17 oktyabr 2024 16:37
472

Yenidən qurulan rayonumuz ZƏNGİLAN

44 günlük Vətən müharibəsinin şanlı səhifələrindən biri də Zəngilanın düşmən işğalından azad edilməsi idi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücumu nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalçılarından təmizləndi. Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti danılmazdır. Ermənilər Zəngilanı işğalda saxladıqları 27 il ərzində rayonun zəngin təbiətinə qarşı dəhşətli ekoloji terror törətdilər, buradakı təbii yataqları vəhşicəsinə istismar etdilər. Zəngilan rayonunda erməni vandalizminin fəsadları ölçüyəgəlməz dərəcədə böyükdür. Rayon ərazisində yerləşən XVII əsrə aid İmam Hüseyn məscidi, XIX əsrə aid Malatkeşin, Qıraq Müşlan, Müşlan, Rəzdərə kənd məscidləri, Yeməzli kəndində yerləşən Alban kilsəsi və bunlarla yanaşı çoxsaylı tarixi memarlıq abidələri düşmən tərəfindən rəhm edilmədən amansızlıqla dağıdılıb. Zəngilanda yerləşən Qəsr qalası, Sərdabə, Hacalı qüllələri, Koroğlu daşı, Bartaz Qız qalası və o cümlədən burada yerləşən ziyarətgahlarımız da düşmənin vandalizm aktının qurbanı olub. Qeyd olunanlar bir daha göstərir ki, çoxsaylı tarixi-dini və tarixi-memarlıq abidələrimiz, ziyarətgahlarımız düşmən tərəfindən tamamilə dağıdılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə artıq Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti quruculuq işləri reallaşdırılır. Zəngilanın Ağalı kəndinə qayıdışla Böyük Qayıdış arzumuza start verildi. Ağalıda vətəndaşların oraya qayıdışı üçün bütün lazımi infrasturuktur qurulmuşdur. Azərbaycan bərpa quruculuq işlərini yalnız və yalnız öz daxili imkanları hesabına gerçəkləşdirir. 

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev işğaldan azad edilmiş bölgələrimizə mütəmadi səfərlər edir və burada görülən bərpa-quruculuq işləri ilə yaxından  tanış olur. Dövlət başçımız Zəngilana 18.05.2024-cü il tarixli səfərində Ağalı kəndində “Ağalı” hotelinin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının, Zəngilan məscidinin açılış, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimlərində iştirak etdi. Cənab İlham Əliyev rayona 03.10.2024-cü il tarixli səfərində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılış, Beşinci və altıncı yaşayış kompleksinin təməlqoyma mərasimlərində iştirak etdi və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu.

Bərpa-quruculuq işləri haqında danışarkən ilk növbədə Zəngilan şəhər məscidinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğunu xüsusi vurğulamaq lazımdır. Eyni zamanda qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Burada zəruri infrastruktur şərait yaradılıb. Zəngilan rayonu kənd təsərrüfatına yararlı torpaqlarla zəngindir. Rayonda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə önəmli töhfələr verəcək.

Zəngəzur dəhlizi üzərində yerləşən Zəngilan rayonunun regional layihələrin reallaşdırılması baxımından əhəmiyyəti olduqca böyükdür. Yenidən qurulan Zəngilan rayonunun ölkəmizin iqtisadiyyatına əvəzsiz töhfələr verəcəyi şübhəsizdir.

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi