16 oktyabr 2024 01:46
335

Gürcüstan çətin sınaq qarşısında

Qonşu və dost Gürcüstan SSRİ imperiyasına qarşı mübarizə aparan ilk müttəfiq respublikalardandır. 1989-cu il aprelin 9-da  bu respublikada sovetlərə qarşı aksiyanı Moskva qanla boğmuşdu. Həmin tarixdə Tbilisidə parlamentin binası qarşısında Gürcüstanın müstəqilliyi uğrunda başlanmış dinc aksiya sovet qoşunları tərəfindən dağıdılmış, 21 iştirakçı qətlə yetirilmiş, yüzlərlə şəxs hələ də tərkibi müəyyən edilməmiş qazdan zəhərlənmişdi.

Gürcüstan da müstəqillik qazanandan sonra bu ölkə uğrunda Qərblə Rusiya arasında maraq çəkişmələri başladı. Təbii ki,  ölkədə Qərb demokratiyası dəyərlərinin rəngli inqilablarla  gələcəyinə çalışanlar yanıldılar və bunun ən acı nəticəsi Gürcüstanın bölünməsi ilə nəticələndi.  Xüsusilə 2008-ci ilin avqustunda  Rusiyanın Gürcüstana qoşun yeritməsi və hətta Tbilisinin 25 kilometrliyinə qədər yaxınlaşması böyük tarixi biabırçılıq idi. Ən dəhşətlisi isə o idi ki,  həmin hadisələr zamanı Qərb Gürcüstanı aldadaraq ona heç bir kömək göstərmədi. Yalnız ABŞ-ın o vaxtkı Prezidenti Corc Buş Tbilisiyə gələrək burcutma rəqsləri ilə yadda qaldı.

Qərb nə istəyir?

Son bir neçə ildə isə Gürcüstan Rusiya ilə Qərbin siyasi- idelolji qarşıdurmasının mərkəzinə çevrilib. Xüsusilə qonşu ölkənin parlamentində «Xarici təsirin şəffaflığı haqqında»  qanun layihəsinin müzakirəsi və qəbul edilməsi yeni mənzərəni ortaya çıxarıb. Hazırda bu qanunun qəbulu ölkəni iki cəbhəyə ayırıb: qərbyönümlülər və ona qarşı olanlar (onlara rusiyayönümlülər də deyirlər). Qanuna görə Gürcüstandakı qeyri- hökumət təşkilatlarına Avropadan və ABŞ-dan gələn külli miqdarda maliyyə vəsaitlərinin (qrantların) hesabatı verilməlidir. Hakimiyyət hesab edir ki, həmin vasaitlər Gürcüstan hakmiyyətni devirmək üçün müxalifətin maliyyələşdirilməsi deməkdir. Lakin Gürcüstan müxalifəti isə bunu hakimiyyətin onlara qeyri -demokratik basqısı kimi qiymətləndirir. 

Göründüyü kimi, Qəpbin bir neçə ildir ölkəmizə sərgilədiyi bu qeyri- demokratik münasibəti bu gün Gürcüstan görür. Məqsəd Cənubi Qafqazda onlara sərf edən, sözəbaxan, mövqesiz hakmiyyətlər qurmaqdır. Lakin Azərbaycan bu basqılara illərdir sinə gərərək mövqeyindən bir metr də geri çəkilməyib. Çox güman ki, Gürcüstanın mövcud hakimiyyəti də bu təzyiqlərə sinə gərməyi bacaracaqdır. Xatırladaq ki, sözügedən qanunun qəbulundan sonra Avropa İttifaqı Gürcüstan vətəndaşlarına tətbiq etdiyi vizasız gediş- gəlişi ləğv etdi. Ardınca isə Avropa İttifaqı və ABŞ bu ölkəyə vəd etdiyi maliyyə vəsaitlərini kəsdi.

Məlumdur ki, oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq gedir. Hakimiyyətdə olan «Gürcü arzusu-Demokratik Gürcüstan»la müxalifət arasında gedən mübarizə özünü seçkilər ərəfəsində daha qabarıq göstərir. Hakimiyyət iddia edir ki, keçmiş iqtidarın səbatsızlığı ucbatından ölkə 20 faiz ərazisini itirib. Yəni, Gürcüstan müxalifəti yenidən hakimiyyətə gəlsə 2008-ci ilin avqust faciəsi təkrarlana bilər ki, bu da ölkəyə Suriya və Ukrayna dəhşəti yaşada bilər.

Azərbaycanla Gürcüstan arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa söykənir

Bəli, bu gün bir yaxın qonşu və dost ölkə kimi Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin qarşısında duran əsas hədəflərdən biri ikitərəfli əməkdaşlığı dərinləşdirmək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları atmaqdan ibarətdir. Son 10 ildə iki ölkə arasında 118-dən çox sənəd imzalanıb ki, bu da iqtisadi-siyasi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlığın formalaşdırılmasını şərtləndirib.

Xüsusilə hər iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi, birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycanla Gürcüstanın iştirakı ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması həm də regional sülhə və sabitliyə öz töhfəsini verməkdədir. Gürcüstan və Azərbaycan Orta Dəhlizin həyata keçirilməsində də uğurla fəaliyyət göstərirlər. Növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımların atılması gözlənilir. Ümumiyyətlə, Azərbaycanla Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı şəkildə bir-birini dəstəkləyir. Təcrübə göstərir ki, Cənubi Qafqaz regionunun inkişafı ölkələr arasında ikitərəfli münasibətlərin dinamikasından birbaşa asılıdır.

Ötən ilin oktyabrın 8-də Gürcüstana işgüzar səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Gürcüstan dostluq münasibətlərin barədə deyib: «Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur. ...Strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik».

Qeyd edək ki, Prezident İlham Əliyev Gürcüstana 11 dəfə həm rəsmi, həm də işgüzar səfər edib. Hər səfərin nəticəsi çox uğurlu hadisələrlə yadda qalıb. Bu gün də Azərbaycanla Gürcüstan arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa söykənir. Son dövrdə isə bu əməkdaşlığa daha bir uğurlu layihə – «Yaşıl enerji dəhlizi» layihəsi də əlavə olunub.

Qarşılıqlı münasibətlərin yaxınlığına misal olaraq deyə bilərik ki, son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili  və indiki Baş naziri İrakli Koxabadze beynəlxalq tədbirlərdə də birgə iştirak edərək biri-birlərinə siyasi dəstək veriblər. Bu isə o deməkdir ki, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. Ölkələrimiz arasında siyasi müstəvidə inkişaf edən əlaqələrlə yanaşı, iqtisadi sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Belə ki, 2004-cü ildən etibarən fəaliyyət göstərən İqtisadi Əməkdaşlıq Məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın mütəmadi olaraq iclasları keçirilir. Sonuncu, 9-cu iclas isə ötən il dekabrın 15-də Tbilisidə keçirilib. 2022-ci ildən etibarən Gürcüstan Azərbaycanın 13-cü xarici ticarət tərəfdaşıdır. Həmin ildən etibarən iki ölkə arasında ticarət dövriyyəsi 772 milyon ABŞ dolları təşkil edir. Ölkəmizdə Gürcüstan investisiyalı 750 kommersiya qurumu qeydiyyatdadır. Azərbaycan isə Gürcüstana davamlı investisiya yatıran ölkələrdəndir. Gürcüstandan Azərbaycana 263 milyon dollar, Azərbaycandan bu ölkəyə isə 3,4 milyard dollar məbləğində investisiya qoyulub. Hər iki ölkə arasında uğurlu regional əməkdaşlıq çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. Buna misal olaraq, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd edə bilərik. Son illər regionda və Azərbaycanda zəngin yaşıl enerji potensialının mövcudluğu dünyanın diqqət mərkəzindədir. 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanmış «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında» sazişi qeyd etmək yerinə düşər. Cənubi Qafqazda Avropanın iqtisadi zəncirinin əsas halqalarını təşkil edən Azərbaycan və Gürcüstan dünya üçün mühüm və etibarlı tərəfdaşlardır.

Ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Belə ki, Gürcüstanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Eyni zamanda, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, «ERA Teatrı» və yeni yaradılmış «Beez" Uşaq teatrı fəaliyyət göstərir. Azərbaycanın böyük mütəfəkkir yazıçıları M.F.Axundzədənin, C. Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeyləri də mövcuddur.

Parlament seçkilərində hakim partiyanın qələbəsi Azərbaycanın maraqlarına uyğundur

Bütün bunlara rəğmən demək olar ki,  Gürcüstandakı paralment seçkilərində hazırkı hakim partiyanın qələbəsi Azərbaycanın maraqlarına uyğundur. Çünki hazırda Cənubi Qafqazın taleyi Gürcüstan və Azərbaycandan asılıdır. Eyni zamanda, Prezident İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Kobaxidzenin şəxsi təmasları, qarşılıqlı səfərlər, görüşləri iki ölkə arasındakı dostluq münasibətlərini  daha da möhkəmləndirir. Xüsusilə Gürcüstanda yaşayan soydaşlarımıza Gürcüstan dövlətinin diqqət və qayğısı da diqqət çəkir.

Bu gün Avropa İttifaqının və ABŞ-ın Gürcüstana qarşı sərgilədiyi qeyri- demokratik mövqe haqlı olaraq gürcülərin narazılığına səbəb olur. Qərb çalışır ki, qonşu ölkədə hakimiyyət dəyişikliyi etməklə ona itaət edən bir Gürcüstana sahib olsun. Lakin gürcülər anlayırlar ki, Qərbin bu demokratiya ixracı bir çox ölkələrdə vətəndaş müharibəsi yaradaraq həmin ölkələri viran qoyub. Ona görə də Qərbin istənilən təxribatına qarşı hazır olmağa çalışırlar. Əslində, Qərbin Cənubi Qafqazda yalnız Ermənistana hərtərəfli dəstək göstərməsi o deməkdir ki, o, Cənubi Qafqazda daha güclü Ermənstanın əli ilə həm Azərbaycana, həm də Gürcüstana təzyiq imkanlarını genişləndirə bilsinlər.   

Elçin Zaman, "İki sahil"