Fransanın “La Gazette du Gaucase” internet-qəzetinin baş redaktoru, məşhur fransız jurnalist Jan- Mişel Brun qələmə aldığı məqalədə yazır ki, Makron tərəfdarı olan KİV-lərin əsasında Azərbaycana qarşı böhtan yaymaq üçün “şəbəkə” yaradılıb
COP29 ərəfəsində xarici ermənipərəst dairələrin daxildəki antimilli ünsürlərlə birləşərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparacağı, dezinformasiya yayacaqları hamımıza bəlli idi. Biz əvvəllər də bu cür çirkin və utancverici mənzərənin şahidi olmuşduq. Həmin qüvvələrin Bakıda baş tutan “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları, həmçinin Formula 1 yarışları kimi mühüm tədbirlər ərəfəsində də çirkin oyunlarla qarşılaşmışdıq.
Təsadüfi deyil ki, bu gün də Qərbdəki məlum dairələr, xüsusilə də erməni lobbisi inhisarlarında olan media vasitələrindən, əllərindəki bütün mövcud resurslardan, eləcə də ölkəmizdəki antimilli ünsürlərdən istifadə edərək Azərbaycanın beynəlxalq imicinə ziyan vurmaq üçün respublikamıza qarşı çirkin qarayaxma, iftira və böhtan kampaniyasını davam etdirirlər.
Əslində məsələnin əsl mahiyyətini dərk edən Qərbin sağlam düşüncəli siyasətçiləri, vicdanlı, ayrı-ayrı mərkəzlərin əlində alət olmayan media mənsubları Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün çatdırmaq üçün ciddi səy göstərirlər. Məsələn, Fransanın “La Gazette du Gaucase” internet-qəzetinin baş redaktoru, məşhur fransız jurnalist Jan- Mişel Brun qələmə aldığı məqalədə yazır ki, dünya üzrə ən mühüm tədbirlərdən biri olan COP29 yaxınlaşdıqca, fransız mətbuatında anti-Azərbaycan ritorikası, demək olar ki, isterik həddə çatıb: “Fransa öz gözündə tiri görmür, amma Bakının gözündə tük axtarır. Rəsmi fransız KİV-ləri heyranlıqla soruşurlar: neft hasil edən bir ölkə olan Azərbaycan iqlim məsələlərinə necə qayğı göstərə bilər? Lakin iddia etmək olar ki, dayanıqlı inkişafa keçidin vacibliyini qəbul edən istehsalçı ölkənin etirafı müsbət addımdır. İndi sağçılarla və açıq-aşkar islamofob mövqelərlə ideoloji bağlılığı olan bir neçə oliqarxa məxsus həmin KİV-lər Ermənistan-Azərbaycan münaqişəsini, faktları təhrif etməklə və Azərbaycan tərəfindən 30 il işğal altında olan ərazilərin azad edilməsini təcavüz adlandırmaqla, manipulyasiya etməyə çalışır”.
Müəllif qeyd edib ki, COP29-un 2024-cü ilin 11-22 noyabr tarixlərində Bakıda keçirilməsini Böyük Britaniya dəstəkləyib, Almaniya Azərbaycanın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib. Eləcə də ATƏT-in Baş katibi Helqa Şmid COP29-un ilin ən əhəmiyyətli tədbirlərindən biri olacağını təsdiqləyib. Qoşulmama Hərəkatı COP29 zamanı atəşkəs təklifi üçün Azərbaycanı təbrik edib, BMT-nin Baş katibi isə tədbirdə iştirak etmək arzusunu ifadə edib.
Məqalədə qeyd olunub ki, COP29 əleyhinə hərəkata rəhbərlik edən Fransadan, erməni lobbisi və bir neçə amerikalı lobbi təşkilatından başqa hamı COP-29-un Bakıda keçirilməsindən razıdır. Müəllif daha sonra vurğulayıb ki, Makron tərəfdarı olan KİV-lərin əsasında Azərbaycana qarşı böhtan yaymaq üçün “şəbəkə” yaradılıb.
Biz bütün bunları əvvəldən görürdük. Ona görə də dəfələrlə yazırdıq ki, COP29 ərəfəsində ölkəmizin əleyhinə məqsədli şəkildə qarayaxma kampaniyası aparmaq məqsədilə “La Gazette du Gaucase”nun yazdığı kimi, makronsayağı şəbəkələr yaradılacaq. Bunları deyəndə məlum mərkəzlərlə eyni səngərdə yer alan antimilli ünsürlər qarğa-quzğun kimi üstümüzə gələrək vay-şüvən qoparırdılar. Başda AXCP sədri Əli Kərimli və onun ətrafındakı zombi sürüsü, “Milli Şura”nın sədri Cəmil Həsənli kimi odioz tiplər sosial şəbəkələrdə antimlli notlar üzərində qurduqları çıxışları ilə Azərbaycan əleyhdarı olan mərkəzlərə var gücləri ilə dəstək verirdilər.
Gerçəklik odur ki, çirkli qrant pulları ilə bəslənən məlum ünsürlər COP29 ərəfəsində Ə.Kərimlinin məhkəməsi ətrafında ucuz şou yaradaraq düşmən dəyirmanına su tökürlər. Adamdan soruşarlar ki, Ə.Kərimlini kim məhkəməyə verib? Onun keçmiş “cəbhəçi” dostu, AXCP-nin Nəzarət Təftiş Komissiyasının sabiq sədri Aydın Əliyev. Həmin şəxs Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət edib. Belə olan halda başqalarından nə istəyirsiniz? Əgər sizin əməlləriniz düz, niyyətiniz təmizdirsə gedin məsələnizi özünüz məhkəmədə həll edin.
Ancaq bu ünsürlərin niyyəti bəllidir. Təkzib olunmaz faktlar sübut edir ki, bu zümrədən olanların əsl məqsədi COP29 ərəfəsində məsələləri bilərəkdən təhrif edərək, küçələrdə vay-şüvən qopararaq, xaricdəki ağalarının anti-Azərbaycan fəaliyyətinə dəstək verərək beynəlxalq ictimai rəyi çaşdırmaq, ölkəmizin imicinə ləkə yaxmaqdır. Ancaq yanılırlar. Həm də çox yanılırlar. Bu xəyanətkarlar bilməlidirlər ki, makronsayağı şəbəkələrlə birləşərək Azərbaycan əleyhinə qurduqları məkrli planlar iflasa uğrayacaq.
Zahid Rza “İki sahil”