14 oktyabr 2024 23:29
315

Milli kimliyin unudulmasının acı nəticəsi

Əli Kərimli ABŞ-ın Azərbaycana qarşı sanksiya tələbini iki əlli dəstəkləyir

Siyasi fəaliyyətini dövlətinə və xalqına qarşı düşmənçilik üzərində quran AXCP sədri Əli Kərimli hətta ölkəmizə yönəlik ən sərt və antimilli mövqe sərgiləməkdən çəkinmir. 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-Müsavat hakimiyyətində təmsil olunmuş, hakimiyyəti itirdikdən sonra isə dağıdıcı müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə  antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməkdədirlər.

Əli Kərimlinin mənsub olduğu düşərgəni belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Son 20 ildə o, xarici fondlardan verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir. Məhz belə bir liderciyin  bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə  qısqanclıqla yanaşması bu antimilli ünsürün  sosial şəbəkələrdəki statuslarında da aydın görünür.

AXCP sədrinin əsas məqsədi ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq tədbir- COP29 öncəsi anti-Azərbaycan qüvvələrinin planlarına yardım etməkdir. Belə ki, o,  Azərbaycan əleyhinə çıxışlar edən və ölkəmizə qarşı sanksiyalar təbiq etməyə çağıran ABŞ konqresmenlərinə öz ideoloji dəstəyini əsirgəmir. Məlumdur ki, ABŞ konqresmenləri Azərbaycanın Qarabağdakı separatçı xuntanı birdəfəlik ləğv edərək özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə hələ də barışa bilmir.  Hətta onlar Qarabağı könüllü tərk edən ermənilərin qaytmasını istəyirlər. Azərbaycanın Ermənistanla sülh sazişini imzalamasına mane olan ABŞ rəsmiləri ölkəmizin bu istiqamətdəki üstün mövqelərini qəbul edə bilmirlər. Məhz bu səbəbdən də Azərbaycan qarşı sankisiyaları gündəmə gətirirlər. Ən dəhşətlisi isə odur ki, son 30  ildə erməni işğalına nəinki göz yuman, hətta bu işğala haqq qazandıran konqresmenlərlə Əli Kərimlinin mövqeləri bir çox hallarda üst-üstə düşür, O, konqresmenlərin sanksiya çağırışılarını nəzərdə tutaraq yazır: «İndiyə qədər deyirdik ki, dünya səsimizə səs versin. İndi elə vəziyyət yaranıb ki, gərək biz də xalqımız üçün səsini ucaldan dünyanın səsinə səs verək.»

Budur fakt ortadadır- Əli Kərimli hətta  milli kimliyini o səviyyədə unudub ki,  ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməsini dəstəkləyir. Çünki  İkinci Qarabağ  müharibəsindəki tarixi Qələbəmizi və Qarabağdakı separatçı- terrorçu xuntanın özünü buraxaraq mövcudluğuna son verməsini məğlub ermənilər nə qədər həzm edə bilmirlərsə, Əli Kərimli və ətrafı da eyni  səviyyədə  qəbul etmir. 

AXCP sədrinə görə, guya Azərbaycan hakimiyyətinin yürütdüyü  xarici siyasət yanlışdır. Onun gülünc iddialarından da biri odur ki, ölkəmiz  Qərbə istiqamət götürməli və  yalnız Qərb ölkələri və təşkilatları ilə əməkdaşlıq etməlidir. Başqa sözlə ifadə etsək, ölkəmiz Rusiya ilə əlaqələrə xitam verib, Qərbi seçməlidir. Belə bir rəzil siyasəti vaxtilə Əli Kərimlinin də təmsil olunduğu AXC-Müsavat  hakimiyyəti edib. Gürcüstan və Ukrayna da bu siyasəti həyata keçirdi. Bu siyasi xətt hər üç ölkənin öz ərazilərinin  itirməsi ilə nəticələndi. Bu başabəla siyasətbazın təmsil olunduğu AXC-Müsavat hakimiyyəti Rusiyanı özünə düşmən etdi və Qarabağ torpaqları erməni separatçıları tərəfindən işğal edildi. Onların buraxdıqları səhvi məhz Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandanımız İlham Əliyev aradan qaldırdı. Nəticədə balanslaşdırılmış siyasət Azərbaycana geosiyasi nüfuz qazandırdı. Təbii ki,  AXCP sədrinin bu antimilli mövqeyi bir daha göstərir ki, o, anti-Azərbaycan dairələrin marağını məharətlə qoruyur.

Əli Kərimliyə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə tikinti-quruculuq işlərini ona görə öz büdcəsi hesabına həyata keçirir ki, Rusiyanın yanında olduğu üçün heç bir Qərb dövləti, maliyyə fondu bizə dəstək olmur. Eyni zamanda, guya Azərbaycan hakimiyyəti Əli Kərimli kimi antimilli qüvvələrin partiyalarını dəstəkləmədiyi üçün Qərb Azərbaycana, Qarabağa investisiya yatırmır. Nə qədər xain, qərəzli, xəstə yanaşmadır bu! Dünyanın ən böyük şirkətləri Azərbaycanın TANAP, TAP, BTC kimi layihələrinə dəstək olub. 2023-cü ilin oktyabrında  Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirildi. Azərbaycan paytaxtı ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi etdi. İlk dəfə 1973-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresi təşkil edilmişdi.Yəni, doğrudanmı, Əli Kərimli inkişaf etmiş xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana bu qədər önəm verdiyinin fərqində deyil?

Elçin Zaman, «İki sahil»