44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı ən böyük uğurlardan biri Zəfər yürüşünün 21-ci günü – oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalından azad olunmasıdır.
İkinci Qarabağ müharibəsində strateji əhəmiyyət daşıyan Füzuli döyüşləri dünya hərb tarixinə yeni səhifə kimi yazıldı. Bu, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsində mühüm bir mərhələni təşkil etməklə yanaşı, tarixi ədalətin bərpası baxımından da xüsusi əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan dövləti tərəfindən Füzulinin bərpası və yenidən qurulması üçün genişmiqyaslı işlər həyata keçirilir. Enerji layihələrinin düzgün idarə olunması, qeyri-neft sektorunun inkişafı nəticəsində əldə olunan gəlirlər hesabına hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nəhəng abadlıq-quruculuq işləri görülür. Keçmiş köçkünlər öz doğma yurd-yuvalarına böyük qürur və sevinc hissi ilə qayıdırlar. Bütün bu reallıqlar dövlətimizin qüdrətini, xalqımızın mübarizə və qələbə əzmini nümayiş etdirir.
17 oktyabr həm də Azərbaycanın hərbi gücünü və soydaşlarımızın vətənpərvərliyini simvollaşdırır. Bu tarixi gün Füzuli şəhəri ilə birlikdə bütün Qarabağın yenidən doğuluşunun, azadlıq və dirçəliş yolunun başlanğıcı olaraq ictimai və tarixi yaddaşımıza əbədi həkk olunub.
Füzulinin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizi dərin hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik. Qüdrətli və qalib Azərbaycan hər birimizin sonsuz qürur və iftixar mənbəyidir!
Nurlan Həsənov,
Milli Məclisin deputatı