Dövlət başçısı İlham Əliyev son 21 ildə atdığı addımları ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini təsdiqlədi
«Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.» 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində onu da bildirmişdi ki, Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətirib. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilib, Azərbaycanın nüfuzu artıb. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın bugunkü uğurlarını şərtləndirdi. Məhz bu imkanlara söykənərək cənab İlham Əliyev sözügedən andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə inandığını bildirmişdi: «Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: əziz prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.»
Bu vədin verilməsindən artıq 21 il keçir. 21 il zaman baxımından böyük olmasa da uğurlarımızın, zəfərlərimizin zənginliyi ilə bir əsrə bərabərdir. Bu illər Azərbaycanın müstəqillik tarixinə biri-birindən möhtəşəm səhifələri yazdı. Cənab İlham Əliyevin qarşıdakı dövr üçün verdiyi vədlər sırasında bu mühüm çağırış xüsusi yer tutmuşdu: «Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik.»
Ötən 21 il hər bir vədin konkret əməli işdə təsdiqinin təqdimatıdır. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi və sair kimi həllivacib məsələlər idi. Son 21 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Çünki hansı sahəyə baxsaq Azərbaycanın möhkəm təməl üzərində inamla irəlilədiyini görür, təcrübəsi nümunə göstərilir. Cənab İlham Əliyevin jurnalistlərə ilk müsahibəsini də yada salmaq bir zərurət kimi qarşımızda dayanır. Çünki dövlət başçısı həmin müsahibəsində üəzrinə düşən çətin, eyni zamanda, şərəfli missiyanı yerinə yetirmək üçün xalqa arxalandığını bir daha diqqətə çatdırdı. “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına cənab İlham Əliyevin cavabı belə olmuşdu: “Gərək mən ümidləri doğruldam... Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm... Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.»
Prezident İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi inkişafı hər bir ölkənin tərəqqisində vacib amil kimi önə çəkərək iqtisadiyyatın şaxələndirilməsini vacib amil kimi önə çəkdi. Bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Son 21 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik” söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.
Dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri də neft kapitalının insan kapitalına çevrilməsi oldu. Bu hədəfə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin zəruriliyi gündəmə gətirildi. Cənab İlham Əliyevin Sərəncamı ilə Regional inkişaf proqramı təsdiqləndi. İlk proqramın əhatə etdiyi 2004-2009-cu illər üçün nəzərdə tutulan bütün hədəflərin uğurlu icrası növbəti üç sənədin qəbulunu zərurətə çevirdi. Artıq dörd Dövlət Proqramı uğurla icra edilib və tarixi Zəfərimizin reallıqları əsasında bütün regionları, o cümlədən işğaldan azad edilmiş əraziləri əhatə edən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi.
Azərbaycanın hər bir uğurunun əsasında iqtisadi müstəqilliyimizin təmin edilməsi dayanır. Ölkəmizin malik olduğu təbii resurslarından səmərəli içtifadəsi, enerji diplomatiyasını uğurla həyata keçirməsi bu sahədə biri-birindən mühüm addımların atılmasını təmin edir. Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Bunun üçün Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Bircə faktı qeyd etmək kifayətdir ki, 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. 2020-ci ilin dekabrında isə tam tərkibdə istifadəyə verildi. Bu günün əsas çağırışı isə bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. İşğaldan azad edilmiş ərazilərimiz bu sahədə böyük potensiala malikdir ki, bu da gələcəkdə həm ölkəmizin, həm də yeni layihələrdə iştirak edəcək ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfə olacaq.
İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.
Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifə idi. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Ordumuz faktiki olaraq yenidən quruldu. Əvvəldə də qeyd etdiyimiz kimi, iqtisadi dayanıqlıq bütün sahələrdə təkmil islahatlara geniş yol açdı. Ordu quruculuğu sahəsində atılan addımların nəticəsi idi ki, Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Onu da qeyd etmək istərdik ki, dünya Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu hələ 2016-cı ilin Aprel döyüşlərində, həmçinin 2018-ci ilin Günnüt əməliyyatında şahidi olmuşdu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev üzərinə düşən bu missiyanı da şərəflə yerinə yetirdi. 44 gündə 30 ilin işğalına son qoyulması Azərbaycanın bu illər ərzində necə gücləndiyini, qüdrətləndiyini nümayiş etdirdi. Ordumuz bütün döyüş tapşırıqlarını qətiyyətlə yerinə yetirməyə hazır olduğunu 2020-ci il 27 sentyabar tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan zaman Müzəffər Ali Baş Komandanın «Hücum!» əmrini yüksək səviyyədə cavablandırması ilə təsdiqlədi. 44 günün hər günü xalqımız dövlət başçısı İlham Əliyevdən qələbə müjdələrini eşitdi. Dövlət başçısının xalqa hər müraciətində hansısa kəndin, şəhərin, qəsəbənin və strateji yüksəkliyin işğaldan azad edilməsi xəbəri çatdırıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
Bu gün əzəli torpaqlarına qovuşan Azərbaycan çal-çağırlı günlərini yaşayır. Xalqımıza qələbə yaraşır. 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına baxmayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama əsas verən dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bütün çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq.
«İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.» Dövlət başçısı İlham Əliyev ötən il oktyabın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında onu da əlavə etdi ki, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır: «Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq… Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.»
Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı.
Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının memarı kimi tarixə yazılan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev qeyd etdiyimiz müraciətində onu da bildirmişdir ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Bu illər ərzində Qağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bu sənədlərdə öz əksini tapdı. Azərbaycanın döyüş meydanında qələbəsində bu illər ərzində yaradılan möhkəm hüquqi bazanın rolu inkaredilməzdir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.
30 illik zaman keçdi. Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib. Heç zaman qan tökülməsini istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllini gözlədi. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı.
Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatları, təhqiredici addımları ilə açıq-aşkar münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bildirirdi. Baxmayaraq ki, işğalçı Ermənistana havadarlıq edən dövlətlər münaqişənin hərb yolu ilə həllinin olmadığını bildirirdilər, Ermənistanın baş naziri bunun əksinə olaraq münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bəyan edirdi. Azərbaycan dövləti, xalqı Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif istiqamətlərdə hücumlarından sonra artıq səbrin tükənməz olmadığını nümayiş etdirdilər. Müzəffər Ali Baş Komandan «Azərbaycan əsgəri, irəli!» əmrini verdi. Azərbaycan Ordusu daim Ali Baş Komandanın bu əmrini gözləyirdi. Onların döyüş ruhu, şücaəti 44 günlük müharibə dövrünün gedişində özünün aydın mənzərəsini yaratdı.
Vətən müharibəsi Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Tarixi Zəfərimizdən 3 il sonra oktyabrın 15-də Azərbaycan Bayrağının Xankəndidə ucaldılması tarixi hadisədir. Dövlət başçısının xalqa müraciəti bugünümüz və gələcəyimizlə bağlı bütün məqamları özündə ehtiva edir. “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi» sözləri 21 il bundan əvvəl Azərbaycan vətəndaşlarının nə dərəcədə müdrik qərar verdiyini bir daha ortaya qoydu.
Reallıq budur ki, məhz 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Prezident seçilmiş cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, Onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Cənab İlham Əliyev yeni reallıqları yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazandı, əxlaqi və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer etdi.
Cənab İlham Əliyevin Xankəndi şəhərindən xalqa müraciətində Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatacağına əminliklə yanaşdığını bildirdi. Reallıq budur ki, Azərbaycan bütün istiqamətlərdə üstünlüyə malik idi.
Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Xankəndidən ünvanladığı müraciətində də «Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, həmin ölkələr o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Bu 30 il ərzində heç nə dəyişməyib. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır. Xocalı soyqırımı törədilmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb. “Xocalıya ədalət!” hərəkatı geniş vüsət almışdır. O çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur.
«Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!» söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı etdi: «Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.»
Bu missiyanın əsası Ulu Öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağını, erməni qəsbkarlığının uzun sürməyəcəyini hər zaman bildirir, hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı. Ümummilli Lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərinin davamı olaraq Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza bu müraciəti etdi: «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!»
Cənab İlham Əliyevin müsahibələrinin birində ona ünvanlanan «Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız və təmkinliyiniz nəyə əsaslanırdı? Bu müharibənin tarixən ədalətli olmasını başa düşməyinizə? Sizin Ali Baş Komandan kimi regionda ən yaxşı ordulardan birinə malik olmağınızı başa düşməyinizə? Qarşı tərəfin, yəni, erməni tərəfin “əl-qol atması” fonunda Sizin bu cür müstəsna dərəcədə ləyaqətli, sakit, inamlı davranmağınızın əsası bu idimi» sualına cavabını da xatırlamamaq mümkün deyil. Dövlətimizin başçısı bildirmişdir ki, bu suala dərhal cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır. Hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam. Hərbi əməliyyatlar aparılan dövrdə bir dəfə də provokasiyalara uymadıq: «Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır.» Cənab İlham Əliyev fəaliyyəti ilə uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrilib. Dövlət başçısı çıxışlarında bu çağırışı da edir ki, nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik: «Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik.»
Dövlət başçısı İlham Əliyevin çıxışlarının, xalqa müraciətlərinin hər biri Azərbaycanı bu günü və gələcəyi üçün mühüm çağırışlarla zəngindir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2024-cü ildə müstəqillik tariximizdə ilk dəfə olaraq prezident və parlament seçkiləri keçirildi. Hər iki seçki xalqımızın həyata keçirilən siyasətə, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasını inamını nümayiş etdirdi. Suverenlimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan təbii ki, yeni hədəflərini müəyyənləşdirməli idi. Keçirilən bu seçkilər həmin hədəflərə geniş yol açdı. Bu ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində «İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi» söylədi və ötən dövr ərzində görülən işlərin zəfərlərə yol açdığını böyük qürur hissi ilə qeyd edərək bu çağırışı etdi: « Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək.»
Cənab İlham Əliyev Azərbaycanın demokratik inkişaf tarixinə növbəti uğur səhifəsini yazan 1 sentyabr parlament seçkilərindən sonra yeni formalaşan VII çağırış Milli Məclisin ilk iclasında da Azərbaycanın qarşısında dayanan hədəfləri açıqladı. Bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası təbii olaraq bizim hər birimizin önəmli vəzifəsidir. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaq. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır: «Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, - həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə.»
Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın bütün sahələrdə davamlı uğurlar qazanmasını şərtləndirir. Xarici siyasətdə əldə edilən nakiliyyətlərin miqyası göz qabağındadır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin miqyası genişlənir. Hazırda dünyanın diqqəti Azərbaycanın gələn ay ev sahibliyi edəcəyi COP29-a yönəlib. Tədbir ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Tezliklə COP29-un Azərbaycana qazandırdığı uğurlardan, yol açdığı yeni əməkdaşlıq formatlarından, beynəlxalq həmrəyliyin qlobal iqlim dəyişmələrinin yaratdığı problemlərin aradan qaldırılmasına göstərdiyi töhfələrdən bəhs edəcəyik.
Təbii ki, 21 ilin uğurlarını bir yazıda əhatə edə bilmərik. Hər günün Azərbaycanın müstəqillik tarixinə uğur səhifəsi kimi yazılmasını şərtləndirən Heydər Əliyev siyasətinə xalqın inamı, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birliyi, həmrəyliyi bundan sonra da Azərbaycanın daha mühüm zəfərlərlə diqqətdə olacağını təmin edəcək. Günümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin böyük inamla qeyd etdiyi «Nə qədər ki, Azərbaycan var mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!» fikirlərinin aydın mənzərəsini yaradır. Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciəti ilə bugünümüzün və gələcəyimizin əsasını qoydu. Bu tarixi müraciətdə inamın növbəti ünvanının dəqiq göstərilməsi dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, qalib, bütövləşən Azərbaycanın bundan sonra da zəfərlərə doğru inamla addımlamasına stimul verdi. Ümummilli Lider əminliklə bildirdi ki, cənab İlham Əliyevə özü qədər inanır və axıra çatdıra bilmədiyi işləri o, axıra çatdıracaq. Xalqı 2003-cü ildə etdiyi seçimində yanılmadığını, həyata keçirilən siyasətə dəstəyini bu günədək ölkəmizdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməklə ifadə etdi. Heydər Əliyev siyasətinin alternativinin olmadığı beynəlxalq səviyyədə də etiraf edilir.
Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir… Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualını belə cavablandırmışdır ki, hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm: «Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum.»
Yeganə Əliyeva, «İki sahil»