildirib: “İlk növbədə, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. İkincisi, biz xarici mənbələrdən daha az asılı olmalıyıq”.

Qeyd edilən istiqamətdə atılan addımların dinamikası göstərir ki, artıq ciddi uğurlar əldə edilmişdir. Müdafiə Sənayesi Nazirliyinin verdiyi məlumata əsasən, 2007-2023-cü ilin 9 ayı ərzində ölkəmizdə ümumilikdə 4 milyard 7 milyon manatlıq hərbi təyinatlı məhsullar istehsal edilmişdir. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə bu göstərici cəmisi 40,8 milyon manata bərabər olmuşdur. 2023-cü ilin 9 ayı ərzində isə 386,2 milyon manatlıq hərbi məhsullar istehsal olunmuşdur. Onların çeşid sayı isə 1000 addan çoxdur. 2015-2023-cü ilin 9 ayı ərzində 1 milyard 508 milyon manat məbləğində hərbi təyinatlı məhsullar ixrac edilmişdir. Qeyd olunan reallıq fonunda Prezident İlham Əliyev onu da xüsusi olaraq vurğulamışdır ki, bu gün dünya silah bazarında aparıcı rol oynayan ölkələrin başı öz işlərinə qarışıb: “Onlar daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında təbii olaraq qıtlıq yaranıbdır. Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda, bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Onsuz da bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir”.

Bu reallıqlar fonunda Prezident İlham Əliyev sərhədlərimizn etibarlı qorunması məsələsinə diqqəti cəlb etdi. Dövlətimizin başçısı bu vəzifəni yeni geosiyasi reallıqda əsas istiqamətlərdən biri kimi müəyən edərək bildirmişdir ki, hazırda həm Ermənistanla şərti sərhədimizdə mühəndis işləri aparılır, eyni zamanda, digər qonşularla sərhədimiz müasir infrastrukturla təchiz edilməlidir. Sərhədlərin mühafizəsi həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə təşkil edilir.

Bu vəzifənin strateji mahiyyət kəsb etməsini şərtləndirən bir sıra amillər mövcuddur. Bu, ilk növbədə, 500 km-lik şərti sərhədlərimizin olduğu Ermənistanın kütləvi şəkildə müasir hücüm silahları ilə təmin edilməsi, bəzi böyük dövlətlərlə birgə hərbi təlimlərin keçirilməsi reallığı ilə bağlıdır. Faktiki olaraq Fransa kimi dövlətlər Ermənistanı yeni müharibəyə sürükləyirlər. Onlar üçün əsas olan öz çirkin niyyətlərinin reallaşdırılmasıdır və erməni xalqının taleyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Erməni xalqından bir alət və vasitə kimi istifadə edirlər. Ermənistan ərazisindən isə Azərbaycana və digər qonşu dövlətlərə təzyiq göstərmək üçün faydalanmaq niyyətindədirlər.

- Dövlətimizin başçısı çıxışı zamanı vurğuladı ki, ideoloji təhlükəsizlik çox önəmlidir və burada da biz daim diqqətli olmalıyıq, çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Sizcə, ölkəmizə qarşı bu təxribatlarda iştirak edən qüvvələrin plan və niyyətləri nədən ibarətdir?

- Bu, bir həqiqətdir ki, ölkəmizə qarşı permanent ideoloji təxribatlar davam etməkdədir. Cənab İlham Əliyev bu təxribatların heç bir nəticə verməməsinin və gələcəkdə də perspektivsiz olmasının motivləri sırasında iki amilə xüsusi önəm verir: xalqımızın güclü iradəsi və əyilməz milli ruhumuz. Eyni məntiqlə də ölkəmizdə istənilən ideoloji təxribatın kök ataraq real qüvvəyə çevrilməsini mümkünsüz hesab edir. Eyni zamanda, arxayınlaşmaq da qəbuledilməzdir.

Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, torpaqlarımız işğal altında olanda ölkəmizə qarşı ideoloji təxribatların miqyası indiki kimi böyük deyildi, çünki ilhaq faktı onları qane edirdi. Bu vəziyyəti davamlı olaraq qoruyub saxlamağa çalışırdılar. Vasitəçilərə möhtac olmağımız üçün dəridən-qabıqdan çıxırdılar. Vəziyyət torpaqlarımız azad olunduqdan və suverenliyimiz bərpa edildikdən sonra tam dəyişdi. Maskalar yırtıldı, eybəcər sifətlər üzə çıxdı. Kimin dostumuz və ya düşmənimiz olduğu məchul qalmadı. Bu reallıqda ideoloji təxribatların miqyası və çeşidləri də kəskin artdı. Prezident İlham Əliyevin vurğuladığı kimi: “İdeoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq”.

Bu addımlar içərisində gənc nəslin milli ruhda böyüməsi məsələsi xüsusi məna və əhəmiyyət kəsb edir, çünki beynəlxalq anti-Azərbaycan dairələr, ilk növbədə, yetişən gənc nəslin şüuruna müdaxilə edib, onlardan öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün bir alət kimi istifadə etmək istəyirlər. Bu gerçəkliyi nəzərə alaraq Prezident İlham Əliyev xarici ideoloji təxribatlar fonunda bilikli, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi vəzifəsinə diqqəti cəlb etdi: “Gənclərimiz xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?!” Bu prosesdə dövlətimizn başçısı ailə və məktəbin üzərinə xüsusi məsuliyyətin düşdüyünü dilə gətirdi. Eyni zamanda, cəmiyyətdə hökm sürən ab-havanın da gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir etdiyini qeyd etdi. Dövlət başçısı, eyni zamanda, deputatlara da xitabən söylədi ki, öz seçiciləri ilə görüşlər əsnasında bu məsələni daim diqqətdə saxlasınlar.

- Digər mühüm bir məqam isə Qarabağ və Şərqi Zəngəzurun bərpası məsələsidir. Bununla bağlı fikirlərinizi bilmək istərdik...

-  Prezident İlham Əliyev parlamentdə çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurulması məsələsini mühüm strateji vəzifə olaraq bir daha müəyən etdi. Bu da səbəbsiz deyil, çünki əsas strateji vəzifə həll olunduqdan sonra, yəni ərazi bütövlüyü və suverenliyimizin tam bərpa edilməsi reallığında Ermənistandakı xunta rejiminin xarabalığa çevirdiyi torpaqlarımızda bərpa işlərinə dərhal start verildi. 2021-ci ildə bu məqsəd üçün dövlət büdcəsindən 2,2 milyard manat, 2022 və 2023-cü illərdə isə müvafiq olaraq 4,3 və 5,6 milyard manat maliyyə vəsaiti ayrıldı. Cari ildə isə bu göstərici 4,9 milyard manata bərabərdir. 2021-2024-cü ilin sonunadək eyni məqsəd üçün bütövlükdə 19 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı da uğurla icra olunur. Artıq 8 mindən çox keçmiş köçkün ata-baba yurduna qayıtmışdır. Eyni zamanda, infrastruktur layihələrinin də uğurla icra olunduğuna diqqəti cəlb edən dövlətimizin başçısı qeyd etdi ki, 3 min kilometr avtomobil yolu inşa edilib: “Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, - yəni, o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, - 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Yəni, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır”.

Bütün bu irimiqyaslı tədbirləri dövlətimiz öz gücünə edir. Özbəkistan və Qazaxıstan Füzuli şəhərində müvafiq olaraq məktəb və uşaqların yaradıcılıq mərkəzini inşa etməsi, Qırğızıstanın Ağdamda məktəb tikintisini həyata keçirməsi isə dostluq və qardaşlıq nümunəsidir.