İkinci Qarabağ müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-i tarixə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Müzəffər Ali Baş Komandanımızın 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
İkinci Qarabağ müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Ordumuzun uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri işğaldan azad olundu.
Bu şəhərin azad olunmasının əməliyyat planın özünəməxsusluğu olub. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil olub. Qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı - qaçmaq. Belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.
27 il işğalda qalan Füzuli rayonunun hər il işğal günü insanlarımıza əzab verirdi. Çox şükürlər olsun ki, artıq 4 ildir ki, Füzuli öz sahiblərinə qovuşub. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: «Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!»
Dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəldilər. Prezident İlham Əliyev Füzuli şəhərində üçrəngli Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Müzəffər Ali Baş Komandanımız Füzuli şəhərində üçrəngli bayrağımızı ucaldanda dedi: « Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta «qəhrəman» ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik.Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur.»
Füzulinin işğaldan azad olunmasından sonra artıq burada sürətli tikinti-quruculuq işləri aparılır. Yeni və müasir Füzuli şəhəri salınır. Artıq minlərlə füzulili Böyük Qayıdış proqramına uyğun olaraq öz doğma yurdlarına qayıdıblar. Bu, isə o deməkdir ki, dövlətimiz təkcə hərbi sahədə deyil, həm də iqtisadi sahədə də güclü və qüdrətlidir.
2023-cü ilin oktyabrın 17-də Prezident İlham Əliyev yenidən tikilən Füzuli şəhərinə köçmüş Füzulililər qarşısında çıxış edərək bildirmişdi ki, biz burada ən müasir şəhərsalma işləri həyata keçiririk.Ona görə də kKeçmiş məcburi köçkünlər öz doğma şəhərlərinədə firavan yaşayacaqlar.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri