14 oktyabr 2024 14:23
340

Regional əməkdaşlıq milli maraqlar kontekstində...

Azərbaycan Respublikası mühüm siyasi platformaya çevrilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclaslarında fəal şəkildə iştirak edərək dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə böyük töhfə verir. Prezident İlham Əliyevin oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və verdiyi mühüm mesajlar bu baxımdan yeni siyasi reallıqlar fonunda bir sıra məqamlara da aydınlıq gətirilməsi ilə yadda qaldı.

İlk növbədə, tədbirin ev sahibi Rusiya Federasiyası ilə münasibətlərimizin bütün sahələrində artan dinamikasına nəzər salındı və yeni siyasi-iqtisadi keyfiyyət dəyişikliklərinin müşayiət olunduğu xatırlandı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Rusiya Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri münasibətlərin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Rusiya dövlət başçısının cari ilin avqust ayında ölkəmizə səfəri çərçivəsində imzalanmış yeni sazişlər əməkdaşlığın daha da inkişafı üçün əlavə imkanlar yaratmaqla yaxın qonşuluq və dostluğun xarakterini bariz şəkildə əks etdirməkdədir. İki ölkə arasında iqtisadi əlaqələrin ritmi hər il yüksəlir və 2024-cü ilin yanvar-avqust aylarında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 3 milyard dollara çatıb. Hazırda Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında 3-cü yerdə dayanır.

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaratdığı əlverişli və fayda verməyə yönəlmiş addımları Rusiya və digər MDB ölkələri ilə münasibətlərdə yeni keyfiyyət dəyişikliklərinə səbəb olub. Şimal-Cənub nəqliyyat dəhlizinin yeni potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət isə birbaşa rifah və iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Həmin nəqliyyat arteriyasının bir hissəsinə çevrilə biləcək Zəngəzur dəhlizi isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, eləcə də qardaş Türkiyə və türk dünyası üçün də yeni imkanlar aça bilər. Bu kontekstdə adıçəkilən layihələrin uğurla həyata keçirilməsi digər MDB ölkələri üçün də əlavə stimullar deməkdir.

Son dövrlərdə MDB ölkələri ilə Azərbaycanın əlaqələrinin məzmununu xeyli zənginləşib, əmtəə dövriyyələrinin həcmi və strukturu daha da genişlənib. Həmçinin birlik ölkələri ilə humanitar-mədəni əməkdaşlıq da keyfiyyətcə yeni səciyyə qazanmışdır. Bu humanitar platformanın qürurverici tablosu isə MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Şərqi Zəngəzur iqtisadi rayonun və eləcə də regionun trans-kommunikası mərkəzlərindən biri olan Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsidir. Bu qərarın verilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqında böyük fərəh və qürur hissi doğurdu.

Azərbaycan tolerant, multikultural, bəşəri humanizm və xeyirxahlıq ənənələrinin daşıyıcısıdır. Humanitar missiyası ilə bölgədə dərin dostluq təməlləri qurub. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi bu baxımdan Azərbaycana olan səmimi dostluq münasibətinin nümunəsi, etimadın göstəricisidir. Uzun illər ermənilərin silah, qaçaqmalçılıq, qanunsuz miqrasiya və narkotik vasitələrin dəhlizinə çevirdiyi Laçın indi sülh, rifah, MDB məkanında dostluq və humanizmin simvoluna çevrilmək üzrədir.

Həmçinin, III MDB Oyunlarının 2025-ci ildə ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə keçirilməsi Azərbaycanın idman ölkəsi kimi nüfuzunun göstəricisi, idman ictimaiyyətində qazandığı etibarın ifadəsidir. Bu tədbir Gəncənin timsalında regionlarımızda idman hərəkatının inkişafının da irəliləməsində, eləcə də təşviqində də əhəmiyyətli rol oynayacaq.

MDB Dövlət Başçıları Şurasının iclasında diqqət çəkən məqamlardan biri də II dünya müharibəsində qazanılmış qələbənin 80 illik yubileyi ilə bağlı müraciətin qəbul edilməsidir. Azərbaycanın bu müharibədə önəmi hədsiz dərəcədə böyükdür, ümumi qələbənin qazanılmasına həm sanballı töhfələr, həm də böyük sayda qurban verib. Belə ki, Azərbaycan əhalisinin 20.6 faizi (700 min) müharibədə iştirak edib, 350 mini həlak olub, eyni zamanda, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədə neft və neft məhsullarının 80, hərbi texnika üçün yanacağın 96 faizini təchiz edən Azərbaycan qələbənin əldə edilməsində qəhrəman respublikalardan biri kimi xatırlanır.

Beləliklə, MDB Dövlət Başçıları Şurasının iclası bir daha Azərbaycanın dostluq və mehriban qonşuluq münasibətlərinə sadiqliyini, dövlətlərarası və millətlərarası həmrəyliyə, etimada əməkdaşlığa töhfə verən nüfuzlu ölkə olmasını nümayiş etdirdi.

Ramid Namazov,
​Milli Məclisin deputatı