18 oktyabr 2024 09:01
393

Rəsmi Tbilisi kiminsə əlaltısı olmaq istəmir

Bir neçə ay öncə QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdırmaq məqsədilə Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun, həmçinin LGBT-nin təbliğatını qadağan edən sənədin qəbulunu Qərb heç cür həzm edə bilmir. Hətta Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bu kimi səbəblərdən Gürcüstanı Avropaya inteqrasiya yolundan çıxmasında ittiham edib. Halbuki, dövlətin aidiyyəti sahəsində görülən tədbirlər, həmçinin xarici agentlər haqqında yeni qanunun qəbul edilməsi qeyri-dövlət sektorunda aparılan islahatların və şəffaflaşmanın tərkib hissəsidir. Amma göründüyü kimi, Qərb bütün bunları Gürcüstanın “cızığ”ından çıxması kimi dəyərləndirir. Hətta cəza kimi Gürcüstana yardımlar  dondurulur, bu ölkənin rəsmilərinə qarşı viza sanksiyaları tətbiq edilir. Üstəlik, Qərb dövlətləri və Amerika müxtəlif yollarla Gürcüstana təzyiq göstərməklə onu  Rusiya ilə ikinci cəbhə açmağa məcbur etməyə çalışır. Gürcüstan isə onların işarəsi ilə oturub-durmaq fikrində deyil. Yəni, bu ölkə Ukraynanın məlum taleyini yaşamaq istəmir.

Odur ki, Qərb,  xüsusilə Fransa və ABŞ Gürcüstan hakimiyyətini özünə tabe etdirmək, təzyiq altında saxlamaq məqsədilə 26 oktyabr parlament seçkiləri ərəfəsində bu ölkədə müxalifətin əli ilə təxribatlar, qardaş qırğını  törətməyə, hakimiyyətə öz adamlarını gətirməyə cəhdlər göstərir. Bununla da Cənubi Qafqazda inkişaf etmiş, güclü, demokratik dövlətlərin olmasını istəməyən qüvvələr sözügedən ölkənin daxili siyasətinə müdaxilə etməyə çalışırlar.

Qeyd edək ki, uzun illərdir Qərb fondları regional nümayəndəliklərinin əsas mərkəzi üçün məhz Tbilisini seçiblər. Buradan bir çox regional proseslərə təsir ediblər və bir çox hallarda istəklərinə nail olublar. Məxməri inqilab da onların əməyinin “bəhrəsi” idi. İndi də onların məqsədi Gürcüstana həmin aqibəti yenidən yaşatmaqdır. Elə bu səbəbdən müxalifətin ABŞ və Aİ-dəki müharibə tərəfdarları tərəfindən dəstəkləndiyini iddia edən  Gürcüstanın Baş naziri İrakli Kobaxidze hüquq-mühafizə orqanlarını 26 oktyabr parlament seçkiləri ərəfəsində xüsusilə ayıq-sayıq olmağa və müxalifətin mümkün təxribatlarının qarşısını almağa çağırıb. Hətta bildirib ki, dövlət istənilən təxribata ən sərt cavabı verəcək. Görünən odur ki, rəsmi Tbilisi Qərb blokunun daxilində sadəcə göstərişlər yerinə yetirən alət  olmaq istəmir. Bu mənada demək olar ki, hazırda Gürcüstan çətin imtahan  qarşısındadır. Proseslərin gedişi göstərir ki, müəyyən sanksiyalara və təzyiqlərə, Qərbin ölkənin daxili işlərinə qarışmaq cəhdlərinə baxmayaraq, Gürcüstan xalqı oktyabrın 26-da keçiriləcək parlament seçkilərində  təxribatlara uymadan düzgün seçim edəcək və bununla da həmin qüvvələrə öz yerini göstərəcək.

Şübhəsiz,  Gürcüstandakı seçkilərin ədalətli, şəffaf və demokratik şəraitdə keçməsi bütün region, o cümlədən Azərbaycan üçün  mühüm əhəmiyyət kəsb edir. Bu mənada həmin ölkədə yaşayan yarım milyona yaxın soydaşımız da gürcü xalqı kimi haqqı, ədaləti, yəni hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasını  dəstəkləyəcəklər. Bununla da Gürcüstan ölkəmiz kimi Qərbə səcdə etməyəcəyini bir daha bəyan edəcək. Qeyd edək ki, hakim partiya Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında əsas faktor rolunu oynayır, Qərbin bölgədə meydan sulamasının qarşısını alır.

Bir məsələni də xüsusi olaraq vurğulayaq. Belə ki, artıq Çənubi Qafqazda Ermənistanı ram edən Qərb Azərbaycana qarşı təzyiq mexanizmində Gürcüstandan yararlanmaq niyyətindədir. Ancaq rəsmi Tbilisi bu məsələdə də müstəqil siyasət yürütməkdədir. Yeri gəlmişkən qeyd edək ki, Gürcüstan ölkəmizin  müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə, 1997-ci ildə Prezident Eduard Şevardnadzenin Bakıya səfərləri çərçivəsində imzalanan sənədlər iki qardaş ölkə arasındakı münasibətlərə yeni çalarlar əlavə edib. Gürcüstan ölkəmizdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyasına, eləcə də digər regional layihələrə (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) də öz töhfəsini verib. Bu ilin mart ayında Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri çərçivəsində iki ölkə liderlərinin mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev bu kimi məsələlərə toxunmuş, ölkələrimizin yeni layihələr, o cümlədən yaşıl enerji layihəsi üzərində işlədiyini bildirmişdi. Dövlətimizin başçısı əlavə etmişdi ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır və iki etibarlı tərəfdaş kimi çıxış edir: ”Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək”. Bu gün Gürcüstan-Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi  bunu bir daha sübut edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”