16 oktyabr 2024 00:31
277

Qərbin əsl siması onun simasızlığıdır

Özü müstəmləkə siyasəti yürüdən Niderlandın  ölkəmizə qarşı əsassız iddialarla çıxış edərək qərəzli qətnamələr qəbul etmələri  absurddur

Şərqlə Qərb arasında yerləşən, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlərdən bəri bəşəri dəyərlərə sadiq olmaqla tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayır. Etnik qruplara və müxtəlif dinlərə məxsus bütün ölkə vətəndaşları üçün Azərbaycan doğma Vətən, ata-baba ocağı, yurd yeridir. Ölkə daxilində mövcud olan sabitlik, birgəyaşayış qaydalarına hörmət, qarşılıqlı etimad bir daha göstərir ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Dövlətçilik və milli maraqların qorunması bütün ölkə vətəndaşları üçün müqəddəs borcdur. Azərbaycan 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrliyi müddətində bütün xalqların milli-mənəvi dəyərlərinə hörmət və etimadını dəfələrlə sübut edib. COVID-19 pandemiyasının davam etdiyi müddətdə peyvənd millətçiliyinə qarşı mübarizənin önündə gedən Azərbaycan yeni müstəmləkə tendensiyalarına qarşı barışmaz mövqeynin birlik və həmrəyliyi ilə təsdiqləyir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına qəti etirazını bildirən xalqımız insanları məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə qarşı mübarizlik nümunəsi göstərir. Hələ də demokratik dəyərlərə ikili standartlardan yanaşan, bəzi dövlətlərin, Avropa təsisatlarının başqa ölkələrin daxili işlərinə müdaxiləyə səssis qalmaqla kifayətlənməyərək qəbul etdikləri ədalətsiz qərar və qətnamələri ilə ölkələrin daxili işlərinə müdaxilə kimi tendensiyalarını davam etdirən Avropa Parlamenti və AŞPA bu cür addımları ilə yeni müstəmləkə niyyətlərini qızışdırdıqlarını başa düşməlidirlər. Dünyada ədalətin tərəfdarı olan Azərbaycan həmişə öz hüquqlarını müdafiə edən, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyən xalqların yanında olduğunu əməli işi ilə təsdiqləyir.

Bu mübarizədə aparıcı rol oynamağı qarşısına məqsəd qoyan  Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən, dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Öz gözlərində tiri görməyən, başqalarında suç axtaran bəzi Qərb ölkələri müstəmləkə altında saxladıqları millələri elementar hüquqlardan belə  məhrum etməkdən çəkinmirlər. Onlardan biri də Niderland krallığıdır. Niderlandın müstəmləkəçiliyi altında olan Belizin və Bonayre adasının nümayəndə heyətinin üzvləri bildiriblər ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən ölkələr üçün çox mühüm platforma yaradır və buna görə təşəkkür edirik: “Biz yaşadığımız adada çox çətinliklərə məruz qalmışıq. Əvvəllər pulsuz stomatoloji xidmətdən istifadə imkanımız var idi, sonradan onu aradam qaldırdılar. Mütəxəssislərimiz xaricdən gəlir, üç aydan bir onların sayı azaldılır, bu da xəstə ilə səhiyyə sistemi arasında əlaqənin kəsilməsinə gətirib çıxarır. Adadakı təhsil sistemi onların övladlarını doğma torpaqlarını tərk etmək məcburiyyətində qoyur. T tələbələrin əksəriyyəti Niderlanda gedir. Həmin gənclər müqəddəs torpaqlarına qayıdanda belə onlara öz adalarında deyil, Niderland iqtisadiyyatına dəstək olmaq üçün xaricdə iş təklif olunur. Bizim adamız Niderlandın müstəmləkəsidir. İnsanlarımız çox çətin vəziyyətdədir. Belə ki, adamızdakı bütün qanunlar müstəmləkə olduğumuz üçün Niderland tərəfindən yazılır. Bizim xalqımız demokratik hüquqlarına sahib deyil. İnsanlarımızın bu vəziyyətdən şikayət etmək hüquqları belə yoxdur.”

Özü müstəmləkə siyasəti yürüdən Niderlandın  ölkəmizə qarşı əsassız iddialarla çıxış edərək qərəzli qətnamələr qəbul etmələri  absurddur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Niderland Krallığının Parlamentinin əsassız qətnamələrinə və xarici işlər naziri Kaspar Veldkampın qərəzli fikirlərinə münasibət bildirərək qeyd edib ki, Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnaməni qətiyyətlə rədd edirik: “Bununla yanaşı, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir.

Ayxan Hacızadə bildirib ki, sözügedən sənədlərdə və səslənən fikirlərdə ölkəmizə münasibətdə törədilmiş hərbi işğalın və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulmasının, Ermənistanın Azərbaycana qarşı hələ də davam edən ərazi iddialarının tamamilə gözardı edilməsi təəssüf doğurur. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı 1954-cü il Haaqa Konvensiyasına zidd olaraq mədəni və dini irsimizin dağıdılmasına, təhqir edilməsinə, mənimsənilməsinə, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə etinasız yanaşan Niderland tərəfinin indi ermənilərin saxta təbliğatına istinadən ölkəmizin guya erməni abidələrini hədəf aldığını bildirməyə heç bir mənəvi haqqı yoxdur. Qətnamələrdə yer alan və xarici işlər nazirinin səsləndirdiyi fikirlərdə Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir. Həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyini bir daha xatırlatmaq istərdik.”

Ayxan Hacızadə, həmçinin qeyd edib ki, Niderland tərəfinin iddialarında “hərbi əsirlər” kimi istinad edilən şəxslər Azərbaycan ərazisində separatçılıq, qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var. Buna görə də, qeyd edilən məsələdə Azərbaycana qarşı səslənən bütün fikirlərin heç bir əhəmiyyəti yoxdur. Sonda diplomat Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırıb.

Göründüyü kimi, “Adımı sənə  qoyum səni də yana-yana qoyum” məsəli Qərbin simasızlığını  əks etdirir.

Şəmsiyyə Əliqızı, “İki sahil”