Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində minalarla çirklənməsi problemindən əziyyət çəkir. Bu gün Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Məlumat üçün bildirək ki, ölkə ərazisinin təxminən 12 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Otuz ilə yaxın davam edən işğal müddətində qadınlar və uşaqlar da daxil olmaqla, yüzlərlə şəxs mina qurbanına çevrilib. Bu gün də torpaqlarımızda basdırılmış həmin minalar fəsadlar törətməkdə davam edir. Belə ki, oktyabrın 14-də Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində bir nəfər mülki şəxs piyada əleyhinə minaya düşərək yaralanıb. Yeri gəlmişkən, qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurun haylar tərəfindən mina tarlalarına çevirməsi nəticəsində İkinci Qarabağ müharibəsindən bu günədək 380-dən çox şəxs minaların qurbanı olub.
Ombudsman Səbinə Əliyevanın bu hadisə ilə bağlı açıqlamasında deyildiyi kimi, Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi insanların yaşamaq və sağlamlıq hüququnu kobud şəkildə pozmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə yaradır. Bununla yanaşı, həmin minaların partlaması suyun və havanın çirklənməsi, torpaqların strukturunun pozulması, ümumilikdə, ekoloji böhranın yaranması ilə də nəticələnir.
Doğrudur, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan erməni separatçılarından təmizlədiyi Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti-quruculuq işlərini uğurla davam etdirir. Hətta Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda mərhələli şəkildə bərpa olunan və ya yenidən tikilən yaşayış məntəqələrində 8600-dən çox keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb. Şübhəsiz, bu rəqəm daha çox ola bilərdi, əgər Ermənistanın ölkəmizə qarşı mina terroru olmasaydı. Yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların mövcudluğu geri qayıdan əhali üçün də potensial təhlükə mənbəyidir. Odur ki, rəsmi Bakı bu təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri ilə yanaşı, əhalinin maarifləndirilməsini də həyata keçirir.
Ermənistan üçtərəfli Bəyanatın imzalanmasından sonrakı ilk aylarda mina xəritələrinin mövcudluğunu, ümumiyyətlə, inkar edirdi. Daha sonra verdiyi xəritələrin dəqiqliyi isə 25 faizdən də aşağı oldu. Bir sözlə, onların Azərbaycana verdikləri mina xəritələri reallığı əks etdirmir. Halbuki, dəqiq mina xəritələri Ermənistanda var. 4 kəndin Azərbaycana geri verilməsi ilə bağlı razılıq əldə etdikdən sonra həmin kəndlərin ərazilərindəki minalar elə erməni ordusu tərəfindən qısa müddətdə təmizlənmədimi? Bu isə o deməkdir ki, haylar hansı ərazilərdə minaların olduğunu dəqiq bilirlər. Lakin Ermənistan hələ də dəqiq mina xəritələrini ölkəmizə təhvil verməkdən boyun qaçırır. Bu məsələdə Qərb də Ermənistana ciddi təsir göstərmir. Ermənidən betər erməniliyi ilə tanınan Fransa prezidenti Emmanuel Makronun göstərişləri ilə oturub-duran bəzi ölkələr, beynəlxalq təşkilatlar, şirkətlər bu fəlakətin araqdan qaldırılmasında o qədər də maraqlı deyillər. Halbuki, bu və ya digər məsələlərdə ölkəmizə qarşı qərəzli ittihamlar səsləndirən Qərb bu vacib məsələyə, yəni mina terroruna səssiz qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməlidir.
Doğrudur, bu il sentyabrın 20-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində "Mina və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsirlərinə baxılması" adlı birgə bəyanat yayılıb. Həmin bəyanatda mina partlaması nəticəsində zərər çəkmişlərin insan hüquqlarının pozulmasına görə məsuliyyətin istifadəçi dövlətlərin üzərinə düşdüyü birmənalı şəkildə qeyd edilir. Amma Ermənistan hələ də buna heç bir reaksiya verməyib. Qeyd edək ki, bu mövzuda birgə bəyanat təşəbbüsü ilk dəfə Azərbaycan tərəfindən iyunun 27-də BMT-nin Cenevrə qərargahında “Minasız sülhə doğru irəliləmək və qurbanların hüquqlarını bərpa etmək üçün insan hüquqları sistemindən istifadə” mövzusunda keçirilən konfransda səsləndirilib.
Qvami Məhəbbətoğlu, “İki sahil”