17 oktyabr 2024 13:58
344

Füzuli Şəhəri Günü münasibətilə konsert təşkil olunub

Füzuli Şəhəri Günü münasibətilə konsert təşkil olunub.

“İki sahil” xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov konsertqabağı müxtəlif sərgilərlə, məlumat lövhələri ilə tanış olublar.

Emin Hüseynov çıxışında bütün tədbir iştirakçılarını salamlayaraq bu əlamətdar günün tarixi əhəmiyyətindən bəhs edib:

“Azad Füzulidə artıq 2-ci dəfədir ki, Füzuli Şəhəri Günü qeyd edilir. Bu münasibətlə hər kəsi təbrik edirəm, bu günü bizə canı-qanı bahasına yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Düz dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz ən çətin döyüşlərdən keçərək, mühəndis istehkamlarına sinə gərərək Füzulini işğaldan azad etdi. Bir zaman gözəl şəhər olan Füzulidən əsər-əlamət qalmamışdı. Hətta üçrəngli bayrağımızı sancmağa bir salamat bina tapmaq mümkün deyildi. Dövlət bayrağımız cənab Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində ucaldıldıqdan sonra şəhərin genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilmişdi. Bu gün də proses uğurla davam etdirilir”.

E.Hüseynov, həmçinin çıxışında qeyd edib ki, işğaldan azad olunmuş ərazilər arasında ən çox insan məskunlaşan şəhər Füzulidir. O bildirib ki, hazırda Füzulidə 822 ailə yaşayır.

E.Hüseynov çıxışının sonunda tədbirin təşkilatçılığına görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bilidirib və nazirliyin işğaldan azad edilmiş ərazilərdə mədəni-kütləvi tədbirləri yüksək səviyyədə təşkil etməsini xüsusi vurğulayıb. O həmçinin Ağdam, Füzuli və Xocavəndrayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin əməkdaşlarına da təşəkkürünü bildirib.

Konsertdə müğənnilər — Eldəniz Məmmədov, Zamiq Hüseynov, Elnur Məmmədli, Pərviz Fərhadov, Ədalət Behbudov, Könül Məmmədli, Tural Məmmədli, Rəhman Məmmədli, Orxan Hüseynli, Zemfira İbrahimova, eyni zamanda, insturmental ifaçılar — Rəhman Məmmədli və Tural Məmmədlinin ifasında müxtəlif xalq və bəstəkar mahnıları səsləndirilib.