«Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib.» Bu sözləri işğaldan azad olunan torpaqlara səfərləri zamanı gördüyü mənzərədən dəhşətə gələn Prezident İlham Əliyev ürək ağrısı ilə söyləyirdi. Ermənistanın 30 ildə viran qoyduğu Azərbaycan torpaqlarına səfərlər zamanı diplomatik korpusun nümayəndələrinin, xarici jurnalistlərin Ağdamı Xirosima ilə müqayisə etmələri, XXI əsrin faciəsi adlandırmaları da erməni vəhşiliyinin, barbarlığının, qəddarlığının təkzibolunmaz reallığı idi. Vətən müharibəsinin davam etdiyi 44 gündə dünyanın tanınmış 30-dan artıq KİV-lərinə, televiziya kanallarına müsahibələrində Ermənistanın dağıdıcılıq missiyasının işğalçı ölkənin dövlət siyasəti olduğunu faktlarla açıqlayan Prezident İlham Əliyev bildirirdi ki, ayaqları dəyən yerləri xaraba qoyan ermənilərin genetikasında bayquşsayaq dağıdıcılıq daşnakların genetik xüsusiyyətləri kimi nəsildən- nəsilə keçərək milli xarakterə çevrilib.
Ən qatı terrorlarda adı çəkilən erməniliyin ideologiyasında bütün dünya od-alov, qan, öldürülmüş insanların cəsədləri içərisində təsvir və qəbul olunur. Azərbaycanın bütün ərazilərində qanla yoğrulmuş «fəlsəfələrinin» tablosunu yaradan erməni təfəkkürünə görə, təkcə canlılar deyil, gözlə görünən hər şey məhvə məhkumdur.
Amma artıq mənzərə dəyişir. Şanlı Zəfərimizdən sonra doğmalarının isti əllərinin hərarətini hiss edən bu divarlar indi uçuq-sökük , lal-dinməz deyil, lay divar kimi dayanıblar. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramının möhtəşəm «eskizlərindən», bərpa- quruculuq, yenidənqurma perspektivlərindən bəhs edən Prezident İlham Əliyev yurd həsrətli insanların qəlbində ümid işığı yandırdı. Artıq Ağdam kimi, Zəngilanın, Füzulinin, Şuşanın, Laçının da…bir sözlə, Qarabağın «ağ damları» boy-boya verərək düşmənə göz dağı verirlər. Vətəni düşməndən xilas edənlər Prezident İlham Əliyevin vədinə səs verərək babalarımızdan yadigar qalan sərvətinə sahiblənmək bacarıqlarını bütün dünyaya göstərdilər. Bu gün dövlətimizə qarşı siyasi, ideoloji hücumlar təşkil edən, əsassız böhtanlar yağdıranları narahat edən də Azərbaycan xalqının birliyi, hər şeyi yoxdan var etmək, müdafiə qüdrətinin artmasıdır.
Düşməni yuvasına qədər qovan, daşnaklara babaları qulağı kəsik Andranikin taleyini yaşadan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə yazdığı şücaətlərini işğaldan azad edilmiş torpaqlarımızın bərpasında davam etdirir. Heç bir xalqda, ən qanlı müharibə tarixlərində görmədikləri rəşadətləri Azərbaycanın əsgər və zabitlərinin simasında şahidi olan düşmənin, Ermənistanın havadarlarının bu gün qısqanclıqdan görülən işlərə qara pərdə arxasından baxmaları, şər-böhtan yağdırmaları bu kimi ülvi kefiyyətlərdən məhrum bədxahların xeyrə, insanlığa , bəşəri dəyərlərə kor baxışı, üsyanı, bayquş xislətinin bağırtısıdır. Cənubi Qafqazın siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən diyarı Azərbaycana qarşı davamlı təxribatlar, təhdidlər, əsassız ittihamlar bu yüksəlişə, xalqımızın iradəsinə, mübarizlik, yenilməzlik ruhuna həsəddən qaynaqlanan xəbislikdir.
Böyük Qayıdış Proqramının, möhtəşəm quruculuq işlərinin memarı Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanda revanşist qüvvələrin baş qaldırmasını dəstəkləyən, ölkəmizdə keçiriləcək COP29 ərəfəsində fəallaşan ABŞ-ı, Fransanı narahat edən də bu uğurlarımızdır. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəməyənlər Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vəhşilikləri ört-basdır etmək üçün bu cür mühüm tədbirin baş tutmaması üçün ən çirkin təxribatlara belə əl atırlar. Çünki insan qanını donduran mənzərələrin əsas səbəbkarları, dəstəkçiləri, bəzi hallarda iştirakçıları olan ABŞ və neokolonialist Fransa törətdikləri vəhşiliklərin, ekoloji terrorların, dağıntıların COP29-un iştirakçılarının görməsini istəmirlər. Rəsmi Vaşinqtona və Yelisey Sarayına heç bir bağlılığı olmayan Zəngəzur dəhlizi ətrafında ajiotaj yaratmaqla, sülh sazişinin imzalanmasını ləngitməklə diqqəti beynəlxalq əhəmiyyətli tədbirdən yayındırmağa çalışırlar. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması üçün gətirilən bəhanələr də məhz buna dəlalət edir. «Hər kəs yaxşı bilir Minsk qrupu nə üçün yaradılmışdır - Qarabağ münaqişəsinin həlli üçün. Qarabağ münaqişəsi həll olunub, tam və birdəfəlik. Ermənistanın rəsmi dairələri də öz bəyanatları ilə sanki bunu etiraf edirlər. Amma bununla paralel olaraq, bizim bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq saxlamaq ancaq bir məqsədi güdə bilər ki, yenidən bizə qarşı ərazi iddiaları baş qaldırsın. Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib» söyləyən Prezident İlham Əliyev biri-birini tamamlayan və qətiyyətlə davam etdirilən uğurlarımızı həzm edə bilməyən xarici dairələrin ölkəmizə qarşı mənfur niyyətlərinin, təhlükəli planlarının baş tutmayacağını cəsarətlə söyləyir. Sözünə imzası qədər dəyər verən dövlət başçımız möhtəşəm proqnozlarını açıqlamaqla kifayətlənməyib vədlərini əməli fəaliyyəti ilə təsdiqləyir. Ermənistanı yeni müharibəyə hazırlamaq üçün silahlandıranlar da yaxşı başa düşürlər ki, quyuya su tökməklə quyu sulu olmaz.
Ermənistanı silahlandıran ABŞ-ın, Fransanın, Hindistanın təhlükəli planlarının qarşısını almaq üçün, ilk növbədə, hərbi qüdrətimizin daha da artırılması istiqamətində önəmli addımlar atan Ali Baş Komandan İlham Əliyev bu sahədə aparılan islahatların davam etdirilməsi ilə müdafiə qüdrətimizi daha da gücləndirir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələrin yaradılması, təhsildə fərqlənən istedadlı gənclərin biliklərindən və bacarıqlarından daha səmərəli istifadə məqsədilə həyata keçirilən layihələr həqiqi hərbi xidmətə çağırılmış gənclərin informasiya texnologiyaları sahəsində inkişafını daha da sürətləndirəcək. Gənclərin orduda rəqəmsal bacarıqlarının inkişafına və yeni imkanların yaradılmasına töhfə verəcək.
«Ona görə bir daha deyirəm: vəzifə nömrə bir - hərbi gücümüzün artırılması və biz bunu edirik. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq» söyləyən Ali Baş Komandan İlham Əliyev yerli hərbi sənaye kompleksinin daha sürətlə inkişafının vacibliyini də qeyd edir. Hərbi sənaye kompleksinin müəssisələrində yeni avadanlıqlar, texnika, silah-sursat istehsal olunur. Ən müasir hərbi texnika istehsalı sahəsində zəngin təcrübə qazanan ölkələrlə əməkdaşlığa diqqət artırılır, yeni istehsalat sahələrinin yaradılması prosesi intensivləşir. Məqsəd hər bir ölkənin ümumi gücünü və inkişafını göstərən müdafiə qüdrətini gücləndirmək, yerli hərbi sənaye kompleksinin fəaliyyətini müasir tələblər səviyyədə təkmilləşdirmək, xarici mənbələrdən asılılığı minimuma endirməkdir. Azərbaycan brendi olan hərbi-texniki məhsulların ixrac coğrafiyasının genişləndirilməsi bu sahədə atılan uğurlu addımlardandır.
Ötən ay Bakı Ekspo Mərkəzində «ADEX-2024» V Yubiley, Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və «Securex Caspian» 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin keçirilməsi dövlətləarası hərbi əməkdaşlığın genişləndirilməsi baxımından diqqəti cəlb etdi. Dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətlərin və 200-ə yaxın rəsmi nümayəndə heyətinin iştirak etdiyi sərgi genişmiqyaslı, regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişi baxımından əhəmiyətli idi. Dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında mühüm rola malik sərgidə «Azərsilah» Müdafiə Sənayesi Holdinq» Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan müxtəlif növ atıcı silahlar, snayper tüfənglər, minaatanlar, kiçikçaplı patronlar, müxtəlif növ mərmilər, zirehli dəbilqə və zirehli gödəkcələr, optik nişangah və cihazların nümayişi müdafiə qüdrətimizin yenilməzliyinin göstəricisi kimi maraqla qarşılandı.
Hər bir dövlətin müdafiə qüdrətinin gücləndirilməsinin başlıca şərti sərhədlərinin qorunmasıdır. 44 gün davam edən İkinci Qarabağ müharibəsindən, qısamüddətli anttiterror əməliyyatından sonra suverenliyini tam təmin edən Azərbaycanın Ermənistanla şərti sərhədində mühəndis-texniki işlər aparılır, eyni zamanda, digər qonşularla sərhədimiz müasir infrastrukturla təchiz edilir. Relyefi, coğrafiyası çox ağır, iqlim nöqteyi-nəzərdən çox çətin mövqeləri əhatə edən bu sərhədlərimizdə xidmət aparmaq o qədər də asan deyil. Ancaq qəhrəman Azərbaycan zabiti və əsgəri bütün çətinliklərə baxmayaraq Ermənistanın istənilən təxribatının qarşısını alır.
Bu baxımdan Ermənistana Qərb ölkələrindən nə qədər silah, sursat göndərilsə də qüdrətli Azərbaycan Silahlı Qüvvələri istənilən siyasi, hərbi təxribatların qarşısını almaq gücündədir. «Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin» sözləri ilə başqalarına arxayınlaşıb sülh sazişindən yayınan rəsmi İrəvana xəbərdarlıq edən Prezident İlham Əliyev düşmənin və havadarlarının hərb meydanında, ictimai və media məkanında apardıqları çirkin oyunların qarşısının qətiyyətlə alınacağını bildirir. Azərbaycan xalqı artıq dostunu da, düşmənini də tanıyır.
Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir. Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, dövlət nə qədər güclü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Belə ki, ABŞ, Fransa, İran, Hindistan nə qədər silah-sursat versələr də Ermənistanın fərari ordusunda hərbi texnikanı idarə edəcək əsgər yoxdur. Bakıdakı Hərbi Qənimətlər Parkında hələ də xəcalət çəkən hərbi texnika və sursatları Ermənistan kimi, vaxtı ilə onları rəsmi İrəvana hədiyyə edən havadarları da unutmasınlar.
Xuraman İsmayılqızı, «İki sahil»