17 oktyabr 2024 12:20
262

Tarixi Zəfərə mühüm töhfə

Qarabağın mühüm strateji əhəmiyyətə malik bölgələrindən biri də tarixi-dini abidələrlə zəngin əraziyə malik Füzuli rayonudur. Birinci Qarabağ müharibəsinin gedişində 1993-cü ilin yay aylarında ermənilərin bu istiqamətdə daha güclü istehkamlar qurması da məhz bu amillə bağlı idi. Həmin dövrdə Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə 663 nəfər şəhid, 400 nəfərədək rayon sakini əlil olmuş, 180-dən çox insan əsir və itkin düşmüşdür.

Milli xəyanətkar ünsürlərin siyasi iddiaları ilə müşayiət olunan fəaliyyətləri nəticəsində Qarabağ torpaqları sürətlə işğal altına düşdüyü bir zamanda Ulu öndər Heydər Əliyevin həmin ilin 15 iyununda hakimiyyətə qayıdışı ilə müharibənin gedişində dönüş yarandı. Ali Baş Komandan kimi onun 5 yanvar 1994-cü il tarixli əmri əsasında və birbaşa rəhbərliyi ilə həyata keçirilmiş  “Horadiz əməliyyatı” rayonun tən yarısının - 22 yaşayış məntəqəsinin işğaldan azad olunması ilə nəticələndi. Bu əməliyyatın tarixi və siyasi əhəmiyyəti əsasən onunla bağlıdır ki, Azərbaycan Ordusu bu müharibədə ilk dəfə olaraq qələbə dadını hiss etdi, onun öz gücünə inamı artdı, xalqın öz rəhbərinə etimadı daha da yüksəldi. Digər tərəfdən düşmənə Azərbaycan Prezidentinin qətiyyəti, ordumuzun qüdrəti nümayiş etdirildi. Təsadüfi deyil ki, ölkənin dinc şəraitdə inkişafını təmin etmək üçün vacib şərt kimi atəşkəs barədə 1994-cü ilin may ayında Bişkek protokolunun imzalanmasında Horadiz əməliyyatı həlledici faktor rolunu oynamışdır.

Ulu öndərin təməlini qoyduğu həmin yolu böyük uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsinin gedişində - 17 oktyabr 2020-ci ildə  Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bənzərsiz sərkərdəliyi və ordumuzun şücaəti sayəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2020-ci il noyabrın 26-da  “Füzulinin azad olunmasına görə” medalın və 31 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 17 noyabr tarixinin  “Füzuli Şəhəri Günü”nün  təsis edilməsi birtərəfdən rayonun işğaldan azad edilməsinin tarixi Zəfərə verdiyi töhfənin dəyərləndirilməsi, digər tərəfdən isə bu döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusunun ruhuna ehtiramın ifadəsidir.

Bu gün Füzuli rayonu artıq dinc quruculuq və bərpa dövrünü yaşamaqdadır. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq. Öz doğma yurdlarına dönən sakinlərin rahat və firavan yaşayşı üçün burada böyük layihələr həyata keçirilir. Füzuli beynəlxalq aeroportu artıq 2 ildir ki, istifadəyə verilib. Rayon ərazisində müxtəlif sahələri əhatə edən çoxsaylı nəqliyyat və infrastruktur layihələri reallaşdırılmış, bir sıra sənaye  və istehsal müəssisələrinin təməli qoyulmuşdur. Prezident İlham Əliyevin müharibədən sonrakı dövr ərzində bölgəyə 20 dəfəyə qədər səfər edib ki, bu da ölkə rəhbərinin Füzuli rayonuna göstərdiyi xüsusi diqqətin verdiyi böyük strateji əhəmiyyətin göstəricisidir. Dövlətimizin başçısı ötən il oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan xalqının vətənpərvərlik ruhunu yüksək dəyərləndirərək demişdir: “Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”.

Bundan əlavə, Füzuli rayonu beynəlxalq əhəmiyyətli bir məkan kimi dost ölkələrin diqqətini cəlb edir. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə yolunu məhz Füzuliyə salması, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəbin inşa olunması, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rayona səfəri xalqlarımız arasında daha da möhkəmlənən dostluğun rəmzidir.

Əli Hüseynli,
​Milli Məclisin deputatı