17 oktyabr 2024 11:23
311

Zəngilan rayonunun Ağalı kəndinə 871 nəfərin məskunlaşması təmin olunub

30 ilə yaxın zaman çərçivəsində minlərlə insanın torpaq həsrəti, vətən həsrəti ilə ürəkləri yanıb qovrulmuşdur. Bir gün Erməni vandalizmi tərəfindən işğal olunmuş torpaqlara qayıtmaq xəyalı 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən müharibədə Ali Baş Komandan İ.Əliyev və qürurla andığımız şəhidlərimiz sayəsində həqiqətə çevrildi.

 Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülmüşdür. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilmişdir.

 Köçürülənlər arasında müxtəlif müvəqqəti məskunlaşma obyektlərində çətin və ağır şəraitdə yaşayan 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Onlar Zəngilan rayonunun Ağalı kəndində peşə ixtisaslarına və qabiliyyətlərinə uyğun olaraq işlə təmin olunacaqlar. Ağalı kəndində sakinlər üçün müasir standartlara uyğun, zəruri sosial-texniki infrastruktur mövcuddur.

 Bu qayıdış Ağalı kənd sakinlərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni yaşayış sahələrinə köçürülməsinin üçüncü mərhələsinin yekunudur. Ağalı kəndinə növbəti ailələrin köçürülməsi ilə kənddə 86 ailənin - 420 nəfərin daimi məskunlaşması təmin olunmuşdur.

 Ağıllı kəndə qədəm qoyan ailələr Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin digər rəsmi şəxslər və Ağalıya daha öncə köçən ailələr tərəfindən böyük coşqu ilə qarşılanıblar. Daha sonra ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlərə mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da, Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub.

 Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilmişdirlər və onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışmalar üçün şərait yaradılmışdır.

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur. Hazırda Ağalı kəndinə növbəti ailələrin köçürülməsi də planlaşdırılır və bu məqsədlə hazırlıq işləri görülür.

Xatırladaq ki, Azərbaycan ərazisində "Ağıllı kənd" konsepsiyasının tətbiqi Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb.
Məlumdur ki, son illər dünyada İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) sürətli inkişafı özü ilə müxtəlif yenilikləri və dəyişiklikləri də gətirdi. Bu yeniliklərdən biri də "Ağıllı kənd" konsepsiyası hesab olunur.

"Ağıllı kənd" layihəsinin tətbiqində əsas məqsəd kənd yerlərində yaşayan insanların həyat səviyyəsini yüksətməklə onların şəhərlərə köçünün qarşısını almaqdır. Ağalı kənd sakinləri isə öz ata-baba yurdlarına qayıtmağı o qədər həsrətlə gözləyiblər ki, onlar bir daha bu torpaqları tərk etməyəcəklər, yeni nəslində bu ruhda böyüməsinə çalışacaqlar. Şair necə demişdir:

 “Vətən mənə oğul desə nə dərdim,

 Mamır olub qayasında bitərdim.”

Rəmziyyə Aslanova,
Humanitar fənlər təmayüllü məktəb-liseyin Riyaziyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü