18 oktyabr 2024 15:06
556

Xəzər rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTO

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

“İki sahil” xəbər verir ki,  bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün cari ilin 18-27 oktyabr tarixlərində respublikanın hər yerində olduğu kimi, Xəzər rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Aksiyaya hazırlıq mərhələsində rayon icra hakimiyyəti tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə ünvanlar müəyyən edilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.

Görülən işlər çərçivəsində 18 oktyabr tarixində Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sol hissəsində geniş tərkibli ağacəkmə aksiyası keçirilib.

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada  Rayon  İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələrinin üzvləri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən ərazidə müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.

Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində  payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyaların davam etdirilməsi  nəzərdə tutulur.