Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva Macarıstanın ali mükafatlarından biri olan “Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunub.
“İki sahil” xəbər verir ki, Macarıstan Prezidenti Tamaş Şuyok onu ölkə mədəniyyətinin Azərbaycanda və türk ölkələrində səmərəli təbliğinə görə mükafatlandırıb.
Mükafatı Macarıstanın Azərbaycandakı səfiri Tomaș Torma Günay Əfəndiyevaya təqdim edib.
Diplomat bildirib ki, Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu prezidenti kimi türk ölkələrinin ortaq mədəni dəyərlərinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi sahəsində layiqli fəaliyyət göstərib. T.Torma Günay Əfəndiyevanın təşəbbüsü ilə Macarıstan da daxil olmaqla yeddi türk dövlətinin gənc sənətçilərindən ibarət qrup yaradıldığını söyləyib: "Fədakar əməyə və bir çox ümumi mədəni layihələrə görə Günay Əfəndiyevaya təşəkkür edirik”.
Qeyd edək ki, G.Əfəndiyeva 2015-2023-cü illərdə Prezident İlham Əliyevin təșəbbüsü, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarının dəstəyi ilə yaradılan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti kimi fəaliyyət göstərib. Macarıstan 2019-cu ildən təșkilatda müșahidəçi statusunu alıb.