17 oktyabr 2024 02:58
261

Hayastanın qan qoxuyan konstitusiyası

Bəşəri cinayətlər törətmiş erməniləri qəhrəmanlaşdırmaq cəhdi bundan sonra da haylara baha başa gələcək

Bu gün Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinə mane olan bəzi səbəblər var ki, onlardan biri də Ermənistanın mövcud  konstitusiyasıdır. Bu konstitusiyanın bir çox maddələrində hələ də  işğalçılıq, özgə torpaqlarına haqsız iddialar yer almaqdadır. Ona görə də  Azərbaycan dövləti  haqlı olaraq sülh üçün bu işğal maddələrinin ləğv edilməsini əsas şərt kimi irəli sürür.

Ümumiyyətlə, Ermənistanda hakimiyyətə gələnlər demokrat, ya qeyri- demokrat, Rusiya, yaxud  Qərbyönümlü  olmalarına baxmayaraq  həmişə anti-Türkiyə, anti-Azərbaycan mövqeyində olmaqla babalarının cinayətlərini təkrarlayıblar. Belə ki, 2016-cı ildə Ermənistanın paytaxtı İrəvanın mərkəzində faşistlərin əlaltısı olmuş Qaregin Njdeyə böyük heykəl qoyulub. Heykəlin açılışını Ermənistanın o vaxtki prezidenti Serjik Sarkisyan 2016-cı ilin mayın 28-də həm də  Ermənistanın Respublika günündə edib. Hətta bununla kifayətlənməyiblər. Paytaxt İrəvanın küçələrindən və meydanlarından birinə onun adı verilib. Eyni zamanda, Gümrüdə, Qafanda və Ermənistanın daha 17 yaşayış məntəqəsində də Njdeyə heykəllər qoyulub. İşğalçı ermənilər Azərbaycanın Xocavənd rayonunda da Njdeyə heykəl qoymuşdular. Məlumdur ki,  Njde İkinci Dünya müharibəsində erməni legionunu faşistlərin sərəncamına verib. Bu əsgərlər Qafqazda, Krımda və Fransada Hitler Almaniyasına xidmət ediblər. Hətta 2018-ci ildə demokrat adı altında Qərbyönümlü Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu istiqamətdə vəziyyət dəyişməyib. Antitürk ideologiyasını o da davam etdirib. 2019-cu ilin oktyabrında Vanadzor şəhərində türk millətinin ən qatı, qəddar düşməni Andranikin heykəli qoyulub. Bu düşüncəyə əsasən, ermənilər onun «Şərqi və Qərbi Ermənistanın» simvolu sayırlar. Bu isə onların Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasıdır.

Bundan başqa, 2024-cü ilin sentyabrında İrəvan hakimiyyəti küçələrdən birinə Aşot Qulyanın adını verib. O, Xocalı soyqırımının törədilməsində, Şuşanın işğalında fəallıq göstərənlərdən olub. 1992-ci ildə Azərbaycan silahlıları tərəfindən Heyvalı kəndində məhv edilib. Yeri gəlmişkən, bu terrorçu 1959-cu ildə Bakıda doğulub, Xankəndidə yaşayıb.

Vətən müharibəsindəki tarixi  Qələbəmizdən və 2023-cü ilin sentyabrın 19- da Azərbaycan Ordusunun keçirdiyi birgünlük lokal antiterror tədbirlərindən sonra Xankəndidəki separatçı xuntanın ləğvi Ermənstanı ölkəmiz qarşısında diz çökdürdü. Vətən müharibəsindən öncə Xankəndidə «Qarabağ Ermənistandır və nöqtə» deyən Nikol Paşinyan elə qulaqburması verildi ki, o, hətta bizim haqlı şərtlərimizlə razılaşmaq məcburiyyətində qaldı. Bu səbəbdən də Ermənistanın baş naziri konstitusiyada dəyişiklik etməyə dair ilkin razılığını parlamentdəki  çıxışlarında bildirib. Lakin onun təklif etdiyi yeni konstitusiya dəyişiklikləri həm kilsə, həm də revanşistlər tərəfində sərt qarşılanıb.  Vurğulamaq lazımdır ki, hazırda Ermənistanda hakimiyyətlə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. Hətta erməni kilsəsinin  Paşinyanın devrilməsinə çalışması barədə açıq və gizli məlumatlar da var. Kilsə konkret olaraq ölkəsinin İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin  və qondarma «dqr»in ləğv edilməsinin günahını  Paşinyan hakimiyyətində görür. Bir neçə ay əvvəl rəsmi İrəvan bildirib ki, sözügedən konstitusiya dəyişikliyi üçün 2027-ci  ildə referendum keçirmək nəzərdə tutulur. Bu isə hayların həmin məsələni uzatğmağa çalışması deməkdir.

Siyasi şərhçilərin fikrincə, Ermənistandakı konstitusiya dəyişiklikləri Paşinyan hakimiyyətini gücləndirəcək. Bu da onun rəqibləri ilə ciddi haqq-hesab çəkməsinə imkan yaradacaq. Xüsusilə 2008-ci ilin mart hadisələri zamanı eks-prezident Robert Koçaryan tərəfindən həbsə atılan Paşinyanın dəvə kini hələ soyumayıb. Həmçinin vurğulamaq lazımdır ki, artıq son bir neçə ildə erməni tacirlər və sahibkarlar Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin açılmasını tələb edirlər. Lakin bunun üçün Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi  və qondarma «erməni soyqırımı» iddialarından  vaz keçilməlidir. Təbii ki, rəsmi İrəvanın yaxın qonşusu Türkiyə ilə normal münasibətlər qurmağının yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın bir müddət əvvəl «Sabah» nəşrinə verdiyi müsahibədə Ermənistanla sərhədin açılmasının mümkünlüyündən bəhs edib. Vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi başa çatandan və xüsüsilə rəsmi İrəvan Bakının haqlı şərtlərini qəbul edəndən sonra sərhədlərin açılması prosesi sürətlənəcək. Məlum olduğu kimi, Türkiyə Ermənistanla diplomatik münasibətlərini ötən əsrin 90-cı illərində kəsib. Buna səbəb həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olub.

Təbii ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın iflas səviyyəsində olan  iqtisadiyyatını xilas etmək üçün bir şansdır. Əgər  haylar ölkələrinin  gələcəyini düşünürlərsə onda bu variantı dəstəkləyərək  Azərbaycanla münasibətlərdə destruktiv mövqelərindən çəkinməlidirlər. Çünki rəsmi İrəvan bu gün Rusiya ilə Qərb arasında məcburi manevr vəziyyətindədir. Yəni, faktiki olaraq böyük dövlətlərin siyasi poliqonuna çevrilmək ərəfəsindədir. Belə bir şəraitdə Ermənistana yeni «təhlükəsizlik çətiri» lazımdır. Bunun üçün ən ideal variant güclü iqtisadiyyata malik qonşuları olan Azərbaycan və Türkiyə ilə dialoqa getməkdir.

Bir neçə ay əvvəl Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubenyan arasında baş tutan görüşlərdə bəzi  anlaşmalar əldə edilib. Belə ki, onlar iki ölkə arasında diplomatik-rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Eyni zamanda, xüsusi nümayəndələr əvvəlki görüşlərində əldə olunan razılaşdırılmış məsələləri də təsdiqləyiblər. Onlar, həmçinin Akyaka-Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb edilən texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər. Bu isə Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətinin ciddiliyini göstərən vacib nüansdır. Ankara-İrəvan anlaşması müsbət qiymətləndirilsə də, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının aradan qalxmadığı şəraitdə bu müsbət gedişatın davamlı olması mümkün deyil. Əvvəla, ona görə ki, Ermənistan hərbi-siyasi təxribatlarından hələ də əl çəkmir. Bu isə Türkiyənin Azərbaycanla bağlı şərtlərinə uyğun deyil. İkincisi, əvvəldə qeyd etdiyimiz kimi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bu isə perspektivdə revanşistlərin yenidən müharibəni alovlandırmalarına, bir sözlə, regional təhlükəsizliyə təhdid yaratmalarına imkan verə bilər. Digər tərəfdən, Ermənistan konstitusiyaında həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Bu da qardaş ölkənin  milli təhlükəsizliyi üçün ciddi məsələdir. Yəni, hayların yalnız ölkəmizlə deyil, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olması üçün konstitusiya dəyişikliyi mütləqdir.

Burada digər diqqətçəkən məqam odur ki, Ermənistan bir çox hallarda Türkiyənin təhlükəsizlik və milli maraqlarını nəzərə almaq istəməyən ABŞ-a  və Avropa İttifaqına züy tutmaqda davam edir. Lakin buna baxmayaraq  qardaş ölkə indiki halda Ermənistanı bataqlıqdan çıxarmaq üçün ona əl uzadır. Bu xeyirxahlığı isə haylar vaxtında dəyərləndirməlidirlər. Əks halda, Ermənistanın səfil ölkə olmaq gerçəkliyi qaçılmazdır.

Elçin Zaman, «İki sahil»