14 oktyabr 2024 16:58
536

Füzuliyə qayıdış sürətlə davam edir

44 günlük Vətən müharibəsinin ən parlaq səhifələrindən biri şübhəsiz ki, Füzuli şəhərinin düşməndən azad edilməsi idi. Düşmən 30 ilə yaxın müddətdə Füzuli şəhərinin ətrafında çoxsaylı istehkamlar qurmuşdu. Azərbaycan Ordusunun əks-hücum əməliyyatının başlandığı ilk günlərdə təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması silahlı qüvvələrimizə strateji üstünlüklər qazandırmışdı. Əlavə etmək yerinə düşər ki, Füzuli azad edilmiş ərazilər arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən öz silahlarını atıb qaçmağa məcbur edildi. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Hal-hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzulinin bərpası istiqamətində çox böyük işlər görülür. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra cəmi 8 ay ərzində müasir standartlara cavab verən Füzuli beynəlxalq hava limanı inşa edilmişdir. Dünya praktikasında bəlkə də ilk belə haldır ki, tamamilə minalanmış ərazidə qısa zaman ərzində belə bir hava limanı tikilmişdir. 16 noyabr 2022-ci il tarixində Cənab İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramını təsdiq etmişdir. Dövlət Proqramında “Böyük Qayıdışın” ən vacib aspektləri öz əksini tapmışdır. Füzuli rayonunun bərpası, burada dayanıqlı inkişafın təmin edilməsi və keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı Dövlət Proqramında yer almış əsas müddəalardandır. Artıq yüzlərlə keçmiş məcburi köçkün ailəsi Füzuli şəhərində abad evlərdə məskunlaşdırılmışdır və bu proses sürətlə davam etdirilməkdədir.

Ölkə başçımız Cənab İlham Əliyev davamlı olaraq işğaldan azad edilmiş bölgələırimizə səfərlər edir və görülən bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur. Qarabağa və Şərqi Zəngəzura qayıdış planının ən vacib istiqamətlərindən biri Füzuli şəhərinə qayıdışdan keçir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 2023-2024-cü illər ərzində dəfələrlə Füzuli şəhərinə səfərləri reallaşıb. Dövlət başçımız 08.11.2023-cü il tarixli səfərində Qarğabazar kəndinin təməlqoyma, 12.03.2024-cü il tarixli səfərində isə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanışlıq mərasimlərində iştirak etmişdir. Ötən dövr ərzində Cənab İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə birgə Füzuli rayonuna səfərlər etmişdir.

Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda yaşayış məntəqələrimizin, iqtisadi infrasturukturun bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün dövlət büdcəsindən bu işlərə kifayət qədər vəsait ayrılmışdır. Biz Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi, xalqımızın şücaəti ilə Qarabağa və Şərqi Zəngəzura qayıdırıq və o diyarlarda xalqımız əbədi yaşayacaq.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi