Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi
Müstəqilliyimizin bərpasının 33 ili tamam olur. Hər bir bayram tədbiri daim keçilən yolun təhlilini, dünənimizə və bugünümüzə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsini bir tələb kimi qarşıya qoyur.
Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində çoxsaylı təhlükələrlə üzləşdi, ağır sınaqlardan keçdi. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirdi, onun gələcək taleyini sual altına qoydu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldı, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşdü. Baş verənlər bir daha göstərdi ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.
Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik “Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan cəsarətli addımlar atdı. Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəlilədi, öz hədəflərindən yayınmandı. Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi oldu. Rəşadətli ordumuz döyüş meydanında qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Tarixi Zəfərimiz regionumuzda yeni reallıqlar yaratdı.
Tarixi Zəfərimiz, eyni zamanda, tarixi günlərə yenidən baxmağı bir zərurətə çevirdi. Bu baxımdan «Müstəqillik Günü haqqında» Azərbaycan Respublikasının Qanunu xüsusi əhəmiyyət kəsb edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 May Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunmalıdır.
«Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq» söyləyən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaranmasından, həmçinin 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrün reallıqlarından geniş bəhs edərək daim bu çağırışı edir ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi: «Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?» Əsas çağırışlardan biri məhz budur ki, gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Ulu Öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu daha aydın şəkildə görürük. Azərbaycan ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. Azərbaycan, eyni zamanda, torpaqlarını itirdi. Silahlı Qüvvələrimizin torpaqların deyil. ayrı-ayrı qrupların maraqlarının qorunmasına xidmət etməsi torpaqlarımızın işğalına səbəb olmuşdu. Artıq vəziyyətin bu şəkildə davamı xalqın sabaha ümidini itirmişdi. Yuxarıda da qeyd etdiyimiz kimi, belə bir çətin günlərdə Ulu Öndər Heydər Əliyev xalqını tək qoymadı, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və ilk olaraq xilaskarlıq missiyasını yerinə yetirdi. Ümummilli Lider ilk olaraq sabitliyi təmin etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi, bütün sahələrdə inkişafa, tərəqqiyə yol açıldı. Son dörd ilin zəfərləri Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların məcmusudur.
44 günlük İkinci Qarabağ müharibəsi, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın bütün sahələrdə, ən əsası ordu quruculuğunda qazandığı uğurların təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev «Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir» söyləyərək bildirir ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.
Müstəqilliyimizin, suverenliyimizin qorunması, daimi olması üçün güclü ordumuzun olması vacib amillərdən biridir. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycanın ordu qurculuğuna xüsusi diqqət göstərməsi, hərbi büdcəsini artırması işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən daim reallığa uyğun olmayan şəkildə şərh edilirdi. Bu, Azərbaycanın sülh danşıqlarında maraqlı olmaması kimi dünya ictimaiyətinə çatdırılırdı. Rəsmi Bakı buna cavab olaraq daim bildirirdi ki, müdafiə qabiliyyətimizi gücləndirmək Azərbaycanın suveren haqqıdır. Ölkəmizin tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. 30 ilə yaxın dövrdə Ermənistanın və ona dəstək göstərənlərin imitasiya naminə danışıqları Azərbaycan xalqının səbir kasasını doldurdu. Rəşadətli Azərbaycan Ordusunün şücaəti dünyaya səs saldı, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, işğala son qoyularaq ölkəmizin həyatında yeni dövr başladı. Dövlət başçısı «Hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir» fikirlərinin davamı olaraq qeyd edir ki, eyni zamanda, təcrübədir. Bu təcrübə bizim üçün əsas olacaq və olmalıdır. Daha müasir ordunun yaradılmasına göstəriş verilib: «Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.» Azərbaycan 30 ilə yaxın həsrətlə gözlədiyi sevinci yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı ərazi bütövlüyümüzə qovuşdurdu. Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin 33 illiyini yüksək əhval-ruhiyyə ilə qeyd edən xalqımız Zəfəri bizlərə yaşadan ölkə Prezidenti İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir. Qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qəhrəmanlıq, şücaət göstərən qazilərimizə Allahdan şəfa diləyirik.
Tarix baxımdan çox da böyük olmayan 33 ilin ölkəmizə qazandırdığı uğurların miqyası geniş olmaqla yanaşı, qürurvericidir. Qeyd edək ki, Vətən müharibəsi müstəqilliyimizin bərpasının 29-cu ildönümünə təsadüf etmişdir. O zaman 27 sentyabrdan başlanan Qarabağ savaşının oktyabrın 18-dək dövründə tarix yazan Azərbaycan Ordusunun qələbələrini önə çəkərək «Zəfər sizinlədir, Azərbaycan əsgəri!» söyləyən dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, Silahlı Qüvvələrimizin gücü, qüdrəti sayəsində bütün işğal altında olan torpaqlarımızın azad olacağına, üçrəngli Bayrağımızın Şuşada dalğalanacağına əminlik ifadə olundu. Çünki Oələbə müjdəli əsgərlərimizin döyüş ruhu yüksək idi. Hər gün Azərbaycanın tarixinə qələbə səhifəsi kimi yazıldı. Təbii ki, bu uğurlar möhkəm təmələ, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinə, tarixi həqiqətlərə və real faktlara əsaslanır. Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcəyini ən yüksək tribunalardan bəyan etdi.
«1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycancançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir.» Dövlət başçısı İlham Əliyev bu fikirləri ilə müstəqil Azərbaycanımızın 33 illik tarixinin aydın mənzərəsini yaradır. Cənab İlham Əliyev bunu da qarşıya mühüm vəzifə kimi qoyur ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixində keçdiyi yol düzgün şərh edilməli, bugünkü və gələcək nəsillərə çatdırılmalıdır.
Tariximizin səhifələrini vərəqləyək. 1990-cı il 20 Yanvar faciəsindən sonra Ulu Öndər Heydər Əliyev birinci şəxs idi ki, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, «Sovet Sosialist» sözlərini çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmiş və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Eyni zamanda, yuxarıda da qeyd etdiyimiz kimi, bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir.
Müstəqilliyimizin bərpasının ilk illərində Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, Azərbaycan dövləti, xalqı həmin illərdəki faciələri, çətinlikləri yaşamazdı. Müstəqilliyimizin bərpasının birinci dövrü, yəni 1991-1993-cü illər Azərbaycan tarixinə faciəvi dövr, ən əsası qara bir ləkə kimi yazılıb. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, tarixmizin hər bir səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri ilə yanaşı, qaranlıq səhifələri də vardır. Bu səhifələri vərəqləndikcə Azərbaycan tarixinin zənginliyi təsdiqlənməklə yanaşı, keçdiyi yolun nə qədər çətin, hamar olmadığı aydın görünür. 1993-cü il dönüş ili idi. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə növbəti mərhələnin - inkişaf, tərəqqi dövrünün əsasını qoydu. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə söylədiyi bu fikirləri xatırlatmaq istərdik: «İyirmi il həm böyük bir müddətdir, həm də kiçik. Kiçikdir ona görə ki, tarix üçün 20 il heç nədir. Müstəqil bir ölkənin inkişafı üçün 20 il o qədər də böyük müddət deyildir. Ancaq, eyni zamanda, bu 20 il ərzində o qədər böyük işlər görülmüşdür ki, biz bu 20 ili böyük müddət kimi də qəbul edə bilərik və edirik... Müstəqil Azərbaycan bundan sonra əbədi yaşayacaqdır. Bu 20 il 120 il, 220 il, 520 il olacaqdır.» Ölkə Prezidenti İlham Əliyevin bu əminliyinə əsas verən amillər mövcuddur. Ümummilli Liderin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin uğurlu davamı Azərbaycanın qarşısında daha böyük zirvələri fəth etmək, biri-birindən əhəmiyyətli uğurlara imza atmaq imkanları yaradıb. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, inkişafın Azərbaycan modeli öyrənilməli və digər ölkələr bunu tətbiq etməlidir.
Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanınır, yeni iqtisadi və sosial çağırışların müzakirə olunması üçün əsas məkan seçilir. Dünyanın ən islahatçı ölkələri sırasında yer almaq düzgün qurulan siyasətin, uğurlara yol açan sosial-iqtisadi islahatların nəticəsidir. Bu günün əsas çağırışlarından biri həyata keçirilən iqtisadi islahatların fonunda əhalinin sosial müdafiəsini gücləndirmək, yoxsulluq problemi ilə mübarizə aparmaqdır. Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi bu sahədə əldə olunan uğurların təsdiqidir. Yoxsulluğun azaldılmasına xidmət edən Dövlət proqramlarının uğurlu icrası, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramlarından bəhrələnməsi və s kimi addımlar bu gerçəkliyi təsdiqləyir ki, insan amili dövlətin siyasətində prioritet məsələdir. Təbii ki, bu addımları şərtləndirən əsas amillərdən biri ölkənin iqtisadi imkanlarının genişlənməsidir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Dahi şəxsiyyət dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu Öndər Heydər Əliyevin brinci şah əsəri kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin ölkəmizə qazandırdığı uğurlar göz önünədidir. Ən önəmlisi «Əsrin müqaviləsi» Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi, Azərbaycanın bugününə və sabahına inamı daha da artırdı. 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. Azərbaycan etibarlı tərəfdaş kim mövqeyini bir daha möhkəmləndirdi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində «Əsrin müqaviləsi»nin rolunun təsdiqi kimi Azərbaycan neftinin 2006-cı ildə Ceyhan terminalına məhz 28 May-Respublika Günündə (hazırda Müstəqillik Günü) çatmasını xüsusi önə çəkən dövlət başçısı İlham Əliyev bunun rəmzi mənası olduğunu belə açıqlamışdır: «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi durumunu və beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək çətin deyildi.» Ölkəmizin iştirakı olmadan hazırda bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, Azərbaycanın təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınması da deyilənlərin təsdiqidir.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Artıq bayram günlərində təbriklərimizin mahiyyəti, ifadə etdiyi arzular da dəyişib, yeniləşib. Hər zaman üçtərəngli Bayrağımızın işğaldan azad olunmuş ərazilərimizdə qaldırılmasını arzu edir, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyimizi ifadə edirdik. Bu gün isə arzular başqadır. Torpaqlarımız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində öz sahiblərinə qayıtdı, torpaq həsrətinə son qoyuldu. Bugünümüzün əsas hədəfi, arzusu, istəyi işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərini tamamlamaq, soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Təkcə işğaldan azad edilməsi Azərbaycanın müstəqilliyinin yenidən bərpası ərəfəsinə təsadüf edən Füzulinin timsalında işğaldan azad edilmiş torpaqlarımızın böyük quruculuq meydanına çevrilməsini fəxrlə qeyd edə bilərik. 17 oktyabr Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq Füzuli Şəhəri Günüdür. Bu gün Qarbağdan və Şərqi Zəngəzurdan dünyaya hava qapısının açılması həm bu ərazilərimizin böyük inkişaf dövrünü yaşadığını təsdiqləyir, eyni zamanda, dünyaya lazım olan mesajları çatdırır.
Qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz növbəti zəfərlərimizə yol açdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, ərazilərimiz separatçılardan təmizləndi. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Qarabağımız və Şərqi Zəngəzurumuz sakinlərinə qovuşaraq xoşbəxt günlərini yaşayır. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Cənab İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü, həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edildi. Suverenliyimizin bərpasının birinci ildönümündə dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşdü və gənclərin qarşısında dayanan vəzifələri açıqladı. Tariximizin ayrı-ayrı dövrlərinə diqqəti yönəldərək bildirdi ki, Xankəndidən azərbaycanlılar qovuldu, ondan sonra - müstəqillik elan olunandan dörd ay sonra 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcər. Beləliklə, xəritəyə baxsanız görərsiniz ki, bütün böyük bir bölgə nəzarətdən çıxdı və faktiki olaraq Ermənistanla Qarabağ bölgəsi arasında coğrafi əlaqə yaradıldı. Bax, bu idi bizim tariximiz: «Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.»
Təbii ki, bu uğurlarımız gələcəyə daha böyük addımlarla irəliləməyə əsas verir. Müstəqilliyimizin xilaskarı kimi adını tarixə yazan Ümummilli Lider Heydər Əliyevin vaxtilə səsləndirdiyi «Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır» çağırışı günümüzün reallıqlarında özünün aydın ifadəsini tapdı. Elə bir gənc nəsil yetişdi ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi.
Təbii ki, 33 illik yolu bir yazıda əhatə etmək mümkünsüzdür. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Yeganə Əliyeva, «İki sahil»