Bu gün, yalnız tarixi bir hadisə deyil, həm də Füzuli rayonunun yeni inkişaf dövrünün başlanğıcıdır. Füzuli şəhəri, Azərbaycanın Qarabağ bölgəsində strateji əhəmiyyətə malik bir məkandır. Şəhərin azad edilməsindən sonra sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyevin rayona etdiyi səfərlər bu prosesə böyük təkan vermişdir. Prezidentin dəstəyi ilə bölgədə bir sıra infrastruktur layihələri həyata keçirilmişdir ki, bunlar arasında Füzuli-Şuşa avtomobil yolu və Füzuli Beynəlxalq Hava Limanı xüsusi əhəmiyyətə malikdir. Bu layihələr Füzulinin ölkənin digər bölgələri ilə əlaqəsini möhkəmləndirməklə yanaşı, bölgənin iqtisadi inkişafını və turizm potensialını artırır. Hava limanının açılması bölgəyə həm daxili, həm də beynəlxalq sərnişin və yük daşımaları üçün yeni imkanlar yaradır.
Bütün bu addımlar Füzuli rayonunun sosial-iqtisadi durumunun yaxşılaşdırılması və burada yüksək yaşayış standartlarının təmin olunması üçün həyata keçirilir. İnfrastruktur layihələri nəqliyyatı və iqtisadi fəaliyyətləri asanlaşdıraraq, iş yerlərinin açılmasına və yeni investisiyaların cəlb edilməsinə şərait yaradır. Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin geri qayıdışı isə bölgənin davamlı inkişafını təmin edəcəkdir. Bu proses yalnız Füzulinin yenidən qurulması ilə məhdudlaşmayacaq, eyni zamanda, regionda sosial və iqtisadi tarazlığın bərpa olunmasına xidmət edəcəkdir.
İşğaldan azad edilmiş rayonlar arasında Füzuli ən çox mina ilə çirkləndirilmiş ərazilərdən biri hesab edilir. İlkin qiymətləndirmələrə görə, rayonda 100 mindən çox mina basdırılmışdır. Mina sahələri insan həyatına ciddi təhlükə yaratmaqla yanaşı, bölgənin iqtisadi bərpasını və məcburi köçkünlərin geri qayıdışını çətinləşdirir. Füzulinin bu cür intensiv minalanması beynəlxalq hüquqa zidd olmaqla, Ermənistan tərəfindən törədilmiş vandalizm aktlarının bir hissəsidir. Bu səbəbdən, Ermənistan hökumətini məsuliyyətə cəlb edilməli və vurulmuş ziyanın haqqı ödənilməlidir.
Füzulidə mülki əhaliyə və dövlət əmlakına dəyən ziyanın qiymətləndirilməsi məqsədilə müvafiq işçi qrupları yaradılmışdır. Hər bir zərərli təsirin sənədləşdirilməsi və təhlili, bölgənin bərpası prosesində strateji əhəmiyyət daşıyır. İşğal nəticəsində tamamilə dağıdılmış şəhərlər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası və məskunlaşma planlarının həyata keçirilməsi Böyük Qayıdış Proqramının əsas prioritetlərindəndir. Proqramın birinci mərhələsinin icrası çərçivəsində, 2026-cı ilin sonuna qədər Füzuli rayonunda 22 min insanın məskunlaşacağı gözlənilir. Bu, rayona yeni həyat gətirməklə yanaşı, demoqrafik balansın bərpası və iqtisadi fəaliyyətin canlanmasında da mühüm rol oynayacaqdır.
Füzulinin bərpası təkcə ərazi və infrastruktur baxımından deyil, həm də insanların həyat şəraitini yaxşılaşdırmaq və bölgənin gələcək inkişafını təmin etmək baxımından vacibdir. Burada həyata keçirilən layihələr, gələcəkdə Füzuli rayonunu müasir və dinamik bir mərkəzə çevirmək məqsədi daşıyır və bu, bütün Azərbaycan xalqı üçün strateji əhəmiyyət daşıyır.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı