15 oktyabr 2024 10:57
284

Xankəndidə dalgalanan bayraq Azərbaycan xalqının qələbəsini əbədiləşdirdi

15 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldıraraq, 30 ildən artıq bir zaman ərzində gözlənilən Qələbənin simvolunu tarixə yazdı. Bu an, yalnız ölkə tariximizdə deyil, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq bir tarixdir.

Azərbaycanın uzun illər boyu öz torpaqlarının işğalı altında yaşaması və bu müddət ərzində xalqın çətinlikləri, 1 milyon insanın evsiz-eşiksiz qalması, torpaqlarımızın tamamilə dağıdılması, etnik təmizləmə – Azərbaycan tarixinə qanlı hərflərlə yazılan Xocalı soyqırımı kimi hadisələr heç zaman unudulmayacaq və daim beynəlxalq ictimaiyyətə xatırladılmalıdır. 23 saatlıq anti-terror əməliyyatları nəticəsində qondarma rejimin qalıqlarının ayağı Xocalıdan, Xankəndidən də kəsildi – separatistlər, müharibə cinayətkarları Azərbaycan dövlətinin ədalət-hüquq sisteminin hökmü ilə layiqli cəzanı aldılar.

Xankəndidə dalğalanan Azərbaycan Bayrağı düşmən üzərində 30 ildən sonra əldə edilmiş böyük qətiyyətli zəfərin təcəssümüdür.

Müstəqilliyimizin əsasında güclü iqtisadiyyat və hərbi, müdafiə qabiliyyəti dayanır. Son 20 il ərzində Azərbaycan, iqtisadi baxımdan xeyli güclənərək dünya miqyasında öz yerini tutdu. Bu güclü iqtisadiyyat, yalnız ölkənin müstəqilliyini deyil, həm də beynəlxalq müstəvidə tanınmasını təmin etdi. Cənab Prezidentin də dediyi kimi, "biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik." Bu fəxr 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqla daha da möhkəmləndi.

Ulu Öndər Heydər Əliyevin Sovet dövründə Azərbaycana rəhbərliyi zamanı Qarabağda bir dəfə də olsun xaos, hərc-mərclic olmamış, ermənilər baş qaldıra bilməmişdi. Ümummilli liderin qətiyyətli siyasəti nəticəsində əmin-amanlıq hökm sürürdü. Lakin 1987-ci ildən sonra baş verən hadisələr, Azərbaycanın müstəqil siyasət yürütməsinə mane olmuşdur. Lakin, xalqın iradəsi və mübarizəsi nəticəsində, Ulu Öndər hakimiyyətə gətirilmiş və Prezident seçilmişdi. Bundan sonra atəşkəs elan olunmuş, düşmənin işğal etdiyi bir neçə ərazi də geri qaytarılmışdı. Bu gün Ulu Öndərin çıxışlarında əks olunan xalqın Qarabağ arzusu, onun Qarabağ vəsiyəti cənab İlham Əliyev tərəfindən yerinə yetirilmişdir. Azərbaycan xalqının dövlət başçısına və dövlətimizə inamı və etimadı daha da artmışdır. Azərbaycan öz torpaqlarında tam müstəqil bir dövlət kimi varlığını sübut etmişdir. Bu il Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində 1000-dən çox tələbə tədris keçəcək, bu göstərici gənclərimizin azad olunmuş ərazilərə böyük marağının və torpaqlarımıza olan yüksək qayğısının göstəricisidir.

Xankəndidə qaldırılan bayraq, Azərbaycan xalqının qələbəsini simvollaşdırır. Cənab Prezidentin dediyi kimi, "bu Qələbə bizim tariximizdə əbədi olacaq." Xankəndi, yalnız bir şəhər deyil, həm də Azərbaycan xalqının birliyinin, gücünün və mübarizəsinin, müstəqil Azərbaycanın yeni tarixinin başlanğıcını simvolizə edir. Azərbaycan xalqı, bu Qələbəni öz qanı və canı bahasına əldə etmiş və Xankəndidə dalgalanan bayraq bu tarixi anı əbədiləşdirmişdir.

Pərvanə Vəliyeva,
​Milli Məclisin deputatı