Bu il Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Orudumuzun doğma şəhərimiz Füzulini işğaldan azad etməsindən 4 il keçir. Doğma Füzulinin işğaldan azad olunmasından sonra Prezident İlham Əliyev çıxış edərək bildirmişdir ki, bu gün tarixi bir gündür, on yeddi oktyabr yalnız füzulililərin xatirəsində deyil, o cümlədən bütün Azərbaycan xalqının tarixində əbədi qalacaqdır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə imzaladığı Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi elan edildi. Bu tarixin seçilməsi təsadüfi deyil – Füzulinin işğaldan azad edilməsi Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edir. Hər il bu gün, Azərbaycanın tarixi zəfərinin simvolu kimi, Füzuli və onun qəhrəman müdafiəçilərinin xatirəsi anılacaq. Bu günün bayram kimi qeyd edilməsi, xalqın Füzulinin azad edilməsi yolunda verdiyi qurbanları xatırlamaq və tarixi ədalətin bərpasının əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.
1386 km² ərazisi olan Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələrlə əhatə olunur. Bu ərazinin strateji olaraq əhəmiyyətli olmasının əsas səbəbi, Qarabağın digər rayonları, o cümlədən Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqanla həmsərhəd olmasıdır. Füzuli həm də Araz çayı boyunca İranla qonşudur. Rayonun belə müxtəlif coğrafi xüsusiyyətləri, işğaldan əvvəl də bölgə üçün əhəmiyyətli olmuşdur.
1827-ci ildə əsası qoyulmuş, ölkəmizin ən qədim yaşayış məntəqələrindən biri olan Füzulidə işğaldan öncə 140 min nəfərdən çox əhali yaşayırdı. Bu rayonumuz əvvəllər Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli adlandırılmışdır. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili olmuş, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. İşğal zamanı rayonun kəndləri, infrastruktur obyektləri dağıdılmış, əhali isə köçkün vəziyyətinə düşmüşdür.
Füzuli rayonu qədim tarixi – dini abidələrlə zəngindir. Orta əsrlərə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndindəki XIV əsrə aid Mirəli türbəsi bu ərazinin tarixi önəmini təsdiq edən əsərlərdən yalnız bir neçəsidir. Bu cür abidələr yalnız mədəni və dini əhəmiyyəti ilə deyil, həm də Azərbaycanın tarixi izlərinin qorunması baxımından əhəmiyyətlidir. Onların işğal dövründə dağıdılması Azərbaycan üçün böyük mədəni itkidir.
1994-cü ilin yanvar ayında, atəşkəsə dair Bişkek protokolu imzalanmamışdan əvvəl, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi o cümlədən, Horadiz qəsəbəsi də həmin vaxt düşməndən azad edilmişdir.
Füzuli şəhəri 17 oktyabr 2020-ci il tarixində şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Qocahməddli, Çimən, Cuvarlı və digər kəndlərdə şiddətli döyüşlər nəticəsində Füzuli rayonunun ümumilikdə 62 yaşayış məntəqəsi tamamilə Azərbaycanın nəzarətinə keçmişdir. Bu zəfər Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazilərini geri qaytarmaq istiqamətində qətiyyətinin bir daha təsdiqi idi.
Füzuli uğrunda aparılan döyüşlər müharibənin gedişatına təsir edən mühüm hərbi əməliyyatlardan biri olmuşdur. Şəhərin azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinə cəbhədə mühüm strateji üstünlüklər qazandırmışdır. Xüsusilə, Füzuli döyüşləri nəticəsində Ermənistan ordusu əhəmiyyətli itkilər vermiş və onların müdafiə xətti dağıdılmışdır. Bu rayonun azad edilməsi həmçinin Qarabağın digər bölgələrinin azad edilməsi üçün həlledici rol oynamışdır.
Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun qəhrəmanlığı və döyüş qabiliyyəti açıq şəkildə özünü göstərmişdir. Hərbi ekspertlərin bildirdiyinə görə, bu döyüşlər Azərbaycanın hərbi gücünün nə qədər inkişaf etdiyini sübut etmişdir. Artıq dünya birliyi də Azərbaycan Ordusunun müasir texnologiyalar və peşəkar hərbiçilərdən ibarət olduğunu qəbul edir.
Füzuli əməliyyatındakı bu qələbə təəssüf ki, itkisiz başa gəlməmişdir. Onlarla hərbçimiz Füzuli uğrunda gedən döyüşlərdə həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidlərimizin xatirələrini böyük ehtiramla anırıq. Şəhidlərimizə və qazilərimizə göstərilmiş ən böyük diqqət onların dövlət səviyyəsində təltif edilməsi olmuşdur. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 2022 – ci il 27 sentyabr-Anım Günündə cənab Prezident Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərimizin şərəfinə ucadılmış xatirə lövhəsinin açılışını etmişdir.
Füzuli, işğaldan azad edilmiş ərazilər arasında ən çox mina ilə çirklənmiş rayonlardan biridir. Rayonda yüz mindən çox mina basdırılmış və erməni təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəymişdir. Əlbəttə, biz bu ziyanın qiymətləndirilməsi və erməni vandalizminə lazimi hüquqi qiymət verilməsi üçün bütün işləri görəcəyik.
Füzuli rayonu da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərin bərpası məqsədilə 2020-ci ildən etibarən Azərbaycanın Böyük Qayıdış Proqramı həyata keçirilməyə başlanmışdır. 2026-cı ilə qədər bu proqram çərçivəsində Füzuliyə 22 min insanın geri qayıdacağı gözlənilir. Proqramın əsas məqsədi, işğaldan azad edilmiş torpaqlarda müasir və təhlükəsiz yaşayış mühitinin yaradılması, infrastrukturun bərpası və əhalinin rifahının təmin edilməsidir. Füzuli bu proqram çərçivəsində tədricən inkişaf etdirilir və burada müasir kənd və şəhər mühiti formalaşdırılır.
Digər işğaldan azad olunmuş rayonlarımıza olduğu kimi, cənab Prezident Füzulinin bərpa və yenidənqurmasına böyük diqqət və qayğı göstərir. Rayon işğaldan azad olunduqdan sonra cənab Prezident bölgəyə 18 dəfə səfər etmiş, şəhərin Baş planı təsdiq olunmuş, rayonda çoxsaylı avtomobil yollarının, xəstəxananın, Peşə Liseyinin, “Ağıllı kənd” , çox mənzilli yaşayış məhəlləsinin və digər obyektlərin təməli qoyulmuşdur. “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə regionun logistik əhəmiyyətini əsaslı şəkildə artırmışdır.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində məktəb inşa olunmuş, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə isə Qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyan Uşaq Yaradıcılıq Mərkəzi yaradılmışdır. Bu layihə, xalqlarımız arasındakı dostluğun gücləndirilməsi üçün əhəmiyyətli bir addım olmaqla yanaşı, həm də azad edilmiş torpaqlarda sosial layihələrin həyata keçirilməsinin vacibliyini göstərmişdir.
Füzuli şəhərinin işğaldan azad edilməsi təkcə hərbi qələbə deyil, həm də Azərbaycanın öz ərazi bütövlüyü uğrunda illərlə apardığı mübarizənin nəticəsidir. Bu qələbə Azərbaycan xalqının əzm və iradəsinin təcəssümüdür, Füzuli isə bu zəfərin simvollarından biri olaraq, ölkənin gələcək inkişafında mühüm rol oynamağa davam edəcəkdir.
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini