17 oktyabr 2024 11:00
341

Azad Zəngilan

1930-cu ildə Zəngilan adını almış rayonun ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllik­ləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var. Çox təəssüf ki, Zəngilan royunu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvləri tərəfindən işğal edildi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayo­nundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vu­rulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait ya­ratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngi­lan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlayıb. Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Koman­dan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb. Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı, paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işləri uğurla həyata keçirilir. Təsadüfi deyil ki, artıq Zəngilana həyat qayıdıb. Məcburi köçkün­lərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayonla başladı. Belə ki, rayon­da “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olundu. Sakinlərin əzəli və əbədi kəndlərinə köçürülməsinə 2022-ci ilin iyulundan başlanılıb və proses hazırda davam etdirilir.

Bundan əlavə, rayon ərazisində ilk hava limanı da inşa edilib. 2022-ci ilin oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezi­denti İ.Əliyev və Türkiyə Prezidenti R.T.Ərdoğan açılış mərasimində iştirak ediblər. Artıq Zəngilan aeroportuna Beynəlxalq Hava Limanı statusu verilib. Bu, Azərbayca­nın Şərqi Zəngəzur iqtisadi rayonunda inşa edilən ilk, işğaldan azad olunan ərazilər­də isə ikinci hava limanıdır. Məlumat üçün bildirək ki, işğaldan azad olunan ərazi­lərdə daha bir hava limanı isə Laçın rayonunda inşa edilir.

Prezident İlham Əliyev 2023-cü il sentyabrın 28-də Zəngilan rayonuna səfər edib. Dövlət başçısı rayonun Alıbəyli və Zəngilan kəndlərinin, şəhərdə salınacaq 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməlini qoyub. Bundan əlavə, Prezident Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub, Zəngilan Konqres Mərkəzi Kompleski və “Canagirbəyıi” Su Elektrik Stansiya­sının açılışında iştirak edib. 2023 oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Res­publikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrast­rukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Belə ki, 7 gediş-gəliş xətti olacaq döv­lət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündə­lik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1100 təşkil edə­cək.

Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar apa­rılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edə­cək.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaş­ların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zən­gilanda inşa olunmuş hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkə­zinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçə­cək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlə­rinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi əra­zisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisa­di perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

İnanırıq ki, tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və həyat yenidən öz axarına düşəcək. Bütün bu qələbələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasına əldə olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!

Elməddin Quliyev,
Humanitar fənlər təmayüllü məktəb-liseyin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü,
“Tərəqqi” medallı, “İlin müəllimi”