17 oktyabr 2024 11:36
268

Əbədi yaşayacaq qələbəmiz

“Oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalından azad edilməsinin 4 ili tamam olur. Artıq digər bölgələrimiz kimi Füzulinin də işğal tarixini deyil, işğaldan azad edilməsi tarixini qürurla qeyd edirik. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 17 oktyabr Füzuli Şəhəri Günü kimi müəyyən olunub. Bütün xalqımız, o cümlədən Füzuli sakinləri bu günü böyük sevinclə qeyd edir”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Füzuli rayonunun işğal olunması 1993-cü ildə ölkəmizdə daxili qeyri-sabitliyin hökm sürdüyü şəraitdə baş vermişdi. Amma həmin il ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun digər yaşayış məntəqələri işğaldan azad edildi. Ötən il oktyabrın 17-də isə dövlət başçısının iştirakı ilə “Füzuli Şəhəri Günü” məhz Füzuli şəhərində ilk dəfə qeyd olundu. Erməni vandallığının bariz nümunələrindən biri Füzuli şəhərinin tamamilə dağıdılmasıdır. Bu şəhər işğaldan azad olunan gün üçrəngli bayrağımızın ucaldılması üçün salamat bina yox idi. Bu böyük yaşayış məntəqəsi yer üzündən silinmişdi. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcək. Millət vəkilinin sözlərinə görə, Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində bütün cəmiyyətimiz fəallıq göstərir. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərimizə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV-lərin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri təşkil olunur. Bu səfərlərin təşkil olunmasının məqsədi erməni vandalizminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Eyni zamanda, erməni vandalizmi, işğal dövründə xalqımızın çəkdiyi ağrı-acılar heç vaxt unudula bilməz. Bütün bunlar qan yaddaşı olaraq daim xatırlanacaq. Bu hadisələrin unudulmaması, gələcək nəsillərə çatdırılması üçün davamlı işlər görülür. Fatma Yıldırım qeyd edib ki, hazırda Füzuli rayonunda böyük quruculuq işləri həyata keçirilir. Bu işlər cənab Prezidentin şəxsi nəzarətindədir. Artıq xeyli insan Füzuli şəhərində yaşayır. Birinci Dövlət Proqramına əsasən 2026-cı ildə Füzuli rayonunda 22 min sakin insan məskunlaşdırılacaq. Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin və Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilib istifadəyə verilməsi isə əsl qardaşlıq nümunəsidir. Hazırda Füzuli rayonunun bir sıra kəndlərinin bərpası işləri sürətlə həyata keçirilir. Beləliklə, işğaldan azad olunmuş ərazilərimizi və onların əhalisini qarşıda gözəl və firəvan günlər gözləyir.