18 oktyabr 2024 11:09
354

Böyük Zəfərin quruculuq mərhələsi

Zəngilan şəhərinin azad edilməsi Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ən önəmli qələbələrdən biridir. 2020-ci ilin oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, rayonun bir çox kənd və qəsəbələrinin işğaldan azad edildiyini elan etdi. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addım idi.

Zəngilan rayonu strateji mövqeyi və təbii resursları ilə xüsusi əhəmiyyətə malikdir.  Ermənistanın Zəngilan rayonunun tarixi, dini və memarlıq abidələrinə qarşı həyata keçirdiyi vandalizm aktları regionun tarixi mirasına ciddi zərər vurub. Rayonun İmam Hüseyn məscidi, Məmmədbəyli kəndindəki Səkkizguşəli türbə kimi dini və tarixi abidələri dağıdılıb. Zəngilanın 132 kilometrlik Azərbaycan-İran sərhədi də bu dövrdə işğal altına düşmüş, lakin 2020-ci ildə tam bərpa edilmişdir.

Zəngilanın azad olunması yalnız hərbi Qələbə ilə yekunlaşmadı. Bu rayon həm də Böyük Qayıdış Proqramının ilk mərhələsində bərpa olunan ərazilərdən biri oldu. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd” layihəsi olaraq bərpa edildi. Bu layihə dünyanın ən müasir kəndlərindən biri olmaqla yanaşı, bölgədə “yaşıl enerji” potensialının istifadəsi ilə fərqlənir. Günəş enerjisi ilə zəngin olan Zəngilan, Qarabağda “yaşıl enerji” zonasının yaradılmasında xüsusi yer tutur.

Eyni zamanda, Zəngilan ərazisində həyata keçirilən infrastruktur layihələri də bölgənin iqtisadi və sosial həyatına yeni nəfəs verib. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Zəngilan-Horadiz avtomobil yolu Azərbaycanın digər bölgələri ilə əlaqələri gücləndirəcək. Bu yolların tikintisi ilə Naxçıvana və buradan beynəlxalq nəqliyyat dəhlizlərinə birbaşa çıxış təmin ediləcək.

2025-ci ilədək Zəngilan şəhərinin ilk sakinləri öz torpaqlarına qayıdacaq və bölgə yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır. Bütün bu bərpa işləri Zəngilanın strateji əhəmiyyətini daha da artırır və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Böyük Qayıdış” Proqramının uğurlu nəticələrindən xəbər verir.

Müşfiq Məmmədli,
Milli Məclisin deputatı