18 dekabr 2017 14:26
1436

Həyata keçirilən islahatlar vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradır

Müsahibimiz Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlıdır

- Aydın müəllim, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Azərbaycanda aparılan sorğunun nəticələrini necə şərh edərdiniz?

- Öncə qeyd edim ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı  2008-ci ildən etibarən tətbiq olunmağa başlayıb. Bu, əsas etibarilə 6 ölkəni - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusu əhatə edir. Əsas məqsəd Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə demokratik islahatların aparılmasıdır.  Ölkəmizdə keçirilən sorğunun  nəticələri son illər həyata keçirilən sosial-iqtisadi, hüquqi islahatların məntiqi davamıdır.  Ümumilikdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”  proqramının tapşırığı ilə həyata keçirilən bu layihə Azərbaycan əhalisinin hakimiyyətə inamının göstəricisi kimi nəticələndi.

 Ümumiyyətlə, hər hansı dövlətin demokratiklik əmsalı həmin dövlətin öz xalqına sadiqliyi, cəmiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi və sosial-iqtisadi inkişafı ilə əlaqələndirilir. Qeyd etmək istərdim ki, Azərbaycan məhz demokratik, hüquqi dövlət quruculuğu  yolunu tutmuş bir dövlətdir və daim  vətəndaşlarının istər hüquqlarının müdafiəsi, istərsə də sosial güzəranının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında  ölkədə davamlı iqtisadi islahatlar həyata keçirilməkdədir. Ölkə başçısı hər zaman vurğulayır ki, demokratik islahatlar aparılmayan bir yerdə  hər hansı iqtisadi irəliləyişdən, tərəqqidən və yaxud dünya dövlətləri arasında hər hansı bir yüksək mövqe tutmaq kimi amillərdən söhbət gedə bilməz. Bu baxımdan ölkə Prezidenti hər zaman qeyd etmişdir ki, bu iki məsələ  birgə aparılmalıdır. Bu gün Azərbaycan dövlətinin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyamıza fikir versək görərik ki, dövlətin  əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi və onların layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bununla dövlət həm iqtisadi baxımdan ölkə vətəndaşlarının güzəranının yaxşılaşdırılmasını, həm də hüquqi baxımdan  onların hüquq və azadlıqlarının təmin edilməsini  bir məqsəd olaraq qarşıya qoyub. Son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlar ölkə əhalisini məhz bu sahələrdə hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradıb ki, bu gün də respondentlərin böyük  əksəriyyəti Azərbaycan hökumətinə və Prezidentinə inamlarını ifadə ediblər.

- Cənab Prezident daim çıxışlarında qeyd edir ki, əhalinin sosial rifah halının yaxşılaşdırılması  prioritet məsələlərdən biridir. Sorğunun nəticəsinə görə, əhalinin  80 faizindən çoxu gələcəyə böyük bir ümidlə və inamla baxır...

- Azərbaycan bu gün regional  deyil,  qlobal səviyyəli  layihələrin iştirakçısı və bir növ memarıdır. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə dövlətin iqtisadi gücünü artıracaq üç mühüm layihə həyata keçirildi. Bunlar Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və bu ilin oktyabrın 30-da açılışını təntənəli şəkildə qeyd etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu layihələrin həyata keçirilməsi məhz ölkənin iqtisadi gücünün artmasıdır. Və son nəticədə Azərbaycanda yaşayan əhalinin iqtisadi güzəranının artmasına, onların sosial-iqtisadi hüquqlarının daha səmərəli müdafiəsinə yönəlmiş bir layihədir. Təbii ki, ölkə vətəndaşları da  bunları görür, gündəlik həyatlarında hiss edirlər. Gəlcəkdə də bu kimi layihələrin bəhrəsini öz həyatlarında görəcəklər. Bundan əlavə, xüsusi olaraq vurğulamaq istərdim ki, ölkə başçımız daim vurğulayır ki, Azərbaycanın dövlət qulluqçuları xalqın xidmətçisi olmalıdırlar. Bu istiqamətdə də konkret olaraq islahatlar həyata keçirilir. Bu gün korrupsiyanın aradan qaldırılması istiqamətində  istər hüquqi, istərsə də sosial islahatlar həyata keçirilir. Bu gün Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” bir çox ölkələrdə artıq müsbət təcrübə kimi qiymətləndirilərək  öyrənilməsi üçün cəhdlər edilir. Azərbaycan  vətəndaşları  bu reallıqların iştirakçıları və müşahidəçiləridir.

-Beynəlxalq  təşkilatların mütəmadi olaraq ölkəmizlə bağlı sorğular keçirməsi hansı məqsəddən irəli gəlir?

-Təəssüf ki, indiyədək Azərbaycanla bağlı keçirilən sorğuların əksəriyyəti  siyasi maraqlara xidmət edən, Azərbaycanın dövlət olaraq müstəqil siyasət yürütməsini istəməyən ölkələrin sifarişi ilə aparılan  sorğular olub. Ümumiyyətlə, biz hər zaman inkişafa xidmət edən tənqidə açığıq. Azərbaycan  beynəlxalq təşkilatların maraqlarımıza uyğun  tövsiyələrini daim həyata keçirir. Amma bu tövsiyələrin həyata keçirilməsi beynəlxalq təşkilatlar qarşısında yaxşı olmaq anlamına gəlmir. Bu gün bütün beynəlxalq təşkilatları dəvət edirik ki, Azərbaycanda sorğu aparanda məhz ədalət prinsipinə söykənsinlər, reallığı əks etdirsinlər. Hər hansı bir siyasi maraqlara xidmət edən  çirkin   qüvvələrdən alınmış məlumat əsasında dövlət barəsində fikir yürütmək düzgün deyil. Bu son nəticədə beynəlxalq təşkilatın nüfuzunun aşağı düşməsinə səbəb olur. Amma bu sonuncu sorğunun aparılması onu göstərdi ki, Azərbaycan vətəndaşı hər zaman olduğu kimi öz hökumətinə və Prezidentinə inanır. Ən maraqlısı isə öz gələcəklərinə inamla baxırlar. Hesab edirəm ki, bu sorğu digər Qərb dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına bir mesajdır. Ədalətli sorğu məhz bu cür aparılmalıdır.

- Aydın müəllim, biz ikili standartlarla tez-tez üzləşən bir dövlətik. Bütün bu reallıqların fonunda Yeni ilə qədəm qoyacağıq. Ümumiyyətlə, 2017-ci ili siyasi baxımdan necə qiymətləndirirsiniz?

- Azərbaycan daim müəyyən siyasi kurs istiqamətində sürətlə və müstəqil şəkildə irəliləyib. Təbii ki, bu müstəqil irəliləyişin qarşısını  almağa çalışan, bir növ gözü götürməyən qüvvələr həmişə var və olacaqdır. Amma bütün bunlara baxmayaraq ötən dövrləri analiz edəndə görürük ki, Azərbaycan regionda qlobal səviyyədə əhəmiyyət kəsb edən layihələrə imza atıb və bu layihələrin bilavasitə icraçısıdır. Ümumiyyətlə, rəyi soruşulan hər bir Azərbaycan vətəndaşı kimi, mən də gələcəyə çox nikbin baxıram. İnanıram ki, gələcəkdə də hər hansı   sahədə təzyiqlər, təhdidlər olmasına baxmayaraq, Azərbaycan sürətlə inkişaf edəcək və qarşısına qoyduğu bütün məqsədlərə çatacaqdır.

- Ombudsman Aparatının 2018-ci ildə  hədəfləri nədən ibarətdir?

-Qeyd etmək istərdim ki, bu gün Azərbaycanın müstəqillik tarixində insan hüquqları sahəsində üç mühüm strateji sənəd qəbul olunub. Azərbaycan Ombudsmanı məhz bu strateji sənədlərdə təsbit olunmuş hüquq və azadlıqların daha səmərəli müdafiəsi istiqamətində gələcəkdə də öz fəaliyyətini həyata keçirəcək. Bu gün Azərbaycan Ombudsmanının üzərinə düşən vəzifələrdən biri ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha səmərəli müdafiəsidir ki, 2018-ci ildə də bu sahədə həyata keçirdiyimiz çoxsahəli fəaliyyəti davam etdirəcəyik. Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq. Eyni zamanda, məlum olduğu kimi, gələn il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 70 ili tamam olur. Bununla bağlı  tədbirimiz olacaq.  Eyni zamanda, bildiyiniz kimi, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənən  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq üzərimizə  müəyyən vəzifələr düşür ki,  bu istiqamətdə də fəaliyyətimizi davam etdirəcəyik. Ermənistanın həyata keçirdiyi soyqırımlarının öz hüquqi qiymətini alması, soydaşlarımızın pozulmuş hüquq və azadlıqlarının bərpası məsələsi də Ombudsmanın prioritet vəzifələri sırasındadır.

Şəmsiyyə Əliqızı, “İkisahil”